Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-717/2020 19.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “11.03.1997-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən aldığı travmanın “Sağ əlin, hər iki baldır nahiyəsinin, səthi qəlpə yaraları” və 21.03.1997-ci ildə yaralanma və travma-diaqnoz: “Çoxsaylı qəlpə yaralanması, hər iki aşağı ətrafın və sağ əlin (12%) termik yanığı travması “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1993-cü ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tabeçiliyində olan müxtəlif saylı hərbi hissələrində zabit kimi xidmət etmişdir. N saylı hərbi hissənin İ motoatıcı taborunda bölük komandiri vəzifəsində xidmət edərkən 11.03.1997-ci ildə hərbi hissənin əsgəri minalanmış zonada minaya düşmüş və həmin yaralı əsgəri minalanmış zonadan uzaqlaşdırarkən düşmənin yerə basdırmış olduğu minaya düşərək bədən travması almışdır. Həmin anda da yanında olan hərbiçi yoldaşları da ağır bədən travması almışdır. Digər döyüşçü yoldaşları tərəfindən minalanmış zonadan çıxarılaraq Füzuli rayonunun ərazisində yerləşən N saylı hərbi hospitalına təxliyyə olunaraq orada 11.03.1997-ci ildən 20.03.1997-ci ilə qədər “Sağ əlin, hər iki baldır nahiyəsinin, səthi qəlpə yaraları” və 21.03.1997-ci ildən 08.04.1997·ci ilə kimi Silahlı Qüwələrin Baş Kliniki Hospitalında müalicə olunduğu yaralanma və travma-diaqnoz: “Çoxsaylı qəlpə yaralanması, hər iki aşağı ətrafın və sağ əlin (12%) termik yanığı diaqnozu ilə müalicədə olunuşdur. Müalicəsi bitdikdən sonra yenidən hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmişdir. Aldığı ağır xəsarətlərlə əlaqədar Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş, həmin şəhadətnamədə ona aldığı travmanın hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmamasının əsas səbəblərindən biri də hərbi hissə tərəfindən travma haqqında arayışın verilməməsi olmuşdur. Həmin vaxt onun hərbi xidməti vəzifələrini yerinə yetirərkən aldığı travma ilə əlaqədar canlı şahidləri də vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı 7.3-cü maddəsinə əsasən Hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandir, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Maddə 7.4. Hərbi xidmət (hərbi toplanış) orqanlarda xidmət keçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və ya daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə biryerdə hərbi xidmət (hərbi toplanış) orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissiyları tərəfindən təsdiq olunur. 08.11.2019–cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası onu şəhadətləndirərkən “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” qərarı verilmişdir. Lakin iddiaçı bu qərarla razı deyil, belə ki, həmin vaxtı 11.03.1997-ci ildə aldığı travmanın xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır kimi səbəb–əlaqəsinin müəyyən edilməsini xahiş etmişdir. Hərbi hissə tərəfindən travma haqqında arayışın olmaması ucbatından onun xidməti vəzifələrini yerinə yetirdiyi zaman aldığı travmanın səbəb-əlaqəsi düzgün müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Naxçıvan MR Culfa RHK tərəfindən 1993–cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, 11.03.1997-ci ildən 20.03.1997-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu "Sağ əlin hər iki baldır nahiyyəsinin səthi qəlpə yaraları" və 21.03.1997-ci ildən 08.04.1997-ci ilə kimi SQ Baş Klinik Hospitalında “Çoxsaylı qəlpə yaralanması, hər iki aşağı ətrafın və sağ əlin (12%) termiki yanığı" diaqnozlu yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi–həkim ekspertizası haqqında Əsasnamənin» 7.2 bəndinin ç) yarımbəndinə əsasən, 08.11.2019-cu il tarixdə “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALlNMİŞDİR” kimi düzgün təyin edilmişdir. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş ““Hərbi–həkim ekspertizası haqqında Əsasnamə"nin 7.3. bəndinin tələblərinə əsasən hərbi–həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin İddiaçı xidmət etdiyi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən vətəndaş S.Hüseynovun xəsarətinin hərbi xidmətlə_səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi təyin edilməsi mümkün deyildir. 2. Vətəndaş İddiaçı_təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin tələblərinə ziddir. 3. Vətəndaş İddiaçı təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK–sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Hesab edilir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası SHXÇDX Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli məktub, Mərkəzi Hərbi Həkim Komissiyasının etiraz ərizəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 08 noyabr 2019-cu il tarixli, 914 saylı Qərarın notarial qaydada təsdiqlənmiş surəti, EZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini müdafiə edərkən almışsa, Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır” qərarı çıxarır. Həmin Əsasnamənin 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı çıxarır. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən Hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xədmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı müxtəlif illərdə önxətdə yerləşən, döyüş tapşırığını yerinə yetirən və müdafiənin dayanıqlığını təmin edən İ motaatıcı taborunda bölük komandiri vəzifəsində xidmət etmişdir. İddiaçı 11 mart 1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən taborun ərazisində əsgərini düşmən tərəfindən minalanmış sahədən xilas edərkən, həmin ərazidə mina partlamış və nəticəsində travma almışdır. İddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi qeyd edilməklə 08 avqust 2019-cu il tarixli, 914 saylı MN MHK tərəfindən qərar verilmişdir. İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi ilə bağlı cavabdehə (SHXÇDX Sumqayıt şəhər İdarəsinin sorğusu əsasında) müraciət etmiş, lakin cavabdeh imtina məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nəşr etdiyi “Azərbaycan dilinin izahlı lüğəti”nin 1-ci cildindən göründüyü kimi “cəbhə” sözü düşmənlə üzüzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt kimi izah edilmişdir. Hazırda Azərbaycan Respublikasının, Ermənistan Respublikası ilə müharibə şəraitində olmasını nəzərə aldıqda iddiaçının xidmət etmiş olduğu N nömrəli hərbi hissənin taboru Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ordu hissələrinin yerləşdiyi xətdə, yəni cəbhədə yerləşir. Belə olan halda iddiaçı travmanı həmin taborda, yəni cəbhədə olduğu dövrdə xidməti vəzifələrini yerinə yetirərkən almışdır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh, iddiaçını şəhadətləndirərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2-ci bəndinin “a” yarımbəndinə istinadən xəsarətin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı çıxarmalı idi. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının xəsarətinin səbəb əlaqəsi haqqında düzgün qərar çıxarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinln 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının 11.03.1997-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən aldığı travmanın “Sağ əlin, hər iki baldır nahiyəsinin, səthi qəlpə yaraları” və 21.03.1997-ci ildə yaralanma və travma-diaqnoz: “Çoxsaylı qəlpə yaralanması, hər iki aşağı ətrafın və sağ əlin (12%) termik yanığı travması hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə İddia təmin edilsin. İddiaçı 11.03.1997-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən aldığı travmanın “Sağ əlin, hər iki baldır nahiyəsinin, səthi qəlpə yaraları” və 21.03.1997–ci ildə yaralanma və travma-diaqnoz: “Çoxsaylı qəlpə yaralanması, hər iki aşağı ətrafın və sağ əlin (12%) termik yanığı travması hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-717/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-717/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver