Məhkəmə qərarları › İş №2-1(118)-73/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-73/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-73/2020 22.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı Məhkəməyə müraciət edərək onun 01.09.1976-cı il tarixdən 27.06.1977-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı və 01.07.1977-ci ildən 25.08.2008-ci ilə kimi xxxx Fabrikində işlədiyi müddətin, ümumilikdə 31 il 11 ay 14 günün sığorta stajı kimi nəzərə alınmaqla ona 20.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-il tarixdə anadan olmuşdur. 01.09.1976-cı il tarixdən 27.06.1977-ci il tarixədək texniki peşə məktəbində təhsil almış, əmək fəaliyyətinə 01.07.1977-ci ildən başlamışdır. 01.07.1977-ci ildən 25.08.2008-ci ilə kimi xxxx Fabrikində işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13.10.1997-ci il tarixli 818 saylı sərəncamı ilə xxxx Fabriki “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. O, həmin fabrikdə əmək fəaliyyətini davam etdirmişdir. Onun texniki peşə təhsil müddəti də daxil olmaqla ümumilikdə 31 il 11 ay 14 gün iş stajı var. ”Əmək pensiyaları haqqında” Qanuna əsasən 20.03.2019-cu il tarixdən onun yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq, cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi 21.05.2019-cu il tarixli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən onun 01.09.1976-cı il tarixdən 27.06.1977-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı və 01.07.1977-ci ildən 25.08.2008-ci ilə kimi xxxx Fabrikində işlədiyi müddətin, ümumilikdə 31 il 11 ay 14 günün sığorta stajı kimi nəzərə alınmaqla iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə 18.06.2020-ci il tarixli ********** nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, vətəndaş X2 yaşa görə əmək pensiyası təyin edlməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə 25.03.2019-cu il tarixli 332 saylı ərizə ilə müraciət etmişdir.Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmani ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.Məlumat üçün bildiririk ki, Vətəndaşa pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 01.07.1977-ci il tarixdən 01.07.1999-cu il tarixədək sosial sığorta stajı nəzərə alınmışdır. Vətəndaşın əmək kitabçasında qeyd olunan 01.07.1999-cu il tarixdən 25.08.2008-ci il tarixədək sığorta stajı vətəndaşın qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olması səbəbindən sığorta stajı kimi hesablanması mümkün olmamışdır.Qeyd: Vətəndaşın 01.09.1976-cı ildən 27.06.1977-ci ilədək təhsil aldığı dövrlərin sığorta stajına daxil edildikdə tələb olunan 25 ilə qarşı ümumi sığorta stajı 22 il 09 ay təşkil edir. Cavabdeh təşkilatın nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, DSMF-nun Sumqayıt şəhər şöbəsinin 21.05.2019-cu il tarixli, **********2 nömrəli imtina məktubu və 18.06.2020-ci il tarixli ********** nömrəli etiraz ərizəsi, İddiaçıya məxsus 111 nömrəli 27.06.1977-ci il tarixli attestatın vəИT-İ ******* nömrəli 05.02.1979-cu il tarixli əmək kitabçasının surəti və s. sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 21.05.2019-cu il tarixli, **********2 nömrəli imtina məktubundan görünür ki, iddiaçı 01.09.1976-cı il tarixdən 27.06.1977-ci il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin vermiş olduğu 111 nömrəli attestata əsasən, iddiaçının 1976-cı il tarixdə Azərbaycan SSR Sumqayıt şəhəri 45 nömrəli texniki məhktəbə daxil olaraq, 27.06.1977-ci il tarixədək orada təhsil almasını və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə almaqla qeyd etməliyik ki, həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində və texnikumda təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasındakı qeydlərə görə İddiaçı 01.09.1976-cı ildən 27.06.1977-ci ilədək Sumqayıt şəhəri 45 nömrəli texniki məhktəbdə təhsil almış, 01.07.1977-ci idən 25.08.2008-ci il tarixədək xxxx Fabrikində işləmişdir. Onun təhsil müddəti də nəzərə alınmaqla ümumi sığorta (əmək) stajı 31 il 11 ay 20 gün (9 ay 26 gün + 31 il 1 ay 24 gün) təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq, 01.07.2018-30.06.2019-cu il tarixlərə 61 yaş olaraq müəyyənləşdirilir.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının yaşı və sığorta stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı 01.09.1976-27.06.1977-ci illərdə Sumqayıt şəhəri 45 saylı texniki peşə məktəbində təhsil aldığı müddət və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədi müddətlər sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı 20.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.09.1976-cı il tarixdən 27.06.1977-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı və 01.07.1977-ci ildən 25.08.2008-ci il tarixə kimi xxxx Fabrikində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı 20.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar