Məhkəmə qərarları › İş №2-1(118)-7273/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7273/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7273/2025 05.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 14 noyabr 2014-cü il tarixli,13 saylı iclasının 36 saylı və 17 iyun 2025-ci il tarixli, 11 saylı iclasının 28 saylı qərarları əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində S.Vurğun küçəsində yerləşən sahəsi 2752 kv.m olan torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 14 noyabr 2014-cü il tarixli,13 saylı iclasının 36 saylı və 17 iyun 2025-ci il tarixli, 11 saylı iclasının 28 saylı qərarları əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində S.Vurğun küçəsində yerləşən sahəsi 2752 kvadrat metr olan torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 11 dekabr 2017-ci il tarixli, 275 nömrəli sərənamının surətindən görünür ki, həmin sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2014-cü il tarixli, 258 nömrəli sərəncamının 1-ci bəndinə dəyişiklik edilərək həmin bəndin "xxxx" Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhəri,14-cü məhəllə ərazisində 4000 kvadrat metr sahədə çoxmərətbəli yaşayış binasının layihələndirilməsinə, tikintisinə və sökülməsi nəzərdə tutulan 1a/3b nömrəli, 4 mərtəbəli yaşayış binasının yerləşdiyi sahə də nəzərə alınmaqla 1950 kv.metr sahənin abadlaşdırılmasına icazə verilsin sözləri kimi oxunması müəyyən edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 258 nömrəli sərəncamı verildikdən sonra, "xxxx" Mənzil Tikinti Kooperativi ərizə ilə bələdiyyəyə müraciət edərək, sözügedən torpaq sahəsinin icarəsinə verilməsini xahiş etmişdir. Sumqayıt bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 saylı iclasının 36 saylı qərarı ilə torpaq müsabiqəsinə çıxarılması məqsədilə Sumqayıt şəhər, 14-cü məhəllə ərazisində yerləşən S.Vurğun küçəsində hündürmərtəbəli yaşayış binasının tikintisi üçün 4000 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyata alınması proseduruna başlanılmışdır. Sumqayıt bələdiyyəsi tərəfindən cavabdeh orqana müraciət edilərək, qeyd edilən 4000 kv.metr torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xahiş olunsa da, cavabdeh tərəfindən müraciətn təmin edilməsindən imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində, S.Vurğun küçəsində yerləşən, Sumqayıt Bələdiyyəsi ərazisindən sahibkarlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulan 2910.0 kv.m torpaq sahəsinə dair iddiaçı müayinə (baxış) aktının hazırlanması, rəy və çıxarışın verilməsi verilməsinə köməklik göstərilməsi ilə bağlı 27 may 2025-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət 3-21-3-31/1-2122/2025 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı olaraq bildirirlər ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin məktubuna əsasən bildiririk ki, müvafiq qurumların rəyi və qiymət arayışı əlavə edilmədiyindən, həmçinin müayinə (baxış) aktında torpaq sahəsində mübahisəli halının mövcudluğu barədə qeyd olduğundan işin icrası mümkün olmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Sumqayıt Şəhər İcra Hakimiyyətinin 258 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı; Sumqayıt bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 11 protokol nömrəli qərarı; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 18 iyul 2025-ci il tarixli imtina məktubu və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 saylı iclasının 36 saylı qərarına əsasən Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində, S.Vurğun küçəsi yerləşən 4000 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Buna dair A № 528694 saylı “Torpaq sahəsinin plan-ölçüsü” sənədi tərtib edilmişdir. Daha sonra Sumqayıt bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 11 saylı qərarı ilə Sumqayıt bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 13 saylı iclasının 36 saylı qərarına əlavə və dəyişikliklər edilərək, sənədləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 2752 kv.metr olaraq müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 18 iyul 2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi - müvafiq qurumların rəyi və qiymət arayışı əlavə edilmədiyindən, həmçinin müayinə (baxış) aktında torpaq sahəsində mübahisəli halın mövcudluğu barədə qeyd olduğundan işin icrasının mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 258 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 4000 kv.metr torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 275 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 258 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əlavə və dəyişikliklər edilərək, “Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 258 nömrəli sərəncamının birinci bəndinin "xxxx" Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində 4000 kv.metr sahədə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə, tikintisinə və sökülməsi nəzərdə tutulan 1a/3b nömrəli, 4 mərtəbəli yaşayış binasının yerləşdiyi sahə də nəzərə alınmaqla 1950 kv.metr sahənin abadlaşdırılmasına icazə verilsin” kimi oxunması qərar alınmışdır. Bundan sonra "xxxx" Mənzil Tikinti Kooperativi bələdiyyəyə müraciət edərək, sözügedən torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində, S.Vurğun küçəsi yerləşən 4000 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduruna başlanmasına dair Sumqayıt bələdiyyəsinin xx.xx.2014cü il tarixli, 13 saylı iclasının 36 saylı qərarı qəbul edilmiş, qanunvericiliyə əsasən müvafiq rəylər alındıqdan sonra, adına A № 528694 saylı “Torpaq sahəsinin plan-ölçüsü” sənədi tərtib edilmişdir. Lakin sonradan bələdiyyəyə məlum olmuşdur ki, sənədləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 2752 kv.metrdir. Belə olan halda, Sumqayıt bələdiyyəsi tərəfindən Sumqayıt bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 11 saylı iclasının 28 saylı qərarı ilə xx.xx.2014-cü il tarixli, 13 saylı iclasının 36 saylı qərarına əlavə və dəyişikliklər edilərək, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 2752 kv.metr müəyyən edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinin tam və hərtərəfli araşdırılması üçün aidiyyatı üzrə sorğular vermişdir. Məhkəməyə sorğu əsasında təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: Torpaq sahəsi istifadə xüsusiyyətinə görə bələdiyyənin hansı torpaqlarına aiddir: Torpaq sahəsi istifadə xüsusiyyətinə görə bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir; Torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun hansı növünə aiddir: Torpaq sahəsi ehtiyat məqsədləri daşıyan digər bələdiyyə (yaşayış məntəqələrinin torpaqları) torpaqlarında yerləşir; Naturada (yerində) faktiki ölçüsü və ya ayrılması mümkün olan ölçüsü: 0,2752 ha; Ümumi metal lövhə ilə hasara alınmış 3350 kv.metr torpaq sahəsinin 598 kv.metr hissəsi **********29-06101 saylı çıxarışla hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır, qalan 2752 kv.metr torpaq sahəsi sahibkarlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsidir; Torpaq sahəsinin istifadəçiliyi ilə bağlı yerdə (naturada) mövcud olan və yarana biləcək mübahisəli hallar barədə məlumat: Torpaq sahəsində mübahisə halı mövcuddur (qonşuluqda yerləşən yaşayış binasının sakinləri nəzərdə tutulan torpaq sahəsində yaşıllığın məhv edilərək, tikinti işlərinin aparılmasına etiraz etdilər); Daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququn qeydiyyata alınıbalınmaması barədə məlumat: Elektron məlumat bazasına əsasən mövcud deyildir; Elektron məlumat bazasına əsasən torpaq sahəsi üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış başqa torpaq sahəsi ilə üst-üstə düşmür. İcarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi ləğv edilmiş DTXK-i tərəfindən Sumqayıt bələdiyyəsinin adına A № 528694 (**********7716) nömrəli plan ölçü sənədi ilə üst-üstə düşür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Bələdiyyəsinin 14 noyabr 2014-cü il tarixli,13 saylı iclasının 36 saylı və 17 iyun 2025-ci il tarixli, 11 saylı iclasının 28 saylı qərarları əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində S.Vurğun küçəsində yerləşən sahəsi 2752 kvadrat metr olan torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 14 noyabr 2014-cü il tarixli,13 saylı iclasının 36 saylı və 17 iyun 2025-ci il tarixli, 11 saylı iclasının 28 saylı qərarları əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində S.Vurğun küçəsində yerləşən sahəsi 2752 kvadrat metr olan torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar