Məhkəmə qərarları › İş №2-1(118)-7165/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7165/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7165/2025 22.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəylı Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “X4” LTD və X2 adlarının təsisçi siyahısından və reyestr xidmətindən çıxarılması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC səhmdarları barədə məlumat vermə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək “X4” LTD və X2 adlarının təsisçi siyahısından və reyestr xidmətindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, ləğv edilmiş "Azəryeyintisənaye” Dövlət Şirkətinin "xxxx" X1 keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 920 nömrəli Sərəncamı ilə "Xırdalan Texservis ASC yaradılmış və səhmləri xx.xx.2017-ci il tarixində tam özəlləşdirilmişdir. İddiaçı AR-sı Əmlak Məsələləri Dövlət Komitəsi ilə mən 19 may 2017-ci ildə “Səhmdar Cəmiyyətinin Səhmlərinin Alqı-Satqısma dair 901/0l-2017/PA saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə görə iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 1260-cı keçid, 30-cu məhəllə ünvanında yerləşən "Xırdalan Texservis ASC-nin Nizamnamə Kapitalının 30,02%-i təşkil edən 32384 ədəd adlı səhmini hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 32384,00 manata almışdır. Cəmiyyətin Nizamnamə Kapitalı 215728,80 manatdır. 2 saylı Ərazi Vergilər Departamcnti tərəfindən "Xırdalan Texservis” ASC dövlət qeydiyyatına alınmışdır (VÖEN: **********). Həmin Dövlət Reyestrindən çıxarışa görə Cəmiyyətin Təsisçiləri: “X4 LTD”-689016%, İddiaçı Zültuqar oğlu- 30.023% və X3r-1,0754%. Reyestrdən çıxarışa görə qanuni təmsilçi X4r. Çıxarış xx.xx.2018-ci ildə verilib. Yuxanda qeyd edilən kimi iddiaçı "xxxx" ASC-nin təmsilçilərindən biri və 30.023% adi səhminin səhmdarıdır. Cəmiyyətin reyestr saxlayanı Milli Depozit Mərkəzidir. Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli reyestrinə görə (sənəd hazırlanıb xx.xx.2019-cu ildə) Cəmiyyətin yuxarıda qeyd edilən 3 səhmdarı var. MM-nin 106.1-ci maddəsi Səhmdar Cəmiyyətinin səhmdarlarının hüquq va vəzifələrini müəyyən edir. İddiaçı, səhmdarı olduğu Cəmiyyətin fəaliyyəti barədə məlumat əldə edə bilmir. Səhmdar Cəmiyyət hər ildə bir dələ növbəti ümumi yığıncaq keçirməli olduğu halda ümumi yığıncaq keçirmir. Cəmiyyətin nizamnamə kapitalında 68,9016% paya malik olan X4 LTD fəaliyyət göstərmir. Bunu 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu təsdiq edir. İddiaçı bir səhmdar kimi təsisçisi olduğu "Xırdalan Texservis” ASC-nin fəaliyyətində iştirak etmək istəyir. Lakin Cəmiyyət fəaliyyət göstərmədiyinə görə iddiaçı qaunla verilən hüquqlarından istfadə edə bilmir. İddiaçı Cəmiyyətə dair məlumatların alınması üçün AR-ın Milli Depozit Mərkəzinə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi qiymətli kağız mülkiyyətçilərinə dair məlumatın gizli olması və həmin məlumatın sorğu əsasında təqdim edilməli olduğu qeyd edilmişdir. İddiaçı hesab edir ki, "xxxx" ASC səhmdarları barədə məlumat vermə öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır (1-ci bənd). Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci bənd). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır (3.2-ci bənd). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (5.1-ci bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.8-ci maddəsinə əsasən dövlət müəssisələri özəlləşdirilərkən səhmdar cəmiyyətlərinin yaradılması xüsusiyyətləri həmin müəssisələrin özəlləşdirilməsinə dair qanunvericiliklə müəyyənləşdirilir. 98.9-cu maddəsinə əsasən səhmdar cəmiyyətinin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsini (səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradıldıqda), səhmlərin təsisçilər arasında bölüşdürülməsini və nizamnamənin hazırlanmasını (qəbul olunmasını) əhatə edir. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.2-ci maddəsinə əsasən bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən depozitar sistemi qiymətli kağızların sənədsizləşdirilməsi, saxlanılması, uçotu, onlarla təsbit edilmiş hüquqların təsdiqi, öhdəliklərlə yüklənməsi, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, pul hesablarının açılması, həmin hesablar üzrə əməliyyatlar aparılması və pul köçürmələrinin həyata keçirilməsi ilə əlaqədar mərkəzi depozitar və onun üzvləri arasında olan münasibətlər sistemidir. 15.3-cü maddəsinə əsasən mərkəzi depozitar qiymətli kağızlar üzrə depozitar sistemini idarə edir. 16.1-ci maddəsinə əsasən mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir. Mərkəzi depozitar Mərkəzi Bankın təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir. Mərkəzi depozitarın əsas məqsədi mənfəət götürmək deyil və fəaliyyəti nəticəsində əldə edilən mənfəət depozitar sisteminin inkişafına yönəldilir. 17.1-ci maddəsinə əsasən mərkəzi depozitarın vəzifələri aşağıdakılardır: 17.1.1. qiymətli kağızların saxlanması və uçotunun aparılması; 17.1.2. qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması; 17.1.3. qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi; 17.1.4. qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması; 17.1.5. nominal saxlayıcıların hesablarının uçotunun aparılması; 17.1.6. qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı; 17.1.7. öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına bu Qanunun 17-ci maddəsində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi; 17.1.8. müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi. Hazırkı iş üzrə iddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin səhmdarları barədə məlumat vermə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. "xxxx" ASC-nin səhmdarları barədə məlumat iddiaçıya təqdim edildiyindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək “X4” LTD və X2 adlarının təsisçi siyahısından və reyestr xidmətindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan tələblə bağlı cavabdehliyi X2 daşımır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi depozitar sistemini idarə edən mərkəzi depozitar olaraq Mərkəzi Bankın təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir və qiymətli kağızların saxlanması və uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması və sairlə bağlı vəzifələri həyata keçirir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisə kimi korporativ mübahisələrə aiddir. Eyni zamanda hüquq münasibəti xüsusi hüququn nizamasalma predmetinə aiddir. İddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar