Məhkəmə qərarları › İş №2-1(118)-722/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-722/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-722/2021 09.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli, 12 saylı iclasının 07 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən 101 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X3 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 101 kvadrat metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin 11 dekabr 2012- ci il tarixli 12 saylı iclasının 07 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab edilmişdir. Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 18 may 2012-ci il tarixli, 69 saylı, Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 02 iyul 2012-ci il tarixli, 02/554 saylı rəylər verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsünü hazırlamış və həmin sənəd 15 fevral 2013-cü il tarixdə 5803 nömrə ilə X7 kitabında uçota alınmışdır. Həmin sənədlər də əlavə edilməklə Sumqayıt Bələdiyyəsi tərəfindən rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edilərək qeyd olunan torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi və bunu təsdiq edən müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi xahiş edilsə də, cavabdeh bugünədək bələdiyyənin torpaq sahəsi üzərində hüququnun qeydiyyatını həyata keçirməmişdir. Sumqayıt Bələdiyyəsinin bununla bağlı 09 dekabr 2020-ci il tarixli,3609 saylı sonuncu müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli, **********14 saylı cavab məktubunda bildirilmişdir ki, sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi idarənin xidməti istifadəsində olan xəritə məlumatlarında dövlət mülkiyyətinə aid edilmiş torpaq sahəsi kimi qeydiyyata alındığından,həmin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə Sumqayıt şəhəri ərazisində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada təhvili işləri həyata keçirilərkən tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X7nda dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması barədə bildirdikləri tamamilə əsassız və qanunaziddir. Göründüyü kimi, sadalanan sənədlərə, o cümlədən Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsi ilə bağlı tərtib etdiyi və 15 fevral 2013-cü il tarixdə 5803 nömrə ilə X7 kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən mübahisələndirilən torpaq sahəsi “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməsini əsassız hesab edirək pozulmuş hüququmuzun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlardan görünür ki, cavabdehin hərəkətləri qanunazidd və əsassızdır. Maddi hüquq normalarından aydın olur ki, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanları ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu, həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişlər. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina etməklə Sumqayıt Bələdiyyəsinin yuxarıda göstərilən hüquqlarının pozulmasına yol vermişdir. Belə ki, Sumqayıt şəhərində torpaq islahatı 2001-ci ildə həyata keçirilmiş, dövlət və bələdiyyə torpaqları müəyyənləşdirilərək müvafiq qaydada xəritələşdirilmişdir. Bugünədək cavabdehin eyni əsaslarla imtina verdiyi bir neçə torpaq sahəsi ilə bağlı çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur ki, həmin məhkəmə aktlarında “Torpaq sahəsinin planı və ölçüsü”nün mövcudluğuna istinad edilərək həmin sənədin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu sübuta yetirdiyi bildirilmişdir. Bu səbəbdən hesab edirlər ki, hazırda mübahisələndirilən torpaq sahəsinə dair cavabdehin gəldiyi nəticə ilə bununla eyni faktiki hallara malik işlərə dair məhkəmənin qanuni qüvvəyə minmiş aktlarında əks olunmuş mövqeyi arasında bu cür ziddiyyətlərin olması müvafiq qanun normalarının tələbləri ilə ziddiyyət təşkil edir. "Torpaq sahəsinin planı və ölçüsü” tərtib edildiyi halda həmin sənədi və X7nda qeydiyyatdan keçirilmiş məlumatları qəbul etməyən cavabdehin bu barədə mülahizəsini əsassız və qanunazidd hesab edirlər. Bu qəbildən olan bir neçə iş üzrə müvafiq məhkəmə prosesləri başa çatmış və çıxarılmış məhkəmə aktlarına əsasən torpaq sahələri üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair müvafiq reyestr çıxarışlarının verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Həmin işlər üzrə çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının hamısı icra edilərək çıxarışlar verilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı mübahisələrə dair məhkəmələrin qanuni qüvvəyə minmiş aktları mövcud olduğu halda, cavabdeh yenə də əsassız şəkildə bələdiyyə torpaqlarının dövlət qeydiyyatından imtina etməkdə davam edir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsini qanunsuz və hüquqazidd saymaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının, yaxud da qeydiyyatın dayandırılmasının əsaslarına da zidd hesab edirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, 14-cü və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində yerləşən 101 kv.m torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə 10 dekabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq Sumqayıt Bələdiyyəsinə bildirilmişdir ki, idarənin xidməti istifadəsində olan xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, 14-cü və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində yerləşən 101 kv.m torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə Sumqayıt Bələdiyyəsinə 08 yanvar 2021-ci il tarixli **********14 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 08 yanvar 2021-ci il tarixli, **********14 nömrəli imtina məktubu, **********23 saylı, 24 fevral 2021-ci il tarixli etirazı, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 18 may 2012-ci il tarixli, 69 saylı rəyin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 02 iyul 2012-ci il tarixli, 02/554 saylı rəyin surəti, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.05.2021-ci il tarixli, **********59 nömrəli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin təyinatı kənd təsərrüfatlı örüş torpaq sahələri olduğundan, ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, məhkəmənin sorğusuna əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.05.2021-ci il tarixli, **********59 nömrəli məktubdan məlum olmuşdur ki, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi boyu avtomobil yolunun qarşılıqlı hərəkət istiqamətlərini ayıran 14 və 29-cu məhəllələr arasında yerləşən 0,0101 ha torpaq sahəsinin daşınmaz əmlakın rəqəmli kadastr xəritəsinə əsasən təqdim edilmiş dövlət əmlaklarının siyahısında "Potensial" kooperativinə məxsus obyektin yerləşdiyi və 00187553 registr nömrəli torpaq sahəsi kimi göstərilərək dövlət əmlakı kimi təsvir olunmuş ərazinin üzərinə düşdüyü aşkar edilmişdir. Göründüyü kimi araşdırma nəticəsində Sumqayıt Bələdiyyəsinin iddia etdiyi torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid olması müəyyən olmuşdur. Ona görə də müvafiq torpaq sahəsi dövlətin müstəsna səlahiyyətində olduğundan hazırki mübahisə üzrə iddiaçının adına müvafiq çıxarış verilə bilməz. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən araşdırılaraq öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Dövlətin torpaq üzərində mülkiyyət hüququ vardır. Həmin maddədə göstərilir ki, dövlətin mülkiyyətində olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli, 12 saylı iclasının 07 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən 101 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli, 12 saylı iclasının 07 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən 101 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar