Məhkəmə qərarları › İş №2-1(118)-73/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-73/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-73/2022 21.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2, Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 1 saylı regional ərazi filialına qarşı “iddiaçının pensiyası ilə əlaqədar tələb etdiyi açıqlamalar, izahlı hesablamaların rəsmi qaydada verilməsi və pensiya təyin olunan günədək qazanılmış pensiya kapitalının tam məbləğdə hesablamaya daxil etməklə onun pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “ iddiaçının pensiyası ilə əlaqədar tələb etdiyi açıqlamalar, izahlı hesablamaların rəsmi qaydada verilməsi və pensiya təyin olunan günədək qazanılmış pensiya kapitalının tam məbləğdə hesablamaya daxil etməklə onun pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” haqqında ərizə təqdim edərək xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə pensiyasının aylıq məbləğinin 1272,20 manat müəyyən edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubunda göstərilib ki, xx.xx.2021-ci il tarixdə iddiaçının fərdi sığorta hesabında 75802,89 manat pensiya kapitalı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 1 saylı reqional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən iddiaçı 2015-ci ildə ilk dəfə pensiyaya çıxdığı zaman pensiya məbləğinin hesablanmasında 20460.96 manat pensiya kapitalı nəzərə alınmışdır. Qeyd olunmuş məbləğləri nəzərə aldıqda iddiaçının fərdi hesabında xx.xx.2021-ci il tarixdə istifadə olunmamış 55341,93 manat məbləğində sərbəst vəsait (pensiya yenidən hesablanan zaman nəzərə alınmalı məbləğ) mövcuddur. (75802,89 – 20460,96). Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Burada PSK= 55341,93 manat; T = 72 ay; SH = 55341,93 : 72 = 768,63 man. Hesablamadan göründüyü kimi, xx.xx.2021-ci il tarixdə onun pensiyası yenidən hesablanan zaman həmin tarixə mövcud olan pensiyanın: 503,57 manatın üzərinə 768,63 manat əlavə olunmalı idi və aylıq pensiyası 1272,20 manat təyin edilməli idi.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına bildirib ki, ... ona ( İddiaçı) pensiya təyin edilən zaman 01 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının siğorta hissəsində toplanmış pensiya kapitalının tam məbləğdə nəzərə alınmadığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun pensiyasının yenidən hesablanması sizə tapşırılır....Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin xx.xx.2021-ci il tarixdə elektron müraciətinə verdiyi cavabda da bildirilir ki, ... Nazirlik tərəfindən avtomatlaşdırılmış qaydada fərdi hesabların siğorta hissəsində qeydə alınmış pensiya siğorta kapitalı məbləğləri həl il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin edilir və bu hesabat ayrıca aparılmamaqdadır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7607 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafîəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 1 saylı regional ərazi filialı tərəfindən tərtib olunmuş arayışda göstərilənlər nəzərə alınmaqla aşağıdakılar müəyyən edilir. O cümlədən :xx.xx.2021 -ci il tarixli müraciətinizə cavab olaraq bildirir ki, sizin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajınız 31 il 03 ay 22 gün , xx.xx.2006-cı il tarixdən xx.xx.2015- ci il tarixədək sığorta kapitalınız 40247.96 manat ,xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 16 976.49 manat təşkil edir. Əlavə olaraq bildidirilir ki; pensiya xx.xx.2018-ci il tarixdən 376.40 manatdan 409.90 manata, xx.xx.2019-ci il tarixdən 387.69 manatdan 422.20 manata, xx.xx.2020- ci il tarixdən 452.05 mantdan 492.29 manata, 01.01 2021-ci il tarixdən 503.58 manatdan 548.42 manata, xx.xx.2021-ci il tarixdən 729.94 manatdan 784.20 manata çatdırılaraq yenidan hesablanmışdır. Göründüyü kimi, rəyin əsaslandırılması zamanı işdə olan sənədlərdən istifadə edilməmişdir, məhkəmə mühasibat ekspertizasının təyin olunması haqqında xx.xx.2021-ci il tanxli qərardadda mühasibat ekspertizası qarşısında qoyulmuş suallar üzrə Dövlət Sosial Müdafiə X5 şəxsin 1 saylı regional ərazi filialının əməkdaşı Nümayəndə1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis arayışının məlumatlarından istifadə edilmişdir. Ekspert tərəfindən verilmiş rəyə və mütəxəssis kimi iştirak etmiş Nümayəndə1 mütəxəssis rəyinə iddiaçı etiraz edərək təqdim etdiyi yazılı vəsatətində göstərmişdir ki, ekspert rəyində 10 sualdan yalnız 1(bir)-nə cavab verilmişdir. Qalan 9 (doqquz) suala isə heç bir aydınlıq gətirilməmişdir. Həmçinin ekspertiza aparılan dövrdə əldə etdiyi sübutlar1) xx.xx.2021-ci il tarixə fərdi hesabında olan pensiya kapitalının məbləğinin 75802,89 manat olmasını təsdiqləyən Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində DSMF-in Sosial Siğorta və Fərdi uçot üzrə Mərkəsi Filialınınn xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktub; 2) Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində DSMF-in xx.xx.2021-ci il tarixli **********0 nömrəli, pensiya təyin edilən zaman xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabın siğorta hissəsində toplanmış pensiya kapitalının tam məbləğdə nəzərə alınmadığı etiraf edilən məktubu və eləcə də işin materiallarında olan, DSMF-nin 1 saylı regional ərazi filialının pensiya hesablanan zaman nəzərə alınmış 20460,96 manat pensiya kapitalı haqqında məlumat olan xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubu nəzərə alınmamışdır. İddiaçı göstərilən sübutlar əsasında tərtib etdiyi hesablamaya görə onun pensiya artımı 768,63 manat, aylıq pensiyasının məbləği isə 1272,20 manat olmalıdır. Cavabdeh tərəfin nümayəndəsi və ekspert rəyinin hazırlanmasında mütəxəssis kimi iştirak etmiş Nümayəndə1 izahatlarında DSMF-nin 1 saylı regional ərazi filialının elektron məlumat bazasında iddiaçının fərdi hesabında 75802,89 manat pensiya kapitalının olmadığını, hesablamanın sistemdə əksini tapan iddiaçının 40247,96 manat pensiya kapitalı olan sənəd əsasında düzgün aparılmasını göstərmişlər. İş materiallarında olan və məhkəmə baxışı tədqiq edilmiş:- DSMF-in Sosial Siğorta və Fərdi uçot üzrə Mərkəsi Filialınınn xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçının fərdi sığorta hesabında 75802,89 manat pensiya kapitalı var. DSMF-in xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, ... ona ( İddiaçı) pensiya təyin edilən zaman 01 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının siğorta hissəsində toplanmış pensiya kapitalının tam məbləğdə nəzərə alınmadığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun pensiyasının yenidən hesablanması tapşırılır.Cavabdehin nümayəndələri iddiaçının təqdim etdiyi rəsmi sübutları və hesablamanı qəbul etməsələr də, eyni zamanda onun təqdim etdiyi sübutları və hesablamanı təksib edən bir sənəd, yaxud rəsmi qaydada əks hesabatı da təqdim etmirlər. İddiaçı ekspert rəyi ilə razılaşmaması ilə yanaşı onun verilməsində mütəxəssis kimi iştirak etmiş Nümayəndə1 rəyinin də iş materiallarında olan iddiaçının hazırda fərdi hesabında mövcud olan pensiya kapitalı haqqında təqdim etdiyi sənədlərə uyğun olmamasında israrlıdır. Belə ki, məhkəmə baxışı zamanı Nümayəndə1 rəy tərtib edərkən iddiaçının fərdi hesabında mövcud olan pensiya kapitalı məbləğinin 40247,96 manat olmasına dair sistemdən çıxarılmış sənədə istinad etməklə düzgün rəy verməsini, xx.xx.2021-ci il tarixə fərdi hesabında olan pensiya kapitalının məbləğinin 75802,89 manat olmasını təsdiqləyən sənədlə isə tanış olmamasını, bu sənədin ona təqdim edilməməsini göstərmişdir. Ekspert rəyinin hazırlanmasında mütəxəssis kimi iştirak etmiş Nümayəndə1 məhkəmə iclasında həmçinin iddiaçının fərdi hesabında mövcud olan pensiya kapitalı haqqında təqdim etdiyi sənəddəki rəqəmlərlə (40247,96 manat) iddiaçının məhkəməyə təqdim etdiyi (DSMF-nin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktub və e-sosial saytından çıxarış) sənədlərdə qeyd olunan rəqəmlər arasında (75802,89 manat) çox böyük fərq olmasını, eləcə də, bu qədər kapitalın yğılmasının mümkünsüzlüyünü bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 37.3.1-ci maddəsinə əsasən “yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına Keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı Delə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir” İddiaçı hal-hazıradək işlədiyini nəzərə alaraq ona xx.xx.2015-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən xx.xx.2021ci il tarixdən 226.36 manat artırılaraq 729.94 manata çatdırılmışdır. Fondun 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmış və pensiyadakı artım məbləği nəzərə alınmışdır. Bu səbəbdən iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməsi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən mütəxəssis X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********3 nömrəli, xx.xx.2022-ci il tarixli rəyin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirildiyini, məhkəmə qərardadında qoyulmuş suallar əsaslı cavablandırıldığını və həmin rəydə qeyd edilənləri müdafiə etdiyini bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu, cavabdehin etiraz ərizəsi, arayışlar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********3 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə proseslərində iştirak edən cavabdeh qurum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin nümayəndələri bildirmişlər ki, vətəndaşların sosial ödənişləri ilə bağlı məhkəmə mübahisələrində Fondun vahid mərkəzləşmiş filialı olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdeh qismində tanınmalı və müvafiq öhdəliklər həmin filialın üzərinə qoyulmalıdır. Bu səbəbdən də məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tanınmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun yaşa görə əmək pensiyası yaşının tamam olduğu vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının (yeni qaydalara görə pensiya təyin edən, yenidən hesablayan, bir növündən başqa növünə keçirən filial Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır, DSMF-nin regional filialları pensiya təyin edilməsi ilə bağlı sənədlərin qəbulu ilə məşğuldur) iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Abşeron-Xızı regional filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki,İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sosial stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr uçun isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığota hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il; yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Nəzərə alınmalıdır ki, pensiyanın yenidən hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26, 27 və 37.3-cü maddələrində öz əksini tapmışdır. Belə ki, qeyd olunan Qanunun 26-cı maddəsi 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını, 37.3-cü maddəsi isə işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydasını özündə əks etdirir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixinə yaşa görə əmək pensiyası təyin olunan zaman iddiaçının fərdi hesabının sığorta hissəsi 20.460,96 manat təşkil etmiş və həmin məbləğdən əmək pensiyası hesablanmışdır. Qeyd olunan 20.40,96 manat pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu ilin vəziyyətinə 30985,92 manat təşkil etmişdir. Pensiya məbləği yenidən hesablanan ərəfədə müəyyən edilmişdir ki, iddiaçının 2006-2015-ci il tarixlərinə müxtəlif şirkətlərdə işlədiyi və əmək haqqından tutulan sığorta haqları hesabına formalaşan pensiya kapitalı peniya təyinatı zamanı nəzərə alınmamışdır. Nəzərə alınmayan məbləğ 3.886,19 manat təşkil etmişdir. Nəticədə indeksləşdirmə nəzərə alınmaqla xx.xx.2017-ci ilə qədər iddiaçının pensiya kapitalı 32470,94 manata təşkil etmiş və yeni dəyişikliyə əsasən 90% tətbiq edilməklə artım məbləğ 58.447,69 manat təşkil etmişdir. Bunun nəticəsi olaraq iddiaçıya 816,52 manat pensiya təyin edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə pensiyasının aylıq məbləğinin 1272,20 manat müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar