Məhkəmə qərarları › İş №2-1(118)-728/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-728/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-728/2025 13.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanda yerləşən fərdi yaşayış evi reyestr **********45-10301 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 02 fevral 2012-ci il tarixdə vəfat etmiş mərhum X3 adına rəsmiləşdiyini nəzərə alıb Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinə dair 02 fevral 2012-ci il tarixdə ölmüş X4 adına arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 16 oktyabr 1992-ci il tarixli, 520 nömrəli sərəncamı ilə, Abşeron rayonu, Xırdalan şəhəri (qəsəbəsi), 22- ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X11 ayrılmışdır. Sözügedən həmin 0.10 ha torpaq sahəsi aidiyyəti şəxslər tərəfindən 29 mart 1993-cü il tarixli akt əsasında X11 təhvil verilmişdir. Bundan sonra, qanunla ayrılmış 0.10 ha torpaq sahəsinin üzərində X14 tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən həmin fərdi yaşayış evi qeydiyyata alınaraq X11 qeydiyyat vəsiqəsi verilmişdir. X7 qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan həmin fərdi yaşayış evini xx.xx.1998-ci il tarixdə 1 saylı Abşeron rayon Dövlət notariat kontorunun təsdiq etdiyi müqaviləyə əsasən X2 və dərhal da evi və həyətyanı 0.10 ha torpaq sahəsini təhvil vermişdir. Hal-hazırda həmin torpaq sahəsi və üzərində yerləşən ev istifadəsindədir.Uzun müddət keçsə də həmin alqı-satqı müqaviləsi Dövlət qeydiyatına alınmamış, lakin bir-neçə ay öncə açılmış vərəsəlik işi üzrə həmin müqavilə yerli notariat ofisinin müşaiyət məktubu əsasında cavabdehə təqdim olunmuşdur.X3 Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, reyestr **********45-10301 nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin çıxarışda qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanda yerləşən fərdi yaşayış evi mərhum X3 mülkiyyətindədir.Həmin çıxarışı götürərkən cavabdehə irad bildirmiş ki, niyə həyətyanı torpaq sahəsi qeydiyyata alınmamışdır. Cavabdeh orqanın əməkdaşları qanunla belə olduğunu bildirmiş və torpaq ayırma sənədinin arxivini alıb təkrar müraciət etməyini tövsiyyə etmişdir. Bundan sonra, Abşeron rayon Dövlət Arxivinə müraciət edib həmin torpaq sahəsinin ayrılması barədə arxiv çıxarışını xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Abşeron rayon Dövlət Arxivindən aldığı torpaq sahəsinin ayrlması barədə arxiv çıxarışı, atasının ölüm haqqında şəhadətnaməsini, özünün doğum haqqında şəhadətnaməsini və atasının adına verimiş çıxarışı rəsmi ərizə ilə cavabdeh 4 saylı Abşeron Ərazi idarəsinə təqdim etmiş ki, fərdi yaşayış evinə və yerləşdiyi 0.10 ha torpaq sahəsinə vahid əmlak kimi çıxarış alsın. Sənədlər 20 noyabr 2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 321-3-32/2-14499/2023 nömrəli məktubla ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən çıxarışın verilməsinə əsas olmus texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü (aşkarlanmadığı) üçün baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmadığı, həmçinin müayinə baxışı keçirilmiş ərazinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir.Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X12 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 321-3-32/2-14499/2023 nömrəli imtina məktubu, etirazı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 520 saylı, xx.xx.1992-ci il tarixli sərəncamın surəti, Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunun təsdiq etdiyi xx.xx.1998-ci il tarixli müqavilənin surəti, inventar işi 835 olan 14320 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin surəti, fərdi yaşayış evinə dair **********45-10301 reyestr nömrəli çıxarışın surəti, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv çıxarışı, Ölüm haqqında şəhadətnamənin surəti, Abşeron rayon 2 nömrəli Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubu, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 321-3- 32/2-14499/2023 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı atasından miras qalmış alqısatqı müqaviləsi əsasında əldə etdikləri fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata almaq niyyətindədir. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin 16 oktyabr 1992-ci il tarixli, 520 nömrəli sərəncamı ilə, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X11 ayrılmış və 0.10 ha torpaq sahəsinin üzərində X14 tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən həmin fərdi yaşayış evi qeydiyyata alınaraq X11 qeydiyyat vəsiqəsi verilmişdir. X14 qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan həmin fərdi yaşayış evini xx.xx.1998-ci il tarixdə 1 saylı Abşeron rayon Dövlət notariat kontorunun təsdiq etdiyi müqaviləyə əsasən X1. X3 Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və **********45-10301 reyestr nömrəli çıxarış da verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi və üzərində yerləşən ev iddiaçının istifadəsindədir. Cavabdeh təşkilatın imtinasında bildirdiyi qeydiyyat vəsiqəsində qeyd fərdi yaşayış evinin sökülməsinə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlər (torpaq sahəsinin ayrılmasında dair sərəncam, alqı-satqı müqaviləsi və s.) məhkəməyə təqdim edilmiş və eyni zamanda arxiv məlumatlarında da həmin sənədlər aşkarlanmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçının mərhum atasının adına Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanda yerləşən fərdi yaşayış evinə dair **********45-10301 reyestr nömrəli çıxarış da verilmişdir. Yəni cavabdeh təşkilatın imtinasında qeyd etdiyi müvafiq arqument anlaşılan deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, qüvvədə olan torpaq və mülki qanunvericilikdə şəxsin mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlak obyektlərinin eyni hüquqi rejimdə olması prinsipi müəyyən olunmuşdur. Həmin prinsipə görə şəxsin mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın ayrı ayrılıqda özgəninkiləşdirilməsinə yol verilmir. Belə ki, bu yanaşma “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 245-ci maddəsinin ikinci cümləsinin qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən müvafiq torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mükiyyət hüququ əldə edənə keçir. Göstərilən hüquq normasının təhlilindən göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisinə məxsus olan binanı (qurğunu) əldə edənin eyni zamanda müvafiq torpaq sahəsi (binadan (qurğudan) istifadə üçün zəruri olan hissə) üzərində də qanuna uyğun olaraq mülkiyyət hüququnu əldə etməsi göstərilir. Eyni zamanda, məhkəmə hüququn qəbul edilmiş qaydalarına əsaslanmaqla qeyd etməyi zəruri hesab edir ki, MM-in 245-ci maddəsinin mənasına görə mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak özgəninkiləşdirildikdə tərəflər həmin torpaq sahəsinin hüquqi müqəddəratı barədə xüsusi razılaşma əldə etmək hüququna malik deyillər. Belə ki, əgər daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidirsə, həmin torpaq sanəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın yeni mülkiyyətçisinə tərəflərin razılaşmasına əsasən deyil, Mülki Məcəllədə müəyyən olunmuş imperativ normaya əsasən keçir.Tərəflərin torpaq sahəsi olmadan onun üzərində yerləşən daşınmaz əmlakın özgəninkiləşdiriliməsi barədə bağladığı əqdlər qanuna uyğun olmadığına görə əhəmiyyətsizdir. Sadalananları hazırkı işin hallarına tətbiq edən məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair qanunla gözlənilən mülkiyyət hüququ (müvafiq sərəncam) əvvəlcə R.Ağayevə məxsus olmuş, bu hüquq ondan sonra iddiaçının mərhum atasına alqı-satqı müqaviləsi əsasında keçmişdir. Odur ki, hazırkı halda iddiaçının sözügedən torpaq sahəsi üzərində qanunla gözlənilən mülkiyyət hüququna malikdir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqumentə, yəni torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bu səbəbdən cavabdehin imtinasında göstərdiyi müvafiq arqument də əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının mərhum atasının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxamayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi, ev 57 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar