Məhkəmə qərarları › İş №2-1(118)-717/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-717/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-717/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Abşeron rayon XDS İH-nin xx xxxxxxx 1991-ci il tarixli qərarı əsasında Xırdalan südçülük-tərəvəzçilik sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli, 114 saylı əmrlə iddiaçıya ayrılmış Xırdalan şəhərində yerləşən 0,10 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nin xx xxxxxxx 1991ci il tarixli 213 saylı qərarına və Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli 114 saylı əmrə əsasən fərdi ev tikdirmək üçün ona 10 sot torpaq sahəsi ayrılmışdır. xx xxxxxxxx 2020-ci il tarixində qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDRX-in 4 saylı Abşeron ərazi idarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etmişdir: (Abşeron südçülük tərəvəzçili sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli 114 saylı əmr və həmin sənədin arxiv çixarışı; şəxsiyyət vəsiqəsinin sürəti; Abşeron rayon İcra Hakimiyyəti və Xırdalan Bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış) xx xxxxxx 2020-ci il tarixində 4 saylı Abşeron ərazi idarəsindən ona xx xxxxxx 2020-ci il tarixdə imzalanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixində o bir daha yuxarıda qeyd etdiyi sənədləri təqdim edərək Abşeron Ərazi idarəsinə müraciət etmiş, ona son icra tarixi xx xxxxxx 2020-ci il tarixi qeyd edilmiş təsdiqetmə bildirişi verilmiş, lakin bir aydan artıq vaxt keçdikdən sonra, nəticə olmadığından, məcburiyyət qarşısında qalaraq yenidən ərazi idarəsinə gəlmişdir. Ona bildirilmiş ki, hələ icra edilməyib və 1-ci imtinada göstərilən hal aradan qaldırdmadığından bir daha imtina olunacaq. İddiaçı Abşeron rayon dövlət arxivinə yazılı müraciət etmiş, xx xxxxxx 2021-ci tarixdə F-32 saylı cavab məktubu arxiv tərəfindən ona təqdim edilmişdir. Həmin cavabda bildirilir ki, nəinki onun sənədinə münasibətdə, ümumiyyətlə bu qəbildən olan qərarlarda və əmrlərdə belə bir sənəd, yəni ilkin baş plan və ya ayrıç aktı olmur və olmayıb. Beləliklə xx xxxxxx 2021-ci il tarixdə ərazi idarəsi növbəti dəfə mülkiyyət hüquqlarının qeydiyyata alımasmdan imtina edildi. Hesab edir ki, cavabdehin imtinası sadəcə məqsədli şəkildə qanunsuz verilən imtinadir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxx 2020-ci il tarixlj, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli 114 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının və adlı siyahının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin çoxmərtəbəli yasayıs binalarının, 0.015 ha hissəsinin isə avtomobil yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış. sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Avtomobil yolları haqqında” xx xxxxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 15-1 -ci maddəsinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015ci il tarixli qərarına əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə cavabdeh nümayəndəsinin iştrakı olmadan iclasının keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx xxxxxx 2020-ci il tarixli, **********36 nömrəli imtina məktubu, xx xxxxxx 2020-ci il tarixli, **********18 nömrəli etirazı, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, F-628 nömrəli məktubu, Abşeron rayon XDS İH-nin xx xxxxxxx 1991-ci il tarixli qərarı əsasında Xırdalan südçülük-tərəvəzçilik sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli, 114 saylı əmri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, invertarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə sübyektiv hüquqa malik olmuş, cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurumdur, iddiaçı ilk əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin bununla bağlı imtinası var, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkətindən məhkəməyə müraciət etmişdir, buna görə də iddia mümkün sayılmalıdır. Aşağadıakılara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya Abşeron rayon XDS İK-nin xx xxxxxxx 1991-ci il tarixli 213 saylı qərarına və Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli 114 saylı əmrə əsasən fərdi ev tikdirmək üçün ona 10 sot torpaq sahəsi ayrılmışdır. xx xxxxxxxx 2020-ci il tarixində qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDRX-in 4 saylı Abşeron ərazi idarəsinə müraciət etmiş lakin DƏDRX-in 4 saylı Abşeron ərazi idarəsi torpaq sahəsinin çoxmərtəbəli yasayıs binalarına bitişik olması və həmin torpaq sahəsinin 0.015 ha hissəsinin avtomobil yolunun mühafizə zolağında yerləşməsi səbəbindən iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yolları respublika, yerli, şəhər və sahə yollarına bölünür. Həmin Qanunun 9-cu maddəsinə əsasən Respublika əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin tərkib hissəsi olmaqla ölkə ərazisində avtomobillərlə zəruri yük və sərnişin daşınmalarına xidmət edir. Respublika əhəmiyyətli avtomobil yolları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən avtomobillərin Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrə çıxışını təmin etməklə, Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmir yol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirir. Respublika əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, rayonlararası və konkret şəhər və rayonla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir. Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən Şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir. Şəhər avtomobil yolları şəbəkəsinin idarə olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Şəhər avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən Sahə avtomobil yollarına təsərrüfatdaxili və texnoloji daşımaları, habelə digər ehtiyacları ödəmək üçün müvafiq qaydada müəssisə və təşkilatların mülkiyyətində və ya istifadəsində olan, həmçinin bu məqsədlə onların öz vəsaitləri hesabına yaradılan avtomobil yolları aiddir. Sahə yollarından istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri bu qanunun tələblərinə uyğun olaraq müəyyən edirlər.Sahə yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Həmin Qanunun 14-cü maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra – reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. Reyestr avtomobil yollarının qeydiyyatı və uçotu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (yəni X2 Agentliyi) tərəfindən yaradılır və aparılır. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı xx xxxxxxxx 2015-ci il tarixli Qərarına əsasən dövlət mülkiyyətində olan respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində qorunma (mühafizə) zolağı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yolları 1) respublika, 2) yerli, 3) şəhər və 4) sahə yollarına bölünür. Yalnız dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli yollar üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə qorunma zolağının ölçüləri müəyyən edilmişdir. Belə ki, Nazirlər Kabinetinin həmin qərarına əsasən respublika əhəmiyyətli yolların mühafizəsi üçün 30 metr enində, yerli əhəmiyyətli yolların mühafizəsi üçün 12,5 metr enində qorunma zolağı nəzərdə tutulmuşdur. Lakin nəzərə alınmalıdır ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları üçün həmin yolların respublika və ya yerli əhəmiyyətli yollara aid olmasından asılı olmayaraq qorunma (mühafizə) zolağı nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi yaşayış binalarının ətrafında, yəni yaşayış məntəqələrinin hüdudlarında yerləşir. Buna görədə məhkəmə hesab edir ki, əhəmiyyətindən asılı olmayaraq mübahisə predmeti olan torpaq sahəsinin yaxınlığında yerləşən yolun qorunma (mühafizə) zolağının ölçüsü Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli Qərarı ilə tənzimlənmədiyi üçün cavabdeh təşkilatın mübahisəli torpaq sahəsinin guya yolun qorunma (mühafizə) zolağı üçün nəzərdə tutulmuş 12,5 metr ərazisinin hüdudlarında yerləşməsi səbəbini rəhbər tutaraq imtina üçün gətirdiyi arqumenti əsassızdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan torpaq sahəsinin əhəmiyyət baxımından hansı növ avtomobil yolunun mühafizə zolağında yerləşməsinin müəyyən edilməsi məqsədi ilə X2 Agentliyinə sorğu göndərilmiş və sorğuya verilmiş cavab məktubundan məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin bir hissəsinin yerləşdiyi mühafizə zolağının respublika əhəmiyyətli yollara aidiyyatı yoxdur. Lakin cavabdeh təşkilatın mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsinin yolların mühafizə zolağına düşdüyü yolun əhəmiyyət dərəcəsi barədə X2 Agentliyi tərəfindən hər hansı bir məlumat verilməmişdir. Halbu ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən avtomobil yollarının vahid dövlət reyestri X2 Agentliyi tərəfindən aparılır. Belə olduğu tədqirdə yolun əhəmiyyət baxımından yəni 1) yerli, 2) şəhər və ya 3) sahə yollarına aid edilməsi mümkün olmur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Ərazi İdarəsi həmin şübhəli halın aradan qaldırılması istiqamətdə hər hansı bir tədbir görməmiş və dövlət qeydiyyatından keçirilməsi tələb edilən torpaq sahəsinin bir hissəsinin yolun mühafizə zolağına düşdüyünə, ilkin ayrıc aktının olmamasına, yüksəkmərtəbəli binanın yanında yerləşməsinə istinad etmişdir. Beləki, artıq mövcud olmayan sovxoz tərəfindən iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Baş plana gəldikdə isə Xırdalan bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin yerquluşu planı təqdim edilmiş, lakin qeyd olunan sənəd cavabdeh təşkilatı qane etməmişdir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın imtina üçün gətirdiyi arqumentinin əsassız olmasına dəlalət edir. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların icrasının təmin edilməsinə, o cümlədən həmin qərarlar icra edilmədiyi tədqirdə qanunamüvafiq qaydada qanun pozuntusunun qarşısının alınmasına nəzarət edən müvafiq icra hakimiyyəti orqanları mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən torpaq sahəsinin yolun mühafizə zolağına düşməsinin cavabdehə hər hansı bir aidiyyatı yoxdur və yolların mühafizə zolağının qanuna uyğunluğunun müəyyən edilməsi aidiyyatı qurumların səlahiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi şəxsin qanuni sahibliyinə verilmiş torpaq sahəsinin dövlət qeydiyyatına alınması cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunaraq, Abşeron rayon XDS İH-nin xx xxxxxxx 1991-ci il tarixli qərarı əsasında Xırdalan südçülük-tərəvəzçilik sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli, 114 saylı əmrlə iddiaçıya ayrılmış Xırdalan şəhərində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Cavabdehnə həvalə olunmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xırdalan südçülük-tərəvəzçilik sovxozu üzrə xx xxxxxx 1991-ci il tarixli, 114 saylı əmrlə iddiaçıya ayrılmış Xırdalan şəhərində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar