Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-728/2022 15.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X3 və onun azyaşlı ailə üzvləri 26 iyul 2016-cı il təvəllüdlü X13 Ruslanın, 29 may 2015-ci il təvəllüdlü X9, 21 sentyabr 2012-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23-cü mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X3 və onun azyaşlı ailə üzvləri 26 iyul 2016-cı il təvəllüdlü X13 Ruslanın, 29 may 2015-ci il təvəllüdlü X9, 21 sentyabr 2012-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23cü mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cıı mikrorayon ünvanında yerləşən 65 saylı evin 23-cü mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 17.11.2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış təsdiq edir. Sözügedən mənzili o, 05.11.2021-ci ildə AN-İ Seriyalı ******* saylı "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsi əsasında X1 almışdır. X4 mənzilin keçmiş mülkiyyətçisidir. Bundan əlavə mülkiyyətçisi olduğu mənzildə X3 azyaşlı ailə üzvləri 26.07.2016-cı il təvəllüdlü X13 Ruslan, 29.05.2015-ci il təvəllüdlü X12, 21.09.2012-ci il təvəllüdlü X11 da qeydiyyatdadırlar. Onlarn mənzildə qeydiyyatda olması onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Onların qeydiyyatları formal xarakter daşıyır. Qeyd edilənlərə əsasən o, X3 və onun azyaşlı ailə üzvləri 26.07.2016-cı il təvəllüdlü X13 Ruslanın, 29.05.2015-ci il təvəllüdlü X9, 21.09.2012-ci il təvəllüdlü X8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 65 saylı evin 23-cü mənzilindən pasport qeydiyyatından çıxarılmaları xahişi ilə Sumqayıt şəhər Polis idarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 25.12.2021-ci il tarixli məktubu ilə ərizəsi təmin edilməmişdir. O, cavabdehin imtinası ilə razılaşmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, 17.11.2021-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23-cü mənzili daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, X4, X13 Ruslan, X12, X11 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23-cü mənzilində qeydiyyatdadırlar. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 25.12.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. - AN-İ ******* saylı notarial qaydada bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23-cü mənzil X4 tərəfindən İddiaçı satılmış, həmin müqavilənin 13-cü bəndində X4 20.11.2021-ci il tarixinədək sözügedən mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23-cü mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzildə üçüncü şəxs X4, X13 Ruslan, X12, X11 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 25.12.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda üçüncü şəxs yuxarıda adı qeyd olunan alqı-satqı müqaviləsi üzrə 20.11.2021-ci ilədək mənzildən qeydiyyatdan çıxacağını öz üzərinə öhdəlik olaraq götürmüş, lakin öhdəliyini icra etməyərək mənzildən qeydiyyatdan çıxmamışdır. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxsin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 və 26 iyul 2016-cı il təvəllüdlü X2, 29 may 2015-ci il təvəllüdlü X6, 21 sentyabr 2012-ci il təvəllüdlü X5 iddiaçıya məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X3 və 26 iyul 2016-cı il təvəllüdlü X2, 29 may 2015-ci il təvəllüdlü X6, 21 sentyabr 2012-ci il təvəllüdlü X5 iddiaçıya məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 65 saylı evin 23 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-728/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-728/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver