Məhkəmə qərarları › İş №2-1(118)-714/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-714/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-714/2021 12.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı “İddiaçı, ailə üzvləri, həyat yoldaşı X5, qızı X6 və oğlu X1, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli dövlət reyestrdən çıxarışa əsasən Abşeron rayon, Saray qəsəbəsi, Rza Təhmasib küçəsində xüsusi mülkiyyətlərində olan 0.04 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə daimi pasport qeydiyyatına götürmək vəzifəsinin cavabdeh Abşeron rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı-İddiaçı, ailə üzvləri, həyat yoldaşı X5, qızı X6 və oğlu X1, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli dövlət reyestrdən çıxarışa əsasən Abşeron rayon, Saray qəsəbəsi, Rza Təhmasib küçəsində xüsusi mülkiyyətlərində olan 0.04 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə daimi pasport qeydiyyatına götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin xx.xx.2020-ci il tarixli, 128- 430250 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, Abşeron rayon Polis İdarəsinə xx.xx.2020-ci il tarixində müraiət edərək, iddiaçı və ailə üzvləri,həyat yoldaşı X7, qızı X6 və oğlu X1, ********** qeydiyyat nömrəli,xx.xx.2013-cü il qeydiyyat tarixli dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayon, Saray qəsəbəsi, Rza Təhmasib küçəsində xüsusi mülkiyyətlərində olan 0,04 ha torpaq sahəsində inşa etdiyi və 2013-ci ildən fasiləsiz yaşadığı həmin fərdi yaşayış evinə daimi pasport qeydiyyatına almağını xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli ********* nömrəli məktubu ilə xahişimə imtina cavabı bildirmişdir. Həmin imtina məktubunu cavabdeh təşkilatdan xx.xx.2021-ci il tarixində almışdır. Cavabdeh imtinasında Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cu il tarixli 550 saylı əmrinin 2-ci maddəsinin “a” bəndinə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, “g” bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, “g” bəndinə əsasən şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməli olmasına istinad edərək əsaslandırıb, həmin sənədlər təqdim olunmadığı halda qeydiyyata alınmamız mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdeh orqanın imtinası ilə razı deyil, qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsi, indiki Rza Təhmasib küşəsi ilə 35 saylı evdən sonra yuxarı düz qalxdıqda dörd yol kəsişməsində sağa dönərək düz istiqamətdə 100 metr məsafədə yerləşən özbaşına tikilidə 2013-cü ildən fasiləsiz 7 il ərzində yaşayırlar. Bu illər ərzində bütün kommunal xərcləri, torpaq vergisini vaxtı-vaxtında ödəyirlər. Ev iki mərtəbədən, 5 otaqdan və yardımçı tikililərdən ibarətdir. Evi 2013-cü ildə tikdikləri vaxtdan ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdırlar. Hazırda həmin evdə yaşayırlar, evin cari təmir işlərini aparırlar, kommunal xərcləri ödəyirlər. AR-sı Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri hesab edilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında AR Qanunun 1-ci maddəsinə əsasən AR vətəndaşları...Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqmda» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında)) Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasma dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Vətəndaşın qeydiyyata alınmasından ötrü Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cu il tarixli 550 saylı əmrin 2-ci maddəsinin “a” bəndinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestirindən çıxarış, “g” bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, “g” bəndinə əsasən şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi, şəxsiyyəti təsdiq edən sənəd və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyata alına bilər. Cavabdeh məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, inzibati orqanın İddiaçı, ailə üzvləri- X2, X3 və X1, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli dövlət reyestrdən çıxarışa əsasən Abşeron rayon, Saray qəsəbəsi, Rza Təhmasib küçəsində xüsusi mülkiyyətlərində olan 0.04 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə daimi pasport qeydiyyatına götürülməsindən imtinası əsaslı olmuşdur. İnzibati orqanın imtinasında qeyd olunur ki, Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cu il tarixli 550 saylı əmrinin 2-ci maddəsinin “a” bəndinə əsasən, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, “g” bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, “g” bəndinə əsasən şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir, həmin sənədlər təqdim olunmadığı halda iddiaçı və ailə üzvlərinin qeydiyyata alınmaları mümkün deyildir. Göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatda alınması şərtlərini konkret olaraq müəyyən etmişdir. İddiaçı isə bu şərtlərdən hər hansı birinin mövcud olması ilə bağlı inzibati orqana hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də cavabdehin imtinası əsaslı olmuşdur. Bundan əlavə ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli dövlət reyestrdən çıxarışdan görsənir ki, iddiaçının 0.04 ha torpaq sahəsində inşa etdiyi daimi pasport qeydiyyatına götürülməsini istədiyi özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 3-cü bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar