Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-716/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə (üçüncü şəxslər – X4, X3, X6, X7 və X8) qarşı “üçüncü şəxslərin iddiaçıya məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evinə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxslərin iddiaçıya məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evinə olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış iddiaçıya məxsusdur. Həmin evdə iddiaçının ailə üzvlərilə yanaşı köhnə ev sahibləri 11.08.1989-cu il təvəllüdlü X4, 03.10.1977-ci il təvəllüdlü X3, 02.08.1979-cu il təvəllüdlü X6, 10.10.1955-ci il təvəllüdlü X7 və 07.06.1957-ci il təvəllüdlü X8 qeydiyyatda qalmışlar. Onların iddiaçının evində qeydiyyatda qalmaları səbəbindən o, mülkiyyətindən rahat və maneəsiz istifadə edə bilmir. İddiaçı eyni tələblə ilkin olaraq Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalmaları onun fərdi yaşayış evinə istədiyi kimi sahib olmaq və ona dair sərəncam vermək hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək növbəti məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə ünvanlanmış məktubunda iş yükünün çoxluğu ilə əlaqdar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmənin qəbul etdiyi qərarla razılaşdığını bildirmişdir. Üçüncü şəxslərdən X1 məhkəmə iclasında iştirak edərək bildirdi ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evinin köhnə sakinidir. Həmin evi iddiaçıya satmışlar və hazırda başqa yaşayış yerində yaşayırlar. Odur ki, üçüncü şəxs İsgəndər Muxtarov iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: AA seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən iddiaçı hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Həmin arayışla üçüncü şəxslər - 11.08.1989-cu il təvəllüdlü X4, 03.10.1977-ci il təvəllüdlü X3, 02.08.1979cu il təvəllüdlü X6, 10.10.1955-ci il təvəllüdlü X7 və 07.06.1957-ci il təvəllüdlü X5 da həmin yaşayış evində qeydiyyatda olmaları müəyyən edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02.08.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 96,8 kvadrat metr olan fərdi yaşayı evi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 95 nömrəli, 01.12.2021-ci il tarixli məktubuna əsasən həmin nümayəndəliyin 800 saylı arayışında qeyd olunan şəxslər (X4, X3, X6, X7 və X8) Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evində yaşamırlar. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 03.12.2021-ci il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mövcud mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. O, həmin evi alqı-satqı müqaviləsi əsasında üçüncü şəxslərdən almışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra mənzilin keçmiş sakinləri - hazırkı iddia tələbi üzrə üçüncü şəxslər X4, X3, X6, X7 və X8 evi tərk etmələrinə baxmayaraq mübahisəli mənzildə formal olaraq pasport qeydiyyatında qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4, X3, X6, X7 və X5 iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4, X3, X6, X7 və X5 iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə yerləşən 453 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə həvalə olunsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-716/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-716/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver