Məhkəmə qərarları › İş №2-1(118)-7233/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7233/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7233/2025 30.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2nə qarşı “övladına məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2008-ci il təvəllüdlü X2 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1976-cı il tarixdə anadan olmuşdur. Füzuli rayonundan məcburi köçkündür. Hazırda müvəqqəti olaraq yuxarıda qeyd olunan ünvanda yaşayır. 10 yanvar 2008-ci il təvəllüdlü X5 iddiaçının oğludur. Ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də cavabdeh tərəfindən müraciətinin icrasından imtina edilmişdir. İmtinaya əsas olaraq onun məcburi köçkün vəsiqəsinin olmaması göstərilmişdir. İddiaçı hesab edir ki, bu hal tamamilə əsassızdır. Belə ki, məcburi köçkün statusu vardır və dövlət tərəfindən həm ona həm də ailə üzvlərinə məcburi köçkünlər üçün ödənilən 60 manat yemək xərci ilə təmin olunur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və ədalətli məhkəmə araşdırması ilə iddia tələbi təmin edilməlidir. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən, bununla yanaşı bildiririk ki, hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı övladının hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2008-ci il təvəllüdlü X5 tam fəaliyyət qabiliyyətli şəxsdir. Cavabdeh bildirir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü X2 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 2.4.6 bəndinin tələblərinə görə, işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslərə məcburı köçkün statusu onların atasının hüquqi vəziyyətinə görə müəyyən edildiyindən məcburi köçkun olduğunuzu təsdiq edən müvafiq sənədlərinızın əsillərini müvəqqətı qeydıyyatda olduğunuz Komitənin Abşeron rayon nümayəndəliyinə təqdim etməyiniz tövsiyyə olunur. Qanunvericiliklə müəyyən olunmuş qaydada sənədlər təqdim edildikdən sonra övladınıza "məcburi köçkün" statusunun verilməsi məsələsınə baxıla bilər. X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, 2007-2026-cı illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasında X1 atası İddiaçı, həmçinin anası X3 aid məcburi köçkün vəsiqəsi aşkar edilməmişdir. Həmçinin, hər iki valideynin yaşayış yeri üzrə qeydiyyat ünvanları işğaldan azad edilmiş ərazilərdir. X1 valideynlərindən heç birinin məcburi köçkün statusunu təsdiq edən vəsiqələri olmadığından,(xüsusilə atanın) Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda ona məcburi köçkün olduğunu təsdiq edən müvafiq sənədlərin əsillərini müvəqqəti qeydiyyatda olduğu Komitənin Abşeron rayon nümayəndəliyinə təqdim etməsi tövsiyə olunmuş və bildirilmiş ki, sənədlər təqdim edildikdən sonra övladına məcburi köçkün statusunun verilməsi məsələsinə baxıla bilər. Göründüyü kimi hazırkı iddia tələbi ilə bağlı cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından itmina edilməmiş və sənədlərin təqdim edilməsi tövsiyə edilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından itmina edilməsi halı müəyyən edilmir. İddianın mümkünlük şərti ödənilmədiyindən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı iddiaçı tərəfə hüquqi yardım edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar