Məhkəmə qərarları › İş №2-1(118)-719/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-719/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-719/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinə qarşı “cavabdehin üzərinə X25, X17, X18, X19, X14 ona məxsus Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 21 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinə qarşı iddia qaldıraraq “cavabdehlər 21.03.1977-ci il təvəllüdlü X21, 23.08.2003-cü il təvəllüdlü X10 və o cümlədən onların 18 yaşından aşağı olan ailə üzvlərinin - 10.12.2004-cü il təvəllüdlü X11, 13.09.2006-cı il təvəllüdlü X12 və 01.10.2009cu ul təvəllüdlü X14 Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsi. 21 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməklə, həmin mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə (və ya qərar) çıxarılmasını və bu öhdəliyin Şamaxı rayon Polis Şöbəsinin və digər aidiyyəti İcra Strukturlarının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək cavabdehin üzərinə X31 oğlu, X17, X18, X19, X14 ona məxsus Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 21 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 03.02.2021-ci il tarixli arayışın əslindən görünür ki, o, 26 noyabr 2004-cü il tarixdən ünvan 2 ünvanda yaşayır. Bu ərizəyə əlavə etdiyim V ЖГ № 312260 nömrəli, 19 mart 2000-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, atası X20 17 mart 2000-ci ildə vəfat etmişdir. Bu ərizəyə daxil etdiyi AZ № 086091 nömrəli, 02 yanvar 2003-cü il tarixli ölüm şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, anası X5 01 yanvar 2003-ci ildə vəfat etmişdir. Mərhum anası X5 tərəfindən verilmiş 29 mart 2000-ci il tarixli vəsiyyətnamənin notarial təsdiqli surətindən görünür ki, ünvan 3 ünvanındakı evi ona vəsiyyət etmişdir. Forma № 3 nömrəli, 09.01.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 115.5 kv.metr. yaşayış sahəsi 51.2 kv.metr olan iki yaşayış otağından ibarət ev şəxsi mülkiyyət hüququ əsasında ona verilmişdir. Ərizəyə əlavə etdiyi 2001-ci il tarixli, 05/2301 qeyd nömrəli X24 notarial təsdiqli surətindən görünür ki, sözügedən mübahisəli ev onun adınadır. Bu sənəddə Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 21 ünvanındakı evinin həyətyanı sahəsi, yaşayış sahəsi, torpaq sahəsinin planı, tikilinin planı, yaşayış sahəsi və yaşayış otaqları və yaşayış sahəsinə dair digər məlumatlar yazılmışdır. O, yaşadığı bu mənzili xüsusi mülkiyyət hüququ ilə oğlunun adına özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, mənzilinə tanımadığı başqa 5 (beş) nəfər də naməlum şəraitdə qeydiyyata alınıblar. Asan-Şamaxı tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 03.02.2021-ci il tarixli arayışın əsilindən görünür ki, Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 21-də 5 (beş) nəfər - 21.03.1977-ci il təvəllüdli X25, 23.08.2003-cü il təvəllüdlü X17, 10.12.2004-cü il təvəllüdlü X18, 13.09.2006-cı il təvəllüdlü X19 və 01.10.2009-cu ul təvəllüdlü X14 ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan evdə qeydiyyatda olduqları yazılmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 03.02.2021-ci il tarixli arayışda yazılanlara görə bu şəxslərdən 3(üç) nəfərinin 18 yaşı tamam olmadıqlarına görə bu iddia tələbini onlardan yalnız ikisinə ünvanlamışdır. Onun xüsusi mülkiyyətində olan evə yuxarıda adları çəkilən şəxsləri Şamaxı rayon Polis Şöbəsi qeydiyyata almışdır. Belə ki, əvvəllər vətəndaşların mənzilə qeydiyyata alınması və çıxarılması məsələsi rayon Polis Şöbəsində həyata keçirilirdi. Odur ki, Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir ki, belə qanunsuz əməlləri necə ediblərsə, elədə özləri həll etsinlər. Lakin Şamaxı rayon Polis Şöbəsinin 188- 1814811-3221 saylı, 09.12.2021-ci il tarixli cavab məktubunun əsilindən görünür ki, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehlər hazırki mübahisəli mənzildə yaşamırlar, onların hansı yolla onun mənzilinə qeydiyyata götürülmələri ona naməlumdur. Onlar onun mənzilindən heç vaxt istifadə etməmişlər və indi də etmirlər. Təqdim etdiyim sənədlərdən göründüyü kimi onun yaşadığı mənzil onun adına özəlləşib və hal-hazırda Xüsusi Mənzil Fonduna aiddir. Hazırki cavabdehlər onun yaşadığı mənzilə qanunsuz yollarla qeydiyyata düşüblər. Onlar indiyədək mənzilində onunla birgə yaşamamışlar və birgə təsərrüfat aparmamışlar. Onlar onun mənzilindən istifadə etməmişlər. Ona görə də cavabdehlər onun ailə üzvləri hesab edilə bilməzlər və onların onun mənzilindən istifadə etmə və qeydiyyata alınma hüquqları yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı münasibətində aparılmış araşdırma zamanı X25 05.10.2004-cü ildə və X17 27.07.2019-cu il tarixdə X3 məxsus Şamaxı rayonu Cəfər Cabbarlı küçəsi 21 saylı evə pasport qeydiyyatına düşmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Şamaxı rayonlararası X9 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 21 nömrəli yaşayış evi X2 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X25, X17, X18, X19,X6 şəhəri, Cəfər Cabbarlı küçəsi ev 21 ünvanında qeydiyyatdadırlar. - Şamaxı rayon Polis Şöbəsinin iddiaçıya ünvanladığı 09 dekabr 2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya ərizədə göstərilən məsələ ilə bağlı aidiyyət üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 21 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Həmin mənzildə X25, X17, X18, X19, X22 qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Şamaxı rayon Polis Şöbəsinə müraciət etmiş, lakin cavabdehin 09.12.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər X25, X17, X18, X19,X14 X4 məxsus Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 21 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X25, X17, X18, X19, X14 X4 məxsus Şamaxı şəhəri, Cəfər Cabbarlı küç küçəsində yerləşən 21 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar