Məhkəmə qərarları › İş №2-1(118)-72/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-72/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-72/2023 24.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş JN-068F, KOD 30101004 olan şəhadətnamənin, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, ********** nömrəli çıxarışın və X3 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və reyestrdə mülkiyyət hüquqlarına dair qeydin torpaq sahəsinə münasibətdə ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar şəhəri, Piroğlanov küçəsində yerləşən və Qusar bələdiyyəsinin 25 yanvar 2002- ci il tarixli, 1 /4-10 nömrəli qərarı ilə ona satılmış 0,09 ha torpaq sahəsinə cavabdeh X2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-068F KOD 30101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhədatnamənin və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X2 adına işlənmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40- 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “X2 adına verilmiş JN-068F, KOD 30101004 olan şəhadətnamənin, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın və X3 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və reyestrdə mülkiyyət hüquqlarına dair qeydin torpaq sahəsinə münasibətdə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 protokol qaydasında, Qusar rayonu Qusar bələdiyyəsi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1847/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, X9 isə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-263/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2002-ci ilin dekabr ayında iddiaçı Qusar Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona yaşayış evinin tikintisi üçün 900 kv.metr həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Qusar şəhəri, Piroğlanov küçəsində ona satılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı müvafiq qaydada təsdiq edilmiş və xx.xx.2001-ci il tarixdə torpaq sahəsinin dəyəri olan 815 min manat pul 3 saylı qəbzlə Qusar bələdiyyəsinə tərəfindən ödənilmişdir. Qusar Bələdiyyəsinin 01 saylı, xx.xx.2002-ci il tarixli iclasında ona yaşayış evinin tikintisi üçün 900 kv.metr torpaq sahəsinin satılmasına dair qərar qəbul edilmiş və həmin iclas protokolunun qərarı əsasında Qusar Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 1/4-10 saylı qərarı ilə Qusar şəhəri, S.Piroğlanov küçəsində ona 900 kv.metr torpaq satılmışdır. Qeyd olunan qərar qəbul ediləndən sonra həmin torpaq sahəsi onun sahibliyinə keçmiş və hazırda da onun istifadəsindədir. 2005-ci ildə həmin torpaq sahəsinin 300 kv. metr hissəsində qardaşı Fərhad Ağalarova fərdi yaşayış evinin tikintisi üçün şifahi olaraq icazə vermişdir. Qalan 600 kv.metr hissəsindən isə əkin kimi istifadə edir. 2019-cu ilin noyabr ayında qardaşı Fərhad Ağalarovun arvadı Nazirə Ağalarova ona telefonla sahibliyində olan torpaq sahəsinin bütünlüklə Fərhad Ağalarovun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındığını bildirmiş və həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnu təsdiq edən sənədlərin şəklini ona göndərməklə həmin torpaq sahəsini boşalmasını tələb etmişdir. Bu zaman anlamışdır ki, Qusar bələdiyyəsindən 2002-ci ildə aldığı torpaq sahəsi hansısa yolla Fərhad Ağalarova satılmışdır. Qusar bələdiyyəsindən ona satılmış torpaq sahəsinin cavabdeh Fərhad Ağalarova satılması barədə soruşduqda həmin torpaq sahəsinin onlar tərəfindən heç kimə satılmadığını bildirmişdirlər. Sonradan ona məlum oldu ki, 2002-ci ildə Qusar bələdiyyəsi tərəfindən ona satılmış 0,09 ha torpaq sahəsinə cavabdeh X2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN- 068F KOD 30101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhədatnamə verilmiş və həmin şəhadətnamə 08 aprel 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Şəhadətnamədə həmin torpaq sahəsinin Fərhad Ağalarovun mülkiyyətinə verilməsinin əsası kimi Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1 /4-10 saylı qərarı ilə satılması qeyd edilmişdir. Halbuki, Qusar bələdiyyəsinin həmin tarixli və nömrəli qərarı ilə qeyd olunan 0,09 ha torpaq sahəsi qanuni əsaslarla iddiaçıya satılmış və bu barədə bütün aidiyyəti sənədlər onun adınadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən 0,09 ha torpaq sahəsinə dair JN-068F KOD 30101004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» yə əsasən dövlət 30101004 nömrəli «Torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə» yə əsasən dövlət reyestirndən X2 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar bələdiyyəsinin ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, M-144 saylı məktubundan görünür ki, Qusar şəhəri, Piroqlanov küçəsində yerləşən və bələdiyyənin 25 yanvar 2002-ci il tarixli, 1/4- 10 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin X1 barədə Qusar Bələdiyyəsi tərəfindən qərar qəbul edilməmişdir, göründüyü kimi, 2002-ci ildə Qusar bələdiyyəsi tərəfindən ona satılmış 0,09 ha torpaq sahəsinə cavabdeh X2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-068F KOD 30101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhədatnamə mövcud olmayan bələdiyyə qərarı əsasında verilmişdir ki, bu da qanunsuzdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı və onun vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Qusar şəhəri, Ş.Piroğlanov küçəsində yerləşən fərdi yaşayış evinə dair vətəndaş X2 mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********32 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas оlan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhəri, Ş.Piroğlanov küçəsində yerləşən fərdi yaşayış evinə dair X2 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.” Həmin fərdi yaşayış evi İddiaçı tərəfindən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır." “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - 03 saylı, 13 dekabr 2001-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Qusar rayonu Qusar bələdiyyəsinin hesabına 815.000 manat məbləğində ödəniş edilmişdir. - Qusar bəldiyyəsinin 1/4-10 saylı, 25 yanvar 2002-ci il tarixli qərarının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Qusar şəhəri, Ş.Piroğlanov küçəsindən 900 kv.metr torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş JN-068F, KOD 30101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Qusar rayon Qusar bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli, ¼-10 saylı qərarı əsasında Qusar şəhəri ərazisindən 0.09 ha torpaq sahəsi fərdi yaşayış evi tikilməsi üçün X2 mülkiyyətinə ayrılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və 114.7 kv.metr yaşayış sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş 4Ə-619 reyestr nömrəli, 12 mart 2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və 114.7 kv.metr yaşayış sahəsi X8 tərəfindən X5 bağışlanmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və 114.7 kv.metr yaşayış sahəsi üzərində X3 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4 – 10 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin (faktiki istifadə vəziyyəti üzrə) koordinatları - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la X6 məxsus (daha əvvəl 17 oktyabr 2019-cu il tarixli, ********** saylı çıxarışla X7 məxsus olmuş) 0.09 ha torpaq sahəsinin koordinatları 0.0629 ha hissədə üst-üstə düşür. - Məhkəməyə sorğu əsasında daxil olmuş Qusar rayonu Qusar bələdiyyəsinin M- 305 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4 – 10 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi vətəndaş İddiaçı satılmışdır, vətəndaş X7 isə Qusar bələdiyyəsi tərəfindən torpaq satılmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 25 may 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2020-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qusar bəldiyyəsinin 1/4-10 saylı, 25 yanvar 2002-ci il tarixli qərarı ilə Qusar şəhəri, Ş.Piroğlanov küçəsində yerləşən 0.09 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. Qeyd edilən torpaq sahəsinin müqabilində İddiaçı tərəfindən Qusar rayonu Qusar bələdiyyəsinin hesabına 815.000 manat məbləğində ödəniş edilmişdir və eyni zamanda Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq rəyi ilə İddiaçı satılması qanunamüvafiq hesab edilmişdir. İddiaçı qeyd edilən hüquq müəyyənedici sənədlərə əsasən “X2 adına verilmiş JN-068F, KOD 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin və şəhadətnaməyə əsasən dövlət reyestrindən X2 adına işlənmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 nömrəli çıxarışın ləğv edilməsi” məzmununda ərizə iləxx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya cavab olaraq üvanladığı xx.xx.2021-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi Qusar şəhəri, Ş.Piroğlanov küçəsində yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin X3 adına özgəninkiləşdirilərək, adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın tərtib edilməsini göstərmişdir. Məhkəmə aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, iddia təmin edilməli və X2 adına verilmiş JN-068F, KOD 30101004 olan şəhadətnamə, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və X3 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamənin 12-ci bəndinə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər şəxsin adı, soyadı, torpağın sahəsi göstərilməklə, ailə başçısının adına verilirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Hazırki inzibati işin araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar bəldiyyəsinin 1/4-10 saylı, 25 yanvar 2002-ci il tarixli qərarı ilə Qusar şəhəri, Ş.Piroğlanov küçəsində yerləşən 0.09 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmışdır. Eyni zamanda həmin torpaq sahəsinə dair X2 adına JN-068F, KOD 30101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Qeyd edilən şəhadətnamə əsasında da üçüncü şəxs X2 adına cavabdeh orqan tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Qeyd edilən dövlət aktında onun Qusar rayon Qusar bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli, ¼-10 saylı qərarı əsasında tərtib edildiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən X2 mülkiyyətinə Qusar şəhəri ərazisindən 0.09 ha torpaq sahəsinin ayrılmasına dair Qusar rayon Qusar bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli, ¼-10 saylı qərarının tədqiq edilməsi üçün aidiyyatı üzrə Qusar rayon Qusar bələdiyyəsinə sorğu göndərilmişdir. Sorğu əsasında daxil olmuş Qusar rayonu Qusar bələdiyyəsinin M-305 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, , 1/4 – 10 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi vətəndaş İddiaçı satılmışdır, vətəndaş X7 isə Qusar bələdiyyəsi tərəfindən torpaq sahəsi satılmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən mübahisələndirilən dövlət aktının verilməsinə hansı sənədlərin əsas olduğunun aydınlaşdırılması üçün aidiyyatı üzrə sorğular verilsə də, orqanların müvafiq cavab məktubları ilə dövlət aktının verilməsinə əsas olmuş sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, , 1/4 – 10 saylı qərarı ilə iddiaçya ayrılmış torpaq sahəsi ilə JN-068F, KOD 30101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən X2 adına qeydə alınmış torpaq sahəsinin eyni torpaq sahəsi olmasının müəyyənləşdirilməsi üçün cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4 – 10 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin (faktiki istifadə vəziyyəti üzrə) koordinatları - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la X6 məxsus (daha əvvəl 17 oktyabr 2019-cu il tarixli, ********** saylı çıxarışla X7 məxsus olmuş) 0.09 ha torpaq sahəsinin koordinatları 0.0629 ha hissədə üst-üstə düşür. Göründüyü kimi məhkəmə araşdırması zamanı mübahisələndirilən torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların verilməsinə, JN-068F, KOD 30101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4 – 10 saylı qərarının mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda isə üçüncü şəxslərə qanunazidd olaraq torpaq sahəsi ayrılmış və X2 adına JN-068F, KOD 30101004 olan şəhadətnamə, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və X3 adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış tərtib edilmişdir ki, bu da öz növbəsində iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənlərdən göründüyü kimi, üçüncü şəxs X2 mülkiyyətinə 0.09 ha torpaq sahəsinin ayrılmasına dair JN-068F, KOD 30101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin heç bir hüquq müəyyən edici sənədlər olmadan, qanun tələblərinə zidd olaraq tərtib edilməsi məhkəmə araşdırması ilə müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə zidd olaraq dövlət aktının verilməsi və cavabdeh orqan tərəfindən bunun əsasında X2 xx.xx.2019-cu il tarixli, ********** nömrəli, X3 adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların verilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə olan halda isə X2 adına verilmiş JN- 068F, KOD 30101004 olan şəhadətnamə, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və X3 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə, (0.0629 ha hissədə) ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 adına verilmiş JN-068F, KOD 30101004 olan şəhadətnamə, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və X3 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə, (0.0629 ha hissədə) ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X2 adına verilmiş JN-068F, KOD 30101004 olan şəhadətnamə, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və X3 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0.0629 ha hissədə) ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar