Məhkəmə qərarları › İş №2-1(118)-727/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-727/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-727/2023 25.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkiln iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdehin üzərinə uşağı xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət onun ümumi iş stajı nəzərə alınmaqla 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdehin üzərinə uşağı xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət onun ümumi iş stajı nəzərə alınmaqla 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2022-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən, ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bununla əlaqədar olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensia təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 55920,00 manat təşkil edirdi. Buna görə də həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Sözügedən Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş (hazırda 58 yaş) çatdıqdan sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Məlumat üçün bildiririk ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə 0.08.1985-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “Azərikimya” İstehsalat Birliyi keçmiş “Üzvi Sintez” azvodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt “Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı ilə “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnz məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətlərinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Qanunvericiliyin tələbləri aşağıdakı şəkildədir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək qanunun 9-cu maddəsində göstərilən işlərdə güəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İmtina məktubu “ASAN xidmət” mərkəzi tərəfindən ona 12 sentyabr 2022-ci ildə təqdim edilmiş, həmin qeyd edilən tarixdə imza edilməklə imtina məktubu və digər sənədləri qəbul etmişdir. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə onun 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə on il işləməsi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun (50+2) 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. İddiaşı, xx.xx.1967-ci ildə anadan olmuşdur. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 75 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1985-ci ildən xx.xx.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “ Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində nasos qurğu maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 2-ci bəndinin 1080A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cəmi 1 il 10 aydır. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 76 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.2006-ci ildən xx.xx.2013-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində kompressor, nasos qurğu maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli 12 nömrəli qərarın 8-ci bölməsinin 8.3.2. bəndinə əsasən siyahıda sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Cəmi 8 il 5ay 1 gün təşkil edir. Həmin arayışlarda qeyd edilən güzəştli şərtlərlə pensiya 20 ildən artıqdır. Etilen - Polietilen Zavodunun 75, 76 saylı arayışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş tələb edilən 10 ildən güzəştli şərtlərlə imtiyazlı iş stajı təsbit olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək qanununu 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir.Yəni 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”qanuna istinad edilir. “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq üç yaşına çatanadək və üst-üstə altı ildən çox olmayan müddət iş stajına daxil edilir. İddiaçının uşağı X3 xx.xx.1998-ci ildə anadan olmuşdur. Yəni xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə kimi “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət onun iş stajı ümumi iş stajına əlavə edilir. Əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 31 dekabr 2005-ci il tarixinədək ümumi iş stajı 20 ildən artıq 21 il 3 ay 22 gün, güzəştli şərtlərlə on ildən artıq 20 il 4 ay 26 gün iş stajı vardır. 3.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı 11 may 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialında iddiaçının müraciəti araşdırılmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 55920,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 34400,68 manat təşkil edir. Beləliklə iddiaçının: 1) Şəxsiyyət vəsiqəsinə əsasən 55 yaşı vardır; 2) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29 iyun 2022-ci il tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Buna görə də həmin tarixədək iddiaçıya güzşətli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarına əlavə olunmuş arayışa əsasən, iddiaçın xx.xx.1985- 10.2013-cü il tarixləri arasındakı dövr ərazində “Aəzrikimya” İstehsalat Birliyi keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsisexində işləməsi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına ad məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərazində ödənişsiz məzuniyyətdə olması müəyyən edilib. Bu fakt Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı ilə “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun birgə aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeydedilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil etmək mümkün olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən,cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun və əsaslı, iddia tələbi isə qanunsuz və əsassız olduğundan iddia rədd edilməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 19 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. - Azərbaycan SSR X6 Təhsil Komitəsi tərəfindən verilmiş 756297 saylı, 25 iyul 1985-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1984-cü ildə Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 25 iyul 1985-ci ildə kompressor qurğuları üzrə maşinist peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. - İddiaçıya məxsus 12 avqust 1985-ci ildə açılmış ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 01.09.984-cü ildən xx.xx.1985-ci ilədək təhsil almış, xx.xx.1985-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. - XXİ-ЖГ 344167 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.1998-ci ildə anadan olmuşdur və onun “anası” qarafasında İddiaçı adı qeyd edilmişdir. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar şöbəsinin 75 və 76 saylı 20 aprel 2022-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 05 avqust 1985-ci ildən 31 dekabr 2005-ci ilə kimi və 01 yanvar 2006-cı il tarixdən 10 dekabr 2013-cü il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez” zavodunun məişət və sənaye çirkab sularının təmizlənməsi sexində kompressor, nasos qurğu maşınisti peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 2-ci bəndinin 1080AO20 şifrinə əsasən 2 saylı siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 8-ci bölməsinin 8.3.2-ci bəndinə əsasən siyahısında sadalanan çirkab sənaye sularının neytrallaşdırılması və tənzimlənməsi istehsalatında güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də qismən əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasını iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması və xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərazində ödənişsiz məzuniyyətdə olması ilə əsaslandırmışdır. Beləliklə mübahisə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması və ödənişsiz məzuniyyətdə olduğu dövrlər ilə bağlıdır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə mübahisə iddiaçıya əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna müvafiq olaraq 52 yaşdan pensiya təyin edilməsi ilə bağlıdır. Cavabdeh orqan iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən onun qeyd edilən qanunla tələb olunan pensiya kapitalına və ümumi iş stajına malik olmaması səbəbindən imtina etmişdir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına malik olubolmamasına münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1998-cixx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasında xx.xx.1998-ci il təvəllüdlü X2 işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti onun sosial sığorta stajının hesablanması zamanı nəzərə almamışdır. İddiaçı tələbində həmin dövrlərin də sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd olunan dövlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq ümumi iş stajına daxil edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının övladı 04 sentyabr 1998-ci il təvəllüdlüdür. Belə olan halda, iddiaçının uşağının 3 yaşına çatanadək ona qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməli olması qanunun tələbindən irəli gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi müddətdə körpə uşağına qulluq etdiyi müddət ona əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İddiaçının xüsusi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının ona xüsusi şərtlərlə pensiya təyin edilməsi üçün 10 il hətta daha çox xüsusi iş stajına malik olması “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar şöbəsinin 74 saylı və 75 saylı xx.xx.2022-ci il tarixli arayışları ilə təsdiq olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər – iddiaçının xüsusi iş stajı kimi nəzərə alınmadığı halda da (xx.xx.1985-xx.xx.1998, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001xx.xx.2005) iddiaçının “17 il 4 ay 18 gün” xüsusi iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, iddiaçının 52 yaşı tamam olduğundan və güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna malik olduğundan yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmə iddiaçının digər tələbinə, yəni ona güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı xx.xx.2017-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh orqana pensiya təyinatı ilə bağlı 07 may 2022-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona əmək pensiyası müraciət etdiyi tarixdən 3 il əvvəldən, yəni 07 may 2019-cu il tarixdən ödənilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar