Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-720/2023 21.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçılar İddiaçı, Aşurova (Laçınova) Elvira İsmayıl qızının, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızının, X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X17 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən Qusar rayonu Quxur oba kəndi ərazisindən iddiaçının 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə tapşırılması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı və X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X17 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən iddiaçı X2 3 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.26 ha torpaq sahəsinə və İddiaçı 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin tapşırılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqlşdirərək, iddiaçı qismində İddiaçı saxlanılaraq, “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X17 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən Qusar rayonu Quxur oba kəndi ərazisindən iddiaçının 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə tapşırılması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Aşurova (Laçınova) Elvira İsmayıl qızı, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızı və X10 məhkəməyə ərizə ünvanlayaraq, birgə iddiaçılar qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonun Quxur Oba kəndində torpaq islahatları keçirilərkən iddiaçılar Qusar rayonun Quxur Oba kəndində yaşamaqla Quxur Oba kəndinin daxil olduğu Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozunda daim işləmiş və daimi həmin sovxozun ərazisində yaşamışdırlar. Lakin Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozunda torpaq islahatları keçirilərkən hansı isə naməlum səbəblərdən iddiaçıların, onların ailə üzvlərinin, habelə bir çox başqa Quxur Oba kənd sakinlərinin - cəmi 38(otuz səkkiz) nəfərin adları torpaq payı almaq hüququ olanların siyahısına düşməmişdir. İslahat Komissiyasına müraciət etmişlər. Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X17 Komissiyasının 08 oktyabr 2001-ci il tarixli qərarına əsasən Qusar rayonu Quxur oba Bələdiyyəsinin ehtiyat fondundan həmin sakinlərə, o cümlədən iddiaçılara və ailə üzvlərinə pay torpaq sahələrinin ayırılması qərara alınmışdır. 20 ildən çoxdur ki, həmin torpaq sahələri onların faktiki istifadəsindədir və onlar həmin torpaq sahələrindən heç kimin etirazı olmadan istifadə edirlər. Cavabdeh orqana hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan isə müraciətlərinin təmin edilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Qusar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 220 nömrəli məktubunda qeyd edilmiş arxiv çıxarışından görünür ki, 08 oktyabr 2001-ci il tarixdə Ş.Şamil adına Sovxoz X17 Komissiyasının iclasının 08 saylı protokolu əsasında Torpaq İslahatı haqqında Qanuna əsasən İddiaçı ailəsinə 2.84 hektar, bir pay torpaq norması cəmi təsərrüfat üzrə 25.82 hektar torpaq sahəsinin bələdiyyənin fondundan ayırlması qərara alınmışdır. - Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X12 müdiri və Ş.Şamil adına Sovxozun AİK-nın sədri tərəfindən imzalanamış Qusar rayonunun Quxur-Oba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsindən görünür ki, 1.68 ha torpaq sahəsinə dair X6 adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Qusar rayon Dövlət Arxivinin xx.xx.2023cü il tarixli məktubuna əlavə edilmiş Ş.Şamil adına sovxoz X17 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolundan görünür ki, İddiaçı ailəsinə 4 pay olmaqla ümumilikddə 2.84 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Qusar rayon Dövlət Arxivinin xx.xx.2023cü il tarixli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, İddiaçı, X3, X1 və X7 torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı iddia elədiyi torpaq sahəsinin 11.68 ha hissəsi ünvan 1i ünvanda yerləşir, torpaqların elektron kadastrı uçotu məlumat bazasında həmin torpaq sahə bələdiyyənin ehtiyyat fondu torpaqlarına aiddir və kənd təsərrüfatına yararlı torpaq sahəsidir, torpaq sahəsi faktiki hasara alınaraq aralarında suvarma arxı keçməklə 1.0463 ha və 0.6337 ha olmaqla iki hissədə yerləşir və hazırda ümumi 1.68 ha torpaq sahəsinin 0.19 ha hissəsindən meyvə bağı kimi qalan 1.68 ha hissəsindən isə əkin kimi istifadə olunur, qonşu torpaq sahələri ilə hər hansı sərhəd mübahisəsi qeydə alınmamışdır və hər hansı kommunikasiya xətti aşkar olunmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 15 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ş.Şamil adına sovxoz X17 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolu ilə iddiaçılar İddiaçı, X3, X1 və X7 ümumilikdə 2.84 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçılar həmin otaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi:
1. Hüquqmüəyyənedici sənədlərin orqana tam təqdim edilməməsini;
2. Ş.Şamil adına sovxoz X17 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolunun Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməməsini;
3. Torpaq sahələrinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemlərinin ərizəyə əlavə edilməməsini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar təsbit edilmişdir. Həmin Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh orqan imtinasının ilkin dəlili kimi hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyini bildirsə də, məhkəmə tərəfindən inzibati işin araşdırılması üçün aidiyyatı üzrə bütün orqanlara sorğu verilmiş və iddiaçılara dair bütün sənədlər əldə edilmişdir. Göründüyü kimi cavabdeh orqanın ilkin dəlili tam əsassızdır. Cavabdeh orqan imtinasının digər bir əsası kimi Ş.Şamil adına sovxoz X17 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolunun Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməməsini göstərmişdir. Lakin sorğu əsasında Qusar rayon Dövlət Arxivindən əldə edilmiş Ş.Şamil adına sovxoz X17 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolunun surətindən görünür ki, qeyd olunn protokol Ş.Şamil adına sovxoz X17 Komissiyası tərəfindən möhürlənmişdir. Məhkəmə əlavə olaraq bildirməyi zəruri hesab edir ki, qeyd olunan hal öz əksini tapsaydı belə, inzibati orqan tərəfindən yol verilmiş yanlışlıq vətəndaşın məsuliyyətinə səbəb ola bilməz və onun əleyhinə şərh olunmamalıdır. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə cavabdeh orqanın sonuncu dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda iş materiallarında sadalanan Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X12 müdiri və Ş.Şamil adına Sovxozun AİK-nın sədri tərəfindən imzalanamış Qusar rayonunun Quxur- Oba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsindən görünür ki, 2.84 ha torpaq sahəsinə dair iddiaçıların adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X17 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən Qusar rayonu Quxur oba kəndi ərazisindən iddiaçılar İddiaçı, Aşurova (Laçınova) Elvira İsmayıl qızına, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızına və X7 ayrılmış cəmi 1.68 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X17 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən Qusar rayonu Quxur oba kəndi ərazisindən iddiaçılar İddiaçı, Aşurova (Laçınova) Elvira İsmayıl qızına, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızına və X7 ayrılmış cəmi 1.68 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva