Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-722/2023 19.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X16 iştirakları ilə, İddiaçılar İddiaçı, X1, X10 və X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Şıxli kəndində yerləşən JN110, KOD 30223048 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən ona və ailə üzvlərinə ayrılmış 2.55 ha torpaq sahəsinə dair Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Şıxli kəndində yerləşən JN110, KOD 30223048 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən ona və ailə üzvlərinə ayrılmış 2.55 ha torpaq sahəsinə dair Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra X5, X17 və X11 məhkəməyə ərizə ünvanlayaraq, inzibati işə birgə iddiaçılar qismində cəlb edilmələrini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən JN110, KOD 30223048 saylı "Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən iddiaçılara Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının isthesalı üçün 2.55 ha torpaq sahəsi ayrılmışdır. Tərəflərindən Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsəm də mənə əsassız olaraq çıxarış verilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh onlara ünx anladığı xx.xx.2022-ci il tarixli, **********49 saylı məktubunda qeyd edir ki, “Ərizənizə əlavə olunmuş dövlət aktı tərəfimizdən araşdırılmış, Sizin və ailə üzvlərinizin adına olan Xaçmaz, rayonu, Şıxlı kəndində yerləşən JN110, kod 30223048 saylı "Torpağın mülkiyyət hüququna dair" dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsindən təhvil alınmış dövlət aktlarının verilməsi kitabında 1.96 ha-nan qeydiyyatdan keçmiş, cizgisi ərazi idarəsinin elektron məlumat bazasında öz əksini tapmışdır. Bu səbəbdəndə ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır.” Cavabdehin onlara ünvanladığı xx.xx.2022-ci il tarixli, **********49 saylı imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, onlar 24 ilə yaxındır ki, Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən torpaq sahəsindən kənd təsərüfatı məhsullarının isthesalı ücün istifadə edirlər və torpaq sahələrdə hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Xaçmaz rayonu, Şıxlı kəndində verləşən JN-110 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında" qeyd olunan 2.55 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə müraciət etmişdir. Müraciətə 31,08.2022-ci il tarixli, **********49 nömrəli məktubla bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş JN-110 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Bildiririk ki, sizin və ailə üzvlərinizin adına olan JN-110 KOD 30223048 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının verilməsi kitabında 1.96 ha-nan qeydiyyatdan keçmiş, cizgisi ərazi İdarəsinin elektron məlumat bazasında öz əksini tapmışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - JN-110, KOD 30223048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nın surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 nömrəli, 28 aprel 1998-ci il tarixli qərarı ilə İddiaçı, X2, X10 və X4 mülkiyyətinə 2.55 hektar torpaq sahəsi ayrılmışdır. - Məhkəməyə sorğu əsasında Xaçmaz rayon Dövlət Arxivindən daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 28 aprel 1998-ci il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, hər bir subyektə 0.62 ha orta torpaqlarının müəyyən edilməsi barədə Pravda sovxozu AİK-nın 25 aprel 1998-ci il tarixli qərarının təsdiq edilməsi qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında Xaçmaz rayon Dövlət Arxivindən daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 28 aprel 1998-ci il tarixli qərarına əlavə edilmiş adlı siyahıdan görünür ki, İddiaçı, X3 və X12 torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. X4 adı siyahıda qeyd edilməmişdir. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş 02 mart 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, JN-110, KOD 30223048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında 1.96 ha ilə qeydiyyatdan keçmiş, cizgi bazada öz əksini tapmışdır. - Vİİ-ЖГ № 331942 saylı, 01 oktyabr 1997-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə X9 arasındakı nikah 01 oktyabr 1997-ci il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçılar JN-110, KOD 30223048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən onlara ayrılmış, Xaçmaz rayonu, Şıxlı kəndində yerləşən 2.55 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edirlər. Lakin məhkəmə araşdırması zamanı iddiaçılara torpaq sahəsinin verilməsinə əsas olmuş Xaçmaz rayon Dövlət Arxivindən daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 28 aprel 1998-ci il tarixli qərarına əlavə edilmiş adlı siyahısına əsasən hər subyektə 0.62 ha torpaq sahəsinin ayrıldığı və qərarla yalnız İddiaçı, X3 və X12 torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İddiaçılar cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi iddiaçılar Xaçmaz rayonunu Şıxlı kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi JN-110, KOD 30223048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nı göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı JN-110, KOD 30223048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 28 aprel 1998-ci il tarixli qərarı ilə yalnız İddiaçı, X3 və X12 hər birinə 0.62 hektar olmaqla torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Həmçinin işin araşdırılması zamanı müəyyən edilmişdir ki, dövlət aktında mülkiyyətçi kimi adı qeydə alınmış X4 01 oktyabr 1997-ci il tarixində X8 ilə rəsmi nikaha daxil olduğu müəyyən edilmişdir. X9 nikahının rəsmi olraq qeydə alındığı həmin tarixdən də İddiaçı ailə tərkibindən çıxmışdır. Belə olan halda isə onun adının 1997-ci il tarixindən sonra hansı əsaslarla İddiaçı ailə tərkibində qeydə alınması və dövlət aktı ilə ona torpaq sahəsinin ayrılması müəyyən edilə bilməmişdir. Həmçinin adı çəkilən müvafiq Aqrar İslahat Komissiyasının qərarından da görünür ki, adları siyahıda qeydə alınmış subyektlərin hər birinə 0.62 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı ailə tərkibi 3 nəfərdən ibarət olduğuna görə (İddiaçı, X6 və X17) onlara ümumilikdə 1,86 ha (0.62 ha x 3) torpaq sahəsi ayrılmalı olduğu halda, hansı əsaslarla dövlət aktında 2,55 ha torpaq sahəsinin qeyd edilməsi məlum deyildir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X1, X10 və X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Şıxli kəndində yerləşən JN110, KOD 30223048 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən ona və ailə üzvlərinə ayrılmış 2.55 ha torpaq sahəsinə dair Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı, X1, X10 və X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Şıxli kəndində yerləşən JN110, KOD 30223048 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən ona və ailə üzvlərinə ayrılmış 2.55 ha torpaq sahəsinə dair Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva