Məhkəmə qərarları › İş №2-1(118)-725/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-725/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-725/2021 12.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Onun, yəni İddiaçı iddia tələbini təmin edib, Sumqayıt şəhər İcra Hakkimiyyətindən maddi ziyan olaraq 50.000 manatın, mənəvi ziyan olaraq 50.000 manatın, cəmi 100.000 manat məbləğində pulun alınaraq ona verilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Onun, yəni İddiaçı iddia tələbini təmin edib, Sumqayıt şəhər İcra Hakkimiyyətindən maddi ziyan olaraq 50.000 manatın, mənəvi ziyan olaraq 50.000 manatın, cəmi 100.000 manat məbləğində pulun alınaraq ona verilməsi”nə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Sumqayıt şəhər İcra Hakimiyyətinin Tağıyev qəsəbə icra nümayəndəsi Bəyi Əliverdiyev tərəfindən 20 kv.metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhəri H.Zeynalabdin Bələdiyyəsinin R-1 saylı xx xxxx 2004-cü il tarixli müraciətinə əsasən iddiaçıya, H.Zeynalabdin qəsəbəsi ərazisində mövcud ticarət obyektinin genişləndirilməsi və yenidən qurulması üçün torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində baxılmış və 253 saylı xx xxxxxx 2004-cü il tarixli rəy verilmişdir. Həmin rəyi aldıqdan sonra ona ayrılmış 20 kv.metr torpaq sahəsində bir mərtəbəli, bir otaqlı, iki daşdan hörülmüş ərzaq mağazası inşa etmişdir. Vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. 10 ilə yaxın ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Vergi və pensiya fond ödənişləri etmişdir. İstifadəsində olan mağazanın vergidə qeydiyyatdan keçmiş kassa aparatı olmuşdur. Təxminən 2012-ci ildə Sumqayıt Şəhər İcra Başçısının müavini Sahib Quliyevin göstərişi ilə gəldiklərini bildirən icra orqanı əməkdaşları Bakı-Quba yolunun təmizlənməsi ilə bağlı, mağazası yolu 35 metrlik məsafəsində yerləşdiyindən iddiaçının onlara 10.000 (on min) manat ödəməli olduğuna dair tələb irəli sürmüşlər, əks halda mağazanın uçurulacağını bildirmişlər. İddiaçı isə tələb olunan pulu ödəməkdən imtina etmişdir. Ona görə iddiaçı İran İslam Respublikasında müalicədə olduğu vaxt, icra orqanı əməkdaşları polis işçilərinin iştirakı ilə məhkəmənin heç bir qərarı olmadan və ona kompensasiya məbləği ödənilmədən içərisində 10.000 manat dəyərində əmlakı (2 ədəd soyuducu, 2 marojna aparatı, 1 ədəd vitrin, 1 ədəd şkaf soyuducu, kassa aparatı və sair ərzaq məhsulları) olan mağazanı ekskavatorla uçuraraq ona külli miqdarda ziyan vurmuşlar. Bunu çoxsaylı şahidləri təsdiq edə bilər. Dəfələrlə insan, vətəndaş və fərdi sahibkar hüquqlarımın pozulduğuna dair yuxarı instansiya orqanlarına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, 2012-ci ildə Başçı Eldar Əzizova, daha sonra 2015-ci ildə Başçı Zakir Fərəcova şikayətlər etsə də, hətta bir dəfə Zakir Fərəcovun qəbulunda olsa da, ona vurulmuş ziyanla bağlı başçı Zakir Fərəcov əvvəl tədbir görülməsini öz əməkdaşlarına həvalə etsə də, sonradan şikayət ərizəsinə heç bir cavab verilməmiş, pozulmuş hüquqları bərpa edilməmiş və vurulan ziyanın əvəzi ona ödənilməmişdir. İddiaçı hesab edir ki, icra orqanı əməkdaşları ən azından onun əmlakını həmin mağazadan çıxartmağına şərait yaratmalı, sonra dağıntı, söküntü aparmalı idi, lakin bunu etməmiş və ona külli miqdarda ziyan vurmuşlar. Bundan başqa Sumqayıt şəhər İcra Hakimiyyəti sənədlərinin olub-olmaması barədə heç bir araşdırma aparmadan, iddiaçıya rəsmi xəbərdarlıq etmədən, ona məxsus obyektin sökülməsinə dair heç bir inzibati akt qəbul etmədən mağazanı içərisində olan əmlakı ilə birgə rüşvət vermədiyimə görə qəsdən və qərəzli olaraq sökmüşdür. Halbuki, iddiaçıya məxsus 20 kv.metr ərazidə yerləşən mağaza 10 il mövcüd olmuş, o, vergi ödəyicisi kimi heç bir fəaliyyət göstərmişdir. Yuxarıda qeyd olunduğu kimi mağazanın vergidən qeydiyyatdan keçmiş kassa aparatı olmuşdur. Bundan başqa baş vermiş hadisə nəticəsində, mağaza qanunsuz söküldüyünə görə vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış, ailəsi yeganə qazanc, gəlir yerindən məhrum olmuş, əmlakına və mülkiyyətinə külli miqdarda maddi ziyan dəymiş, özü müflis olmuş, mənəvi əzab çəkmiş, fəaliyyətini bir daha bərpa edə bilməmişdir. Qeyd edir ki, o, ticarət fəaliyyətinə başlamaq üçün yeganə yaşayış yeri olan evini satmışdır ki, ticarət fəaliyyətində əldə etdiyi qazanc və gəlirindən həm ailəsinin ehtiyaclarını təmin etsin, həm də yeni ev alsın. Lakin onun bu arzusu gözündə qalıb. İddiaçıya ziyan vurulduğuna görə əsəb, stress keçirtmiş, ona vurulmuş ziyanın əvəzi ödənilmədiyinə görə qazancından, gəlirindən məhrum olmuş, müflis olmuş, yeni mənzil ala bilməmişdir. Evsiz və işsiz qaldığından kirayədə və ehtiyac içində yaşayır. Qeyd edir ki, ona məxsus 20 kv.metr ərazidə yerləşən mağazanın heç kimə və heç nəyə zərəri olmamışdır, heç kimə və heç nəyə maneə yaratmamışdır. Xüsusi qeyd edir ki, digər obyektlər yolun 10 metrliyindən yerləşməsinə baxmayaraq dağıdılmamış, iddiaçıya məxsus ticarət obyekti yolun 35 metrliyindən yerləşməsinə baxmayaraq o, İran İslam Respublikasında müalicədə olduğu müddətdə qəsdən və qərəzli olaraq dağıdılmışdır. Mağaza dağıdıldığından sahibkarlıq fəaliyyətini dayandırmış, qazanc və gəlir mənbəyindən məhrum olmuşdur. Çoxsaylı şikayətlərinə baxmayaraq dövlət qurumları heç bir tədbir görməmiş, ona məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Sumqayıt şəhər İcra hakimiyyəti isə çoxsaylı məktubları ilə iddiaçıya ünvanladığı məktublarda müxtəlif cavablar ünvanlamış, açıq-aşkar göstərmişdir ki, qeyri-qanuni tikilmiş obyekt Bakı-Quba yolunun Rusiya Federasiyasının sərhədinə qədər genişləndirilərək yenidən qurulmuş yolun mühafizə zolağına düşdüyü üçün ərazi ilkin vəziyyətə qaytarılmışdır. Ticarət obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması məqsədilə iddiaçı aidiyyəti üzrə bələdiyyəyə müraciət edə bilər». Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısınını müavini Sahib Quliyevin KL-374, 374/2 Ns-li, xx.xx.2015-ci il tarixli məktubuna əsasən iddiaçıya «şəhər ərazisində memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına uyğun olaraq abadlıq və quruculuq sahəsində sosial obyektlərin, küçələrin, yolların, parkların və meydanların başdan-başa əsaslı təmiri və yenidənqurulması, evlərarası ərazilərin, məhəllələrin, keçidlərin, yaşıllıq zolaqlarının bərpa olunması, sanitar norma və qaydalara riayət edilməsi istiqamətində aparılmış genişmiqyaslı işlər çərçivəsində, baş planda nəzərdə tutulmayan, müasir tələblərə cavab verməyən, sənədləşməsi düzgün aparılmayan və ya başa çatdırılmayan, zövqsüz obyektlər və müvəqqəti köşklər yerləşmiş sahələr, o cümlədən vaxtilə istifadənizdə olmuş bu tipli quraşdırmaların mövcüd olduğu ərazi ilkin vəziyyətə qaytarılmışdır» cavabı verilmişdir. Hazırda mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edimiş, iddianın mümüknlüyü müzakirə edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddianın iddianın mümkün sayılmaması ilə bağlı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı inzibati orqandan vurulmuş ziyana görə kompensasiya tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçı məhkəmədə qaldırdığı kompnsasiya tələbini ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. İddiaçının 2012-2015-ci illərdə cavabdehə çoxsaylı müxtəlif müraciətləri olsada, iddia qaldırılmamışdan əvvəl hazırkı tələblə inzibati orqana müraciət edilməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunsun ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar