Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7146/2024 26.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "xx.xx.2022-ci il ildən əlillik təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2022-ci il ildən əlillik təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1972-ci ildə anadan olmuşdur. Birinci Qarabağ müharibəsi veteranıdır. Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Qarabağ müharibəsi zamanı xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Beyləqan rayonu, Təzəkənd kənd xəstəxanasında müayinə və müalicə almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 290 saylı qərarı ilə "Başın açıq qəlpə yarası, Kontuziya” diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmiş və ordudan tərxis olunmuşdur. Adıçəkilən qərarla təsdiq edilmişdir ki, aldığı xəsarət "Hərbi travma olub, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.". Aldığı kəllə-beyin travması ilə əlaqədar olaraq ambulator və stasionar müalicə almışdır. Xəstəliyinin əsas diaqnozu kəllədaxili travma, postravmatik enselalopatiya, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Qeyd edilən xəstəliklə əlaqədar iddiaçıya xx.xx.2017-ci ildə təyin olunmuş əlillik dərəcəsi xx.xx.2022-ci ildə dayandırılmış və əlilliyin qiymətlənməsi zamanı iddiaçıya əlillik təyinindən imtina olunmuşdur. xx.xx.2024-cü ildə əlilliyin təyinindən təkrarən imtina edilmişdir. Cavabdehin imtinasına səbəb kimi təyin olunmuş diaqnozun əlillik əlamətini təyin etməməsi göstərilmişdir. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, xx.xx.1994-cü ildə hərbi əməliyyatlar zamanı xəsarət almış, "Başın açıq qəlpə yarası. Kontuziya" diaqnozu ilə orduda xəsarət almışdır. Aldığı qəlpə yarasına görə ona xx.xx.2022-ci ilə qədər 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Həmin xəstəlik hal-hazırda da davam edir. Aldığı qəlpə yarası səbəbindən əmək qabiliyyətini itirmişdir. Başında daima ağrılar olur. Əsas xəstəlikdən savayı yanakı xəstəliklərdən - Dəmir defisitli anemiya, xroniki dəmir defisitli anemiya, miopiya, OS-zəif dərəcəli miopiya, xroniki xolisistet daşıyıcısıdır. İddiaçı hesab edir ki, xx.xx.2022-ci ildən iddiaçıya əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1972ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli C00046275DXR nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS:3-17-4/3-1-7528/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 290 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın açıq qəlpə yarası. Kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Qeyd edir ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, başağrılarından şikayətlənmişdir. Müayinə zamanı sol budun yuxarı orta 1/3-nin yan səthində ~ 25-30 sm ölçüdə keçirilmiş əməliyyata müvafiq yumşaq toxuma çapığı, sol təpə nahiyəsində çapıq toxuma izlənilmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda atrofiya, parez, iflic izlənilməmiş, əzələ gücü və tonus normal, hərəkətlər tam həcmdə olmuşdur. Təqdim olunmuş müayinə sənədlərində əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkarlanmamışdır.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrıdan, əsəbilikdən, başağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə kəllə-beyin travması aldığını bildirmiş, özünü anlaqsız şəxs kimi göstərməyə çalışmışdır. Müayinə zamanı başın sol təpə nahiyəsində, sol budun yuxarı bayır səthində boylama istiqamətdə təxminən 25-30 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji status: Vətər refleksləri D=S, canlı çağrılmış, parez, atrofiya, atoniya izlənilməmiş, burun-barmaq sınağını düzgün icra etmiş, Romberq vəziyyətində dayanıqlı olmuş, Marinesko-Radoviç simptomları “-“ (mənfi) olmuşdur. Psixi status: Simulyasiv davranış nümayiş etdirmiş, ətraflı müayinə edilmiş, heç bir psixiatrik xəstəlik aşkar olunmamışdır. Bələdliyi bütün istiqamətlərdə qorunmuş, yaddaşı, intellekti yaşına və təhsilinə uyğun, yaddaşı tam olmuşdur. Sol illərə aid bir epikrizdə qeyd olunan diaqnozla xəstənin indiki vəziyyəti, travmanın qeyd olunduğu tarix, tam uyğunsuz olmuş və öz təsdiqini tapmamışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsinin nəticəsi “Norma daxilinda KT müayinəsi” kimi müəyyənləşdirilmişdir. X8 xx.xx.2022-ci il tarixli BERA testinin nəticəsi “İki tərəfli orta agır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd olunmuşdur. X6 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyin qabığının funksional aktivliyinin enməsi, diffuz tipli dəyişiklikləri (1994-cü ildə beyin kontuziyasınıqeyd edir) və paroksizmlərə (sağ yarımkürədə) bir qədər meyilliyi aşkar olunur” kimi qeyd edilmişdir. X6 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Beyin yarımkürəsində, beyincikdə həcmli patologiya aşkar olunmamışdır. Hazırda kəskin dövrə aid patoloji görüntü qeyd edilməmişdir, lakin dərin hər iki beyin yarımkürəsində beyin toxumasının kortikosubkortikal dərin ağ maddəsində əsasən alın-təpə-gicgah payları səviyyəsində FLAİR və T2 hiperintensivli fokal ocaqlı kiçik qlioz sahələri izlənilir. Kortikal sulcus və girusların dərinliyi və genişliyi artmışdır.” kimi qeyd edilmişdir. 2 nömrəli X3 xx.xx.2024- xx.xx.2024cü il tarixli 850/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi) mənşəli şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 3729 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir.” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli, ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin arxa, sol baldır oynağının iç, sağ səthlərində çapıq toxumaları, sol bud sümüyünün barmaqlararsı və barmaqlaraltı nahiyəsinin (metal lövhələrlə osteosintezindən sonrakı vəziyyəti) qeyri-düzgün bitişmiş sınığı, Valqus deformasiyası, sol bud-çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə), sol diz oynağının medial meniskinin (Grade İİİ) zədələnməsi və cızılması, lateral meniskin (Grade İİ) arxa buynuzunun zədələnməsi, oynağın qeyri-stabilliyi, əzələ atrofiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5501 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş başın açıq qəlpə yarası, kontuziyadan sonrakı vəziyyət. Ensefalopatiya, koqnitiv funksiyaların enməsi, yuxusuzluq. Posttravmatik baş ağrısı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit, şəxsiyyət pozuntusu əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən şikayət verilməsi müddətinin ötürülməsini bildirərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın mümkünlüyü
6. İddiaçının ilkin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
10. Hazırki iddia məcburetməyə dair iddiadır. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
11. İddia tələbi iddiaçıya xx.xx.2022-ci il ildən əlillik təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
13. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya keçirilmiş müayinəyə əsasən əlillik əlaməti təyin etməməyi səbəbindən əlillikdən imtina edilmiş və qərar xx.xx.2023-cü il tarixdə SMS bildiriş vasitəsilə göndərilmişdir. xx.xx.2023-cü il tarixdən iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2024-cü ilin noyabr, yəni təxminən bir ildən çox müddət keçdikdən sonra hazırda cavabdeh orqanın mövcud olan qərarını mübahisələndirərək, yenidən müayinənin keçirilməsini xahiş etmişdir.
14. Göründüyü kimi, iddiaçı 1 il 8 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
15. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının sonuncu müraciətinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Diaqnoz əlillik əlaməti təyin etməməməsi səbəbindən imtina cavabı verilmişdir, lakin həmin qərar üzrə də iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəyişdirilərək həmin qərarın mübahisləndirilməsinə ehtiyac olmamışdır.
16. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir.
17. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X7-Abbaszadə