Məhkəmə qərarları › İş №2-1(118)-7302/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7302/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7302/2025 13.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinin bərpası) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair iddiası üzrə inzibati işə 13 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 20 sentyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, 714413 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 28 fevral 2004-cü il təvəllüdlü İddiaçı atası - X11, anası X8r. Həmin məlumat doğum haqqında akt qeydləri kitabında 20 sentyabr 2011-ci il tarixli, 544 nömrə ilə qeyd edilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 28 mart 2024-cü il tarixli, 3-16-5/8-15-408/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.” Nəzərə çatdırılmışdır ki, şəxsiyyətini təsdiq edən sənədini təqdim etmədiyi üçün doğum haqqında akt qeydinin bərpa edilməsi Cavabdeh tərəfindən mümkün deyil. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir.

3. Şamaxı Rayon İcra Hakimiyyəti Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 mart 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı anası X12 ilə birlikdə Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yaşayır. Arayışdakı foto şəkil İddiaçı məxsusdur.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. 21 sentyabr 2011-ci il tarixli, 544 nömrəli “Doğum haqqında akt qeydi”ndən görünür ki, 15 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 atası – 1 iyun 1967-ci il təvəllüdlü X9, anası X1r.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 2 iyul 2024-cü il tarixli, 3165/8-13-108/2024 nömrəli məktubundan görünür ki, İddiaçı doğumu haqqında akt qeydi 2009-2013-cü illər Cavabdeh üzrə Cavabdeh arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ə.D.Məlikov adına X17” publik hüquqi şəxsin 2 iyun 2025-ci il tarixli, 18-1-18/2- 438/2025 nömrəli məktubundan görünür ki, İddiaçı doğumu ilə bağlı sənədlərin təqdim olunması barədə bildirilmişdir ki, 28 fevral 2004-cü il tarixdə “Ə.D.Məlikov adına X17” publik hüquqi şəxsdə doğuş həyata keçirilmiş, müvafiq məlumatlar doğum qeydiyyat jurnallarında qeyd edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, uşağın valideynləri arasında rəsmi nikah sənədi təqdim olunmamış, doğum zamanı yalnız ananın təqdim etdiyi məlumatlar əsasında qeydiyyat aparılmışdır. Doğum zamanı ata adı qeyd edilmiş olsa da, bu qeyd rəsmi nikah sənədinə deyil, valideyn tərəfindən şifahi və ya yazılı təqdim olunan məlumata əsasən daxil edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 3 iyun 2025-ci il tarixli, 3- 16-5/8-xx-xx/2025 nömrəli məktubundan görünür ki, Cavabdehndə 2011-ci ilə aid doğum haqqında akt qeydləri kitabları mövcuddur və Cavabdeh arxivində saxlanılır. 20 sentyabr 2011-ci il tarixdə 544 nömrə ilə Cavabdeh tərəfindən qeydiyyat aparılmamış, lakin 21 sentyabr 2011-ci il tarixdə 544 nömrə ilə X2 doğumu Cavabdeh tərəfindən qeydə alınmış, həmin şəxsin adına 21 sentyabr 2011-ci il tarixdə AZ-İİ 714415 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Cavabdeh arxivində 2011-ci ilə aid şəhadətnamələrin mədaxil və məxaric reyestr jurnalları aşkar edilməmişdir. Şəhadətnamələr Vətəndaşlıq vəziyyəti aktlarının arxivindən 50 ədəd birlikdə alındığı üçün AZ-İİ 714413 nömrəli doğum haqqında şəhadətnamədən əvvəlki və sonrakı şəhadətnamələr Cavabdeh tərəfindən vətəndaşların adına tərtib edildiyi üçün AZ-İİ 714413 nömrəli şəhadətnamənin Cavabdehnə verildiyinə əmin olmaq olar. İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün Cavabdeh həmin şəxsin doğumu haqqında bərpa akt qeydi tərtib edə bilməmiş, vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh tərəfindən 16 sentyabr 2011-ci il tarixdən 22 sentyabr 2011-ci il dövr ərzində qeydə alınmış doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri qoşma şəklində təqdim edilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 iyul 2025-ci il tarixli, 3-16-5/2- 47857/2025 nömrəli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının arxivində mühafizə edilən Şamaxı rayonu üzrə 2011-ci ilə dair qeydiyyat kitabları nəzərdən keçirilərkən sentyabr ayının 20-də tərtib edilmiş doğum haqqında akt qeydi aşkarlanmamış, 544 nömrəli doğum haqqında akt qeydinin isə sentyabr ayının 21-də X5 adlı digər şəxsin adına rəsmiləşdirildiyi və ona həmin tarixdə AZ-İİ seriyalı, 714415 nömrəli doğum haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan şəhadətnamə blanklarının istifadə olunması haqqında məxaric qeydiyyat kitabına baxış keçirilərkən AZ- İİ seriyalı, 714151-714550 nömrə aralığında doğum haqqında şəhadətnamə blanklarının 4 iyul 2011-ci il tarixdə Cavabdeh istifadəsinə verildiyi müəyyən edilmiş, lakin şöbədə həmin dövrə dair məxaric qeydiyyat kitabı aşkarlanmadığından AZ-İİ seriyalı, 714413 nömrəli doğum haqqında şəhadətnamənin kimə verilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda AZ-İİ seriyalı, 714413 nömrəli doğum haqqında şəhadətnamənin surəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin şəhadətnamə 20 sentyabr 2011-ci il tarixdə 28 fevral 2004-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş və həmin şəhadətnamədə onu imza və möhürlə təsdiq edən şəxs kimi vaxtilə Cavabdehnə rəhbərliyi həyata keçirmiş X7 göstərilmişdir (şöbənin sabiq aparıcı məsləhətçisi Z.Kərimovanın öz arzusu ilə 16 yanvar 2013-cü il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyinə görə məsələyə onun münasibətini öyrənmək mümkün olmamışdır). Göstərilənlərlə bağlı vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında şəhadətnamələrin məxaric uçot kitabından çıxarış və Şamaxı rayonu üzrə 2011ci ildə qeydə alınmış 541-549 nömrə aralığında doğum haqqında akt qeydlərinin kserosurəti qoşma şəklində təqdim olunmuşdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri və tələbə dair məhkəmə araşdırması

9. İddiaçı (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-si günündə 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 fevral 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X8r. Qeyd edilir ki, iddiaçı bu günə kimi şəxsiyyət vəsiqəsi almamışdır. Şəxsiyyət vəsiqəsini almaq üçün aidiyyəti orqana müraciət etdikdə məlum olmuşdur ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamə mövcud olsa da, doğum haqqında akt qeydi mövcud deyil. Ona görə də izah olunmuşdur ki, qeydiyyat şöbəsinə müraciət edilməlidir. Qeydiyyat şöbəsində də isə izah olunmuşdur ki, doğum haqqında akt qeydi mövcud deyil. İddiaçı akt qeydinin bərpa olunması üçün doğum haqqında şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etmiş, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün akt qeydinin bərpasından imtina olunmuşdur. Hesab edir ki, bu qanunsuzdur. Çünki iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı doğumu qeydə alan şəxs deyil, doğumu qeydə almaq Qeydiyyat şöbəsinin vəzifəsidir. Onlar doğumu qeydə almadan iddiaçıya doğum haqqında şəhadətnamə vermişdirlər. Yəni bu səhv onların səhvidir və bərpa edilməlidir. Onların səhvlərindən iddiaçı bu gün özünə şəxsiyyət vəsiqəsi ala bilmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilir.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 71, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1, 159.2, 161.1, 161.2, 161.3, prosessual hüquqi əsası kimi İPM-in 33.1, 58.37, 73.1-ci maddələrinə istinad olunmuşdur.

12. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

Məhkəmənin sərəncamına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə qarşı etirazın dəlilləri

14. Cavabdeh orqan iddia tələbinə qarşı etirazın olmadığını bildirmişdir.

Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin hazırkı tələb ilə cavabdeh orqana müraciət etdiyini, cavabdeh orqan tərəfindən məhkəməyə müraciət edilməsinin tövsiyə olunduğunu bildirmişdir.

16. Cavabdeh məhkəməyə məktub ilə müraciət edərək, iddia tələbinin təmin edilməsinə etirazın olmadığını bildirmiş, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “ ... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

24. Sumqayıt İnzibati Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3836/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair iddiası mümkün hesab edilməmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 24 iyul 2025-ci il tarixli, 2- 1(105)-513/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3836/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

26. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. b) Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

(-) 1.3. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ailə Məcəlləsinin 146-157-ci maddələrinin tələbləri nəzərə alınmaqla aparılır. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. (-) 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin X6 Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. (-) 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. (-) 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; (-) 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.7. Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim olunması tələb olunur. (-) 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeydə alınmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra “vaxtı keçmiş qeydiyyat” sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. (-) 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. (-) 9.4. Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir. (-) 9.7. Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən (-) İİ. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası (-)

13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. (-)

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

18. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-)

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması (-) 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

c) Məhkəmənin mövqeyi:

31. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan hallara əsasən iddia tələbi təmin edilməməlidir.

32. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, 28 fevral 2004-cü il tarixdə Bakı şəhərində doğulduğuna baxmayaraq, onun doğumu qeydə alınmadığı, yəni bunu təsdiq edən sənədin mövcud olmadığı üçün iddiaçı şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir.

33. Cavabdeh orqanın mövqeyinə görə isə şəxsiyyətini təsdiq edən sənədini təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyil.

34. Belə ki, hazırkı iddia tələbi iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə istinad edilən 20 sentyabr 2011-ci il tarixli, 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydin bərpa edilməsindən ibarətdir.

35. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, 714413 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, həmin şəhadətnamə 28 fevral 2004-cü il tarixdə doğulmuş iddiaçıya 20 sentyabr 2011-ci il tarixli, 544 nömrəli akt qeydi əsasında verilmiş və hazırda iddiaçı həmin akt qeydinin bərpasını iddia edir.

36. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçının doğumu haqqında 20 sentyabr 2011-ci il tarixli, 544 nömrəli akt qeydi 2009-2013-cü illər Cavabdeh üzrə Cavabdeh arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir.

37. Eyni zamanda, həm cavabdeh orqan, həm də Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş iddiaçının şəhadətnaməsinin qeydiyyatı aparıldığı müddətdə qeydə alınmış digər doğum haqqında akt qeydlərindən də baxış keçirilərək müəyyən edilir ki, iddiaçıya dair hər hansı məlumat aşkar edilməmişdir.

38. Bundan əlavə, təqdim edilmiş akt qeydlərinə əsasən aşkar olunmuşdur ki, iddiaçının iddia etdiyi 20 sentyabr 2011-ci il tarixli, 544 nömrə ilə doğum haqqında akt qeydi mövcuddur, lakin digər şəxs - X4 dair tərtib edilmiş, onun əsasında 21 sentyabr 2011-ci il tarixli, AZ-İİ 714415 nömrəli doğum haqqında şəhadətnamə də verilmişdir.

39. Göründüyü kimi, X4 dair tərtib edilmiş, onun əsasında 21 sentyabr 2011-ci il tarixli, AZ-İİ 714415 nömrəli doğum haqqında şəhadətnamə hazırda mövcud olduğu, mübahisələndirilmədiyi halda, tələbin hazırki formada təmin edilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçıya dair iddia etdiyi aktını təsdiq edən hər hansı sənəd müəyyən edilmədiyindən, digər şəxsin adına akt qeydinin mövcud olduğundan, ləğv olunmadığı və ya mübahisələndirilmədiyindən, hazırkı vaxtadək qüvvədən düşmədiyindən iddia tələbi təmin edilə bilməz.

41. Bundan əlavə məhkəmə həmçinin qeyd edir ki, doğum haqqında akt qeydinin verilməsi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” ilə tənzimlənmişdir. Belə ki, həmin qaydalara əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir və valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir.

42. Lakin hazırkı iş üzrə doğulmuş uşağın – iddiaçının 22 yaşı, yəni 16 yaşından yuxarı olduğu, hazırkı vaxtadək doğumu istinad edilən qaydalarla müəyyən olunmuş müddətdə qeydə alınmadığından, qaydalara əsasən doğumunun dövlət qeydiyyatı qeydiyyat şöbəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra “vaxtı keçmiş qeydiyyat” sözləri yazılmaqla aparılmalıdır.

43. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”na əsasən “13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. ... 16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.”

44. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının doğum haqqında akt qeydiyyatı iddiaçının doğum faktını təsdiq edən sənəd, həmin sənəd olmadıqda isə doğum faktını təsdiq edən məhkəmə qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında aparılmalıdır.

45. Bundan əlavə, məhkəmə araşdırması zamanı “Ə.D.Məlikov adına X17” publik hüquqi şəxsinin təqdim etdiyi məlumata əsasən müəyyən edilmişdir ki, 28 fevral 2004-cü il tarixdə həmin Mərkəzdə doğuş həyata keçirilmiş, müvafiq məlumatlar doğum qeydiyyat jurnallarında qeyd edilmiş, uşağın valideynləri arasında rəsmi nikah sənədi təqdim olunmamış, doğum zamanı yalnız ananın təqdim etdiyi məlumatlar əsasında qeydiyyat aparılmışdır.

46. Belə ki, iddiaçının doğumunu təsdiq edən məlumat mövcud olduğu halda, bu məsələ cavabdeh orqan tərəfindən araşdırılmamış, doğum haqqında şəhadətnamələrin tərtib edilməsi zamanı buraxılmış səhvlərin aradan qaldırılmasına yönəlmiş hərəkətlər həyata keçirilməyərək, məsələnin məhkəmə icraat qaydasında həll edilməsi tövsiyə edilmişdir.

47. Məhkəmə bildirir ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

48. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək, yuxarıda istinad edilən qaydalara uyğun olaraq cavabdeh orqana müraciət edilərək, mövcud olan məlumatlar və sənədlər əsasında doğum haqqında akt qeydinin bərpa edilməsinin, və ya ümumi məhkəməyə müraciət etməklə, xüsusi icraat qaydasında doğum faktını təsdiq edərək, doğum haqqında akt qeydinin tərtib edilməsinin tələb ediməsi hüququ izah olunur.

49. Beləliklə, məhkəmə, sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi təmin olunmamalıdır.

50. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

71. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar