Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7308/2025 22.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı “Xaçmaz rayon AİK-nin 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsinə dair Xaçmaz rayon AİK-nin 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarın və həmin qərara əsasən verilmiş JN-191F nömrəli 30216018 kodlu xx.xx.2002-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçı tərəfə hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əvəz edilərək, “Xaçmaz rayon AİK-nin 26 dekabr 1998ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı iddia tələbinə dair buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı Xaçmaz rayon AİK-nin 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin 1998-ci il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi ilə bağlı, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncam xx.xx.2011-ci ilədək qəbul edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məluma olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı “Xaçmaz rayon AİK-nin 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı “Xaçmaz rayon AİK-nin 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-7308/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7308/2025
22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver