Məhkəmə qərarları › İş №2-1(118)-724/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-724/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-724/2024 07.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. JN-192, KOD 30224018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan görünür ki, X5 və onun ailə üzvləri İddiaçı1, İddiaçı2, X9, İddiaçı3 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,80 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin planı və cizgisi (miqyas: 1:5000), koordinatları, qonşu sərhədləri göstərilmişdir, qaiməsi (sertifikatı) verilmişdir.

2. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çarxı kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 3 iyun 2022-ci il tarixli, 229 nömrəli məktubundan görünür ki, aqrar islahat komissiyasının qərarı ilə verilmiş JN-192 saylı dövlət aktında İddiaçı4 və X6 adları və soyadları səhvən X7, X3 yazılmışdır. Əslində isə onların adları və soyadları şəxsiyyət vəsiqəsində yazıldığı kimi yazılmalı və oxunmalıdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı1 göndərilmiş 13 iyul 2022-ci il tarixli, **********24 nömrəli məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı əlavə edilmiş JN-192 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Müvafiq aqrar islahat komissiyasının qərarı ilə ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon şöbəsi tərəfindən JN-326 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir.

4. Xaçmaz Rayon Çarxı bələdiyyəsinin 15 iyul 2022-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, X1 adına Çarxı bələdiyyəsində vergi ödəyicilərinin siyahısında onun özünə və ailə üzvlərinin adına JN 192 saylı Dövlət Aktı verilmiş, 0,80 ha pay torpağı qeydə alınmışdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Xaçmaz Rayon Dövlət Arxivinin 5 oktyabr 2022-ci il tarixli, 738 nömrəli məktubu ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 saylı protokolunun və həmin protokola əlavə olan adlı siyahıdan vətəndaş İddiaçı1 aid hissənin təsdiqlənmiş arxiv surəti qoşma ilə göndərilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 oktyabr 2022-ci il tarixli, **********79 nömrəli məktubundan görünür ki, JN-326 KOD 30224018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında 3,8354 ha torpaq sahəsinə dövlət reyestrindən İddiaçı3 və ailə üzvlərinin adına 18 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarış işlənmişdir. İddiaçı3 və ailə üzvləri yuxarıda qeyd olunan torpaq sahəsini Xaçmaz rayon 1 saylı notariat ofisinin 25 may 2022-ci il tarixli, 4Ə-876 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmiş, 8 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X15 mülkiyyət hüququ tanınmışdır. Əlavə olaraq bildirilir ki, X20 qeyd olunan torpaq sahəsini Quba regional “ASAN xidmət’’ notariat ofisinin 22 sentyabr 2022-ci il tarixli, 4Ə-2401 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirmiş, lakin hal-hazıradək X18 həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Qoşma ilə aşağıdakı sənədlər göndərilmişdir: - JN-326 KOD 30224018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan müəyyən olunur ki, İddiaçı3 və onun ailə üzvləri X5, İddiaçı1, İddiaçı2, X8 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3,84 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin planı və cizgisi (miqyas: 1:5000), koordinatları, qonşu sərhədləri göstərilmişdir, qaiməsi (sertifikatı) verilmişdir; - JN-192, KOD 30224018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” (§1).

7. Xaçmaz Rayon Dövlət Arxivinin 26 iyul 2023-cü il tarixli, 3-48-1812A/2- 6xx-xx/2023 nömrəli məktubu ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 saylı protokolundan Çarxı s/t sovxozuna aid hissənin, “Çarxı s/t” sovxozunun AİK-nın 13 aprel 1998-ci il tarixli, 03 saylı protokolunun və adlı siyahıdan vətəndaş İddiaçı1 (siyahıda 1243-cü) aid hissənin surətlərini qoşma şəklində göndərilmişdir. - Çarxı südçülük-tərəvəzçilik sovxozunun AİK-nın 13 aprel 1998-ci il tarixli, 03 saylı protokol çıxarışdan görünür ki, Çarxı südçülük-tərəvəzçilik sovxozu üzrə cəmi torpaq fondu 3491,3 ha, dövlət torpaqları 198 ha, bələdiyyə torpaqları 1197,9 ha, (o cümlədən k/t-na yararlı torpaqların 5% hesabı ilə 103 ha bələdiyyə ehtiyat fondu torpaqları) və 2094,4 ha xüsusi mülkiyyətə verilən torpaq sahələri (o cümlədən 1975 ha özəlləşən və 120,4 ha həyətyanı torpaq sahələri) müəyyən edilərək təsdiq olunsun. Çarxı s/t sovxozu üzrə adambaşına düşən orta torpaq normasının 0,78 ha müəyyən edilməsi, Çarxı südçülük-tərəvəzçilik sovxozu üzrə əmlak payçılarını 281 nəfər miqdarında təsdiq edilməsi qərara alınmışdır. - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 saylı protokolundan görünür ki, Çarxı südçülük-tərəvəzçilik sovxozu üzrə cəmi torpaq fondu 3491,3 ha, dövlət torpaqları 198 ha, bələdiyyə torpaqları 1197,9 ha, (o cümlədən k/t-na yararlı torpaqların 5% hesabı ilə 103 ha) və 2094,4 ha xüsusi mülkiyyətə verilən torpaq sahələri (o cümlədən 1975 ha özəlləşən və 120,4 ha həyətyanı torpaq sahələri) təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,78 ha orta torpaq payının müəyyən edilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 avqust 2023-cü il tarixli, 3- 21-3-60/2-1794/2023 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində JN-326 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın nüsxəsi aşkar edilməmişdir. Vətəndaş İddiaçı1 və onun ailə üzvlərinə aid mövcud sənədlərin təsdiq olunmuş surəti göndərilmişdir: - 18 may 1998-ci il tarixli “Xaçmaz rayon Çarxı südçülük-tərəvəzçilik sovxozu üzrə Aqrar İslahat Komissiyası üzrə pay almaq hüququ olan vətəndaşların siyahısı”ndan görünür ki, həmin siyahıda X5, İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 adları qeyd edilmişdir; - Çarxı südçülük-tərəvəzçilik sovxozunun AİK-nın 14 avqust 2000-ci il tarixli, 08 saylı protokolundan çıxarış; - Çarxı südçülük-tərəvəzçilik sovxozunun AİK-nın 8 sentyabr 2000-ci il tarixli, 02 saylı protokol çıxarışdan görünür ki, Çarxı kənd sakinləri İddiaçı3 və H.Hüsenovun ailə üzvləri ilə birlikdə bələdiyyənin ehtiyat fondu hesabına torpaq payı alan subyektlərin əlavə siyahısına daxil edilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3- 34/2-463/2024 nömrəli məktubu ilə İddiaçı1 iddiası üzrə daşınmaz əmlaka (əraziyə) dair ərazi idarəsinin mütəxəssis tərəfindən tərtib etdiyi mütəxəssis rəyi, torpaq sahəsinin ortofotodan çıxarış, ölçü-planı göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ BİRİNCİ İCRAAT

İddiaçı tərəfin tələbi və əsasları

10. İddiaçı1 (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-192, KOD 30224018 “torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə mülkiyyətinə verilən Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 0,8 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması və vahid daşınmaz əmlak şəklində dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini” xahiş etmişdir.

11. İddia tələbi işin hallarına (§1-9) istinad edərək onunla əsaslandırılmışdır ki, sözügedən torpağın sahəsi 0,8 ha təşkil edir. Artıq uzun illərdir ki, torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Lakin illərdir torpaq sahəsində təsərrüfat aparmağına baxmayaraq torpaq üzərində mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsünü və torpağa dair çıxarışı almaq mümkün olmamışdır. Bununla bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən əsassız imtina verilmişdir (§3). Belə ki, həmin torpağın onun mülkiyyətinə verilməsinə dair əsas olan dövlət aktı sənədi qüvvədədir, heç bir zaman da heç bir orqan tərəfindən ləğv olunmamışdır. Həmçinin həmin torpaq sahəsində təsərrüfat aparılır. Cavabdeh təşkilatın istinad etdiyi əsassız səbəb iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Hesab edilir ki, qeyd olunanları və iş materiallarına əlavə edilən sənədləri nəzərə alaraq, həmin torpaq üzərində mülkiyyət hüququnun tanınmasını cavabdeh təşkilatdan tələb edə bilər.

12. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1, 33.2, 33.4-cü maddələrinə istinad olunmuşdur.

13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

15. Cavabdeh iddia ərizəsinə etirazını bildirərək, onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilmiş JN-192 nömrəii (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə elan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə, müvafiq aqrar islahat komissiyasının qərarı ilə iddiaçılara ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon şöbəsi tərəfindən JN-326 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1, 15-ci maddələrinə istinad olunmuşdur.

17. Məhkəmənin 8 dekabr 2022-ci il tarixli, e-2-1(118)-2816/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə İddiaçı2, İddiaçı5, İddiaçı3 və X2 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

18. Məhkəmənin 10 yanvar 2023-cü il tarixli, e-2-1(118)-555/2023 nömrəli protokol qərardadı ilə İddiaçı2, İddiaçı5, İddiaçı3 və X2 (bundan sonra – “iddiaçılar”) üçüncü şəxslər qismində prosessual iştiraklarına xitam verilmiş, iddiaçılar qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

19. Məhkəmənin 18 yanvar 2023-cü il tarixli, e-2-1(118)-555/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, JN-192 KOD 30224018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə mülkiyyətə verilən Xaçmaz rayonu Çarxı kəndi ərazisində yerləşən 0,8 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3, X4, İddiaçı2 və İddiaçı5 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmuşdur.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023cü il tarixli, 2-1(105)-447/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-555/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, elektron baza məlumatlarında və təhvil verilmiş arxiv kitablarında iddiaçılara verilmiş dövlət aktının aşkar edilməməsi iddiaçıların təqsiri üzündən baş verməmişdir, həmin məlumatların dolğunluğuna və dəqiqliyinə inzibati orqan cavabdehdir və bu hal iddiaçıların mülkiyyət hüqunun pozulmasına gətirib çıxarmamalıdır. Bundan başqa qeyd olunan dövlət aktı qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv və ya etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin faktiki hallarını tam araşdırmamışdır. Birinci instansiya məhkəməsinin JN-326 KOD 30224018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın təsdiq edilmiş surətinin, həmin dövlət aktı üzrə mülkiyyət hüququnun qeydə alınıb-alınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq cavabdeh 31 oktyabr 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, JN-326 KOD 30224018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında 3,8354 ha torpaq sahəsinə dövlət reyestrindən İddiaçı3 və ailə üzvlərinin adına 18 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarış işlənmişdir. İddiaçı3 və ailə üzvləri yuxarıda qeyd olunan torpaq sahəsini Xaçmaz rayon 1 saylı notariat ofisinin 25 may 2022-ci il tarixli, 4Ə-876 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmiş, 8 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X15 mülkiyyət hüququ tanınmışdır. X20 qeyd olunan torpaq sahəsini Quba regional “ASAN xidmət’’ notariat ofisinin 22 sentyabr 2022-ci il tarixli, 4Ə-2401 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirmiş, lakin halhazıradək X18 həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Sorğuya cavaba əlavə edilən sənədlərdən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara verilmiş 3,84 ha torpaq sahəsinə dair Xaçmaz rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına 13 avqust 1998-ci il tarixli, JN-326 KOD 30224018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsi 326 nömrəli planşet üzrə 38354,50 kv.mdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə iddiaçılara ayrıldığı qeyd edilən 0,80 ha torpaq sahəsinə dair JN-192 KOD 30224018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından daha əvvəl AİK-nin həmin qərarı ilə iddiaçılara ayrıldığı göstərilən 3,84 ha torpaq sahəsinə dair JN-326 KOD 30224018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı isə məhkəmə iclasında JN-326 nömrəli və JN-192 nömrəli Dövlət Aktlarında qeyd edilən torpaq sahələrinin ayrı-ayrı torpaq sahələri olduğunu, torpaq sahələrindən birinin Çarxı kəndi, digərinin isə Xanlıqoba kəndində yerləşdiyini, aqrar islahat zamanı torpaq sahəsi ayrılarkən iddiaçıların Çarxı kəndində yaşadıqlarını, lakin Çarxı kəndinin əhalisi çox olduğundan həmin kəndlə yanaşı, başqa kəndlərdən də torpaq sahələri ayrıldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi JN-326 KOD 30224018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 nömrəli protokol qərarı ilə “Çarxı s/t” sovxozu üzrə cəmi 3491,3 ha olmaqla, dövlət mülkiyyətində saxlanılan torpaqlar 198 ha, bələdiyyə mülkiyyətinə verilən torpaqlar 1197,9 ha (o cümlədən, kənd təsərrüfatına yararlı torpaq sahələrindən bələdiyyə ehtiyat fondu üçün 103 ha) və xüsusi mülkiyyətə verilən torpaqlar 2095,4 ha (o cümlədən 1975 ha özəlləşən torpaqlar və 120,4 ha həyətyanı torpaq sahələri), təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,78 ha orta torpaq payının müəyyən edilməsi barədə “Çarxı s/t” sovxozu AİK-nin 13 aprel 1998-ci il tarixli, 03 nömrəli protokol qərarının təsdiq edilməsi qərara alınmışdır. Sorğuya cavaba əlavə edilən Xaçmaz rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş torpaq payı almaq hüququ olan subyektlərin siyahısından çıxarışdan görünür ki, cədvəlin 1239-1243-cü bəndlərində adları qeyd edilmiş X5, İddiaçı3, X16, İddiaçı2 və İddiaçı1 Çarxı kəndində 0,12 ha həyətyanı torpaq sahəsi ayrıldığı göstərilmişdir. Aqrar islahat zamanı iddiaçılara 0,12 ha həyətyanı torpaq sahəsi ayrılsa da, işdən görünür ki, hazırda iddiaçıların üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədikləri 0,80 ha torpaq sahəsi pay torpaq sahəsidir. Həmçinin, Xaçmaz rayon AİK-nin 18 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,78 ha orta torpaq payının müəyyən edilməsi barədə “Çarxı s/t” sovxozu AİK-nin 13 aprel 1998-ci il tarixli, 03 nömrəli protokol qərarının təsdiq edilməsi qərara alınsa da, birinci instansiya məhkəməsi tərəfindən Dövlət Arxivinə təkrar sorğu verilərək “Çarxı s/t” sovxozu AİK-nin qeyd edilən qərarının arxiv surətinin məhkəmə təqdim edilməsi tələb edilməmişdir. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi, məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halları araşdırılmaq məqsədilə hazırda mübahisələndirilən 0,80 ha torpaq sahəsinin JN 326 KOD 30224018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən torpaq sahəsinin hüdudları daxilində yerəşibyerləşməməsi, eləcə də digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşüb düşməməsi ilə bağlı mütəxəssis rəyi alınmalı, torpaq sahəsinin yerində müayinə edilərək müayinə aktının məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana sorğu verilməli, habelə iddiaçıların adına JN-326 KOD 30224018 qeydiyyat nömrəli və JN 192 nömrəli Dövlət Aktlarının tərtib edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu verilməli, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə təsdiq edilmiş Çarxı s/t” sovxozu AİK-nin xx.xx.1998-ci il tarixli, 03 nömrəli protokol qərarı və aqrar islahat zamanı pay torpaq sahəsi almaq hüququ olan vətəndaşların adlı siyahısı Xaçmaz Rayon Dövlət Arxivindən tələb edilməli, işin qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ HAZİRKİ İCRAAT

c) Tərəflərin iştirakı və izahatları:

22. İddiaçıların vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iştirakları olmadan işə baxıb iddianın təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

29. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

30. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

32. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-)

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

34. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 5.Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

35. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)

37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-).

Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

40. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (-) 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

c) Məhkəmənin mövqeyi

41. Yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır.

42. Apellyasiya instansiya məhkəməsinin qərardadında işə təkrar baxılarkən aşağıdakı halların araşdırılmalı olması qeyd edilmişdir: - hazırda mübahisələndirilən torpaq sahəsinin JN 326 KOD 30224018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən torpaq sahəsinin hüdudları daxilində yerəşib-yerləşməməsi, digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi ilə bağlı mütəxəssis rəyi alınmalı, torpaq sahəsinin yerində müayinə edilərək müayinə aktının məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana sorğu verilməli, - habelə iddiaçıların adına JN-326 KOD 30224018 qeydiyyat nömrəli və JN 192 nömrəli Dövlət Aktlarının tərtib edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu verilməli, - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Çarxı s/t” sovxozu AİK-nin 13 aprel 1998-ci il tarixli, 3 nömrəli protokol qərarı və aqrar islahat zamanı pay torpaq sahəsi almaq hüququ olan vətəndaşların adlı siyahısı Xaçmaz Rayon Dövlət Arxivindən tələb edilməli.

43. İşə birinci instansiya məhkəməsində baxılan zaman apellyasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla məhkəmə araşdırma aprılmışdır.

44. Belə ki, Xaçmaz Rayon Dövlət Arxivinin 5 oktyabr 2022-ci il tarixli, 738 nömrəli məktubu ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 saylı protokolunun və həmin protokola əlavə olan adlı siyahıdan iddiaçıya aid hissənin təsdiqlənmiş arxiv surəti qoşma ilə göndərilmişdir.

45. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, JN-326 KOD 30224018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında 3,8354 ha torpaq sahəsinə dövlət reyestrindən iddiaçı və ailə üzvlərinin adına 18 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarış işlənmişdir. İddiaçı və ailə üzvləri yuxarıda qeyd olunan torpaq sahəsini Xaçmaz rayon 1 saylı notariat ofisinin 25 may 2022-ci il tarixli, 4Ə-876 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən, X15 adına özgəninkiləşdirilmiş, 8 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X15 mülkiyyət hüququ tanınmışdır. Əlavə olaraq bildirilir ki, X20 qeyd olunan torpaq sahəsini Quba regional “ASAN xidmət’’ notariat ofisinin 22 sentyabr 2022-ci il tarixli, 4Ə-2401 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirmiş, lakin hal-hazıradək X18 həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir.

46. JN-326 KOD 30224018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ndan müəyyən olunur ki, iddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3,84 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin planı və cizgisi (miqyas: 1:5000), koordinatları, qonşu sərhədləri göstərilmişdir, qaiməsi (sertifikatı) verilmişdir.

47. Xaçmaz Rayon Dövlət Arxivinin 26 iyul 2023-cü il tarixli, 3-48-1812A/2- 6xx-xx/2023 nömrəli məktubu ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 06 saylı protokolundan Çarxı s/t sovxozuna aid hissənin, “Çarxı s/t” sovxozunun AİK-nın 13 aprel 1998-ci il tarixli, 03 saylı protokolunun və adlı siyahıdan iddiaçıya (siyahıda 1243-cü) aid hissənin surətlərini qoşma şəklində göndərilmişdir. Müəyyən olunmuşdur ki, Çarxı südçülüktərəvəzçilik sovxozu üzrə cəmi torpaq fondu 3491,3 ha, dövlət torpaqları 198 ha, bələdiyyə torpaqları 1197,9 ha, (o cümlədən k/t-na yararlı torpaqların 5% hesabı ilə 103 ha bələdiyyə ehtiyat fondu torpaqları) və 2094,4 ha xüsusi mülkiyyətə verilən torpaq sahələri (o cümlədən 1975 ha özəlləşən və 120,4 ha həyətyanı torpaq sahələri) müəyyən edilərək təsdiq olunsun. Çarxı s/t sovxozu üzrə adambaşına düşən orta torpaq normasının 0,78 ha müəyyən edilməsi, Çarxı südçülüktərəvəzçilik sovxozu üzrə əmlak payçılarını 281 nəfər miqdarında təsdiq edilməsi qərara alınmışdır.

48. 16 yanvar 2024-cü il tarixli, 3-21-3-34/2-463/2024 nömrəli məktubu ilə İddiaçı1 iddiası üzrə daşınmaz əmlaka (əraziyə) dair ərazi idarəsinin mütəxəssis tərəfindən tərtib etdiyi mütəxəssis rəyi, torpaq sahəsinin ortofotodan çıxarış, ölçüplanı göndərilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar müəyyən olunmuşdur: - faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 192, KOD 30224018 qeydiyyat nömrəli torpağa mülkiyyət hüquna dair Dövlət Aktına uyğundur; - faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 326, KOD 30224018 qeydiyyat nömrəli torpağa mülkiyyət hüquna dair Dövlət Aktına uyğundur; - faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür; - faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası əkindir.

49. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də, cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

50. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”

51. Göstərilənlərdən əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(102)-1533/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. ...”

52. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-9), qanunvericiliyin normalarını (§33-40), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

53. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. JN-192, KOD 30224018 “torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 0,8 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3, X4, İddiaçı2 və İddiaçı5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar