Məhkəmə qərarları › İş №2-1(118)-727/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-727/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-727/2022 30.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı “Xırdalan bələdiyyəsinin 17 noyabr 2021-ci il tarixli 02/06-252 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı iddia qaldıraraq “Xırdalan bələdiyyəsi tərəfindən torpaq vergisi kimi səhv hesablanmış 372 manat borcun silinməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Xırdalan bələdiyyəsinin 17 noyabr 2021-ci il tarixli 02/06-252 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin noyabr ayında cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçıya bildirilmişlər ki, sənin bələdiyyəyə üç ilə 292,79 manat torpaq vergisi borcun vardır və ödəməsini tələb etmişlər. İddiaçı onlara bildirmişdir ki, həmin ili ödəyir, o biri illəri ödəməyə imkanı yoxdur. İlk dəfə ona bildiriş verəndə məbləğ 292.79 manat olmuşdur. Sənədlər icra orqanına gedəndən sonra onu çağırıb, ona 372.72 manat borc olduğunu bildirmişlər. Sonra ərizələrinə qeyd etmişlər ki, dəfələrlə ona xəbərdarlıq ediblər. O isə noyabr ayında birinci dəfədir ki, bələdiyə işçilərini görmüşdür. O da onlara 2021-ci ilin vergisini 76.00 manat ödəmişdir. Bu zaman əməkdaşlar uzaqlaşmış və sonradan 17 noyabr 2021-ci il tarixli qərar icra şöbəsinə göndərilmişdir. Guya bu vaxta qədər xəbərdarlıqlar olunmuş, lakin o, icra etməmişdir. İcradan zəng gəldiyi zaman bu barədə qərardan xəbərdar olmuşdur. Tanış olan zaman görmüşdür ki, son 3 il ərzində ödənişlər və buna müvafiq cərimələr hesablanmışdır. İnzibati orqan bu vaxda qədər xəbərdarlıq etmədən onun ödəniş etməsinə baxmayaraq heç bir tədbir görməmişdir. Buna görə də Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı müasibəti məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Xırdalan bələdiyyəsinin 02/06-252 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - Abşeron rayon Xırdalan bələdiyyəsinin İddiaçı ünvanladığı 12 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu ilə Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən, mülkiyyətində olan 220 kv.m əmlak, 144,7 kv.m torpaq sahəsinə görə 2021-ci ilin 15 avqust tarixinə qədər hesablanmış bir illik əmlak vergisinin 77,58 manat, 2019- 2020-ci illərdən qalan 193,95 manat əmlak, torpaq vergisi, ödənilməmiş ötmüş hər bir gün üçün faiz məbləği 60,05 manat hesablandığı bildirilmiş, əmlak və torpaq vergisinin ödənilməsi tövsiyyə edilmişdir. - ********* saylı və ********* saylı 03.12.2021-ci il tarixli mədaxil qəbzlərdən görünür ki, X1 tərəfindən bələdiyyə əmlak vergisi qismində Xırdalan bələdiyyəsinin hesabına 60 manat və 16 manat pul vəsaiti ödənilmişdir. - ********** saylı, 12 noyabr 2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçıya 2021-ci il üçün 292.79 manat məbləğində əmlak və torpaq vergisi hesablanmışdır. - ********** saylı, 17 noyabr 2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçıya 2021-ci il üçün 372,72 manat məbləğində əmlak və torpaq vergisi hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, bələdiyyə tərəfindən iddiaçıya 372,22 manat məbləğində vergi hesablamış, həmin vergi məbləğinin tutulması üçün “İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 02/06- 252 saylı, 17 noyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra - avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 02/06-252 saylı, 17 noyabr 2021-ci il tarixli qərar onu qəbul edən inzibati orqan Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda 2019-cu ildən torpaq vergisi hesablandığı qeyd olunsa da, məhkəmə icraatında ayrı-ayrı illər üzrə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə (avqust ayının 1-dən gec olmayaraq) tədiyyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. - sözügedən qərarda iddiaçının torpaq sahəsinə görə 2019-cu ildən başlayaraq mülkiyyətində olan 220 kv.m əmlak, 144,7 kv.m torpaq sahəsinə görə 2021-ci ilin 15 avqust tarixinə qədər hesablanmış bir illik əmlak vergisinin 77,58 manat, 2019-2020-ci illərdən qalan 193,95 manat əmlak, torpaq vergisi, ödənilməmiş ötmüş hər bir gün üçün faiz məbləği 60,05 manat hesablandığı qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, torpaq vergisi üzrə ayrı-ayrılıqda vergi borcunun məbləği, illər üzrə ödənilməli olan vergilərin məbləği, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilibedilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. - bundan başqa cavabdeh orqan 02/06-252 saylı, 17 noyabr 2021-ci il tarixli qərarında borcun hesablanmasının əsası kimi yalnız “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 19.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qeyd olunan normadan göründüyü kimi həmin norma verigilərin ödənilməsi əsaslarını, şərtlərini müəyyən edən norma deyildir. Həmin norma ilə torpağın icarə haqqının anlayışı verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 02/06-252 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 02/06-252 saylı, 17 noyabr 2021-ci il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron ray on Qobu bələdiyyəsinin 02/06-252 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan bələdiyyəsinin 02/06-252 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar