Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-731/2021 03.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “29.10.1993-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı “29.10.1993-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “29.10.1993-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı 29.10.1993cü il tarixdən, 12 may 1994-cü il tarixədək saylı N saylı hərbi hissənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmət kimi döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə döyüşlərdə iştirak etməyi barədə arxiv arayışının verilməsi üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi 19.03.2020-ci il tarixli 1/M-4675№-li arxiv arayışı ilə cavab vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 19.03.2020-ci il tarixli 1/M-4675 №li arxiv arayışında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş zamanı N saylı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmağı qeyd edilmişdir. İddiaçı onu hərbi hissəni tərk edib fərari adlandıran Müdafiə Nazirliyinin nəzərinə çatdırır ki, 29.10.1993-cü il tarixdən, 12 may 1994-cü il tarixədək saylı N saylı hərbi hissənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmət kimi döyüşlərdə iştirak etmiş və o zaman onun Müdafiə Nazirliyi ilə hər hansı bir müqaviləsi olmamışdır. Füzuli Hərbi Prokurorluğunun 03.08.2016-cı il tarixli məktubunda da barəsində prokurorluqda hər hansı bir təqsirləndirici material və ya cinayət işinin qeydə alınmaması göstərilir. Lakin, iddiaçını hərbi hissəni tərk edib fərari adlandıran Müdafiə Nazirliyinin bu hərəkəti o zaman müharibənin ağrı-acısını görən iddiaçı kimi bir çox torpaq uğrunda gəncliklərini fəda edən vətəndaşlara böyük haqsızlıqdır. Yalnız bu məsələ məhkəmə yolu ilə həll edilə bilər. Halbuki, ərizəyə əlavə olunan hərbi biletinin səhifəsində göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Yuxarıda göstərdiyi kimi, hərbi biletində 12 may 1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyini təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəziqəsinin verilməsi üçün əsasdır. X2 Arxivindən iddiaçıya göndərilən Arxiv Arayışında göstərilənlərlə də təsdiq olunur ki, onun hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması iddiaçının təqsiri ucbatında olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri Arxivə göndərməyibsə onun təqsiri nədir? Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanıb? İşin faktiki halları ilə təsdiq olunur ki, X2 Arxivindən iddiaçıya göndərilən Arxiv Arayışında iddiaçının hərbi xidməti barəsində Arxiv məlumatının olmaması onun təqsiri ucbatında olmamışdır. Dəhşətlisi də odur ki, Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirlər. Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyyətlə bağlı verilən əmrlərin müəyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən ona arayışın verilməsindən imtina qanunsuzdur. Çünki, Arxiv İdarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etmlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, iddiaçının timsalında hüquqlarının kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi iddiaçının hüququnu pozur. Qanunla iddiaçının hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təmin etməlidir. Zərurət yaransa onun xidmətləri barəsində hərbi hissədən əmrləri tələb etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, müharibə veteranı adı əldə etmək istədiyini bildirmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 N°-li Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və onun idarə, şöbə və xidmətləri inzibati orqan kimi müəyyən edilmişdir. Bu baxımdan Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi məhkəmədə cavabdeh kimi çıxış etmir. Digər tərəfdən Mərkəzi Arxiv ona təhvil verilmiş hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri, əlifba qeydiyyatı kitabları və digər sənədlər üzrə arayışlar, məlumatlar, çıxarışlar və sair verir. İddiaçının sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə nazirinin 16 fevral 2015-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Arxiv işi haqqında Təlimat”ın 11.28-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən 21.12.2016-cı il tarixli 9/2-16302 nömrəli arxiv arayışı verilmişdir. İddiaçının barəsində arxivdə hansı məlumatlar olmuşsa, həmin məlumatlar üzrə iddiaçıya, sorğu verən digər qurumlara məlumat verilmişdir. İddiaçının məqsədi ona müharibə veteranı adının verilməsidir. Məqsədinə nail olmaq üçün o, dəfələrlə inzibati orqana və məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(103)-4932/2019 saylı qərarddı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(009)-673/2019 saylı qətnaməsini ləğv edilmiş (hüquqi faktın müəyyən edilməsi ilə bağlı), iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli, 2(102)-5287/2019 qərarı ilə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(103)-4932/2019 saylı qərarddı dəyişdirilmədən qüvvədə saxlanılmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-1701/2019 saylı 28.10.2019-cu il tarixli, qərardadı ilə iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamış, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 431/2020 saylı 20 may 2020-ci il tarixli qərarı ilə iddiaçının Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1 (118)-1122/2020 saylı 01.12.2020-ci il tarixli, qərardadı ilə iş üzrə icraata (iddiaçının iddia ərzəsini geri qaytarılmasını xahiş ilə) xitam verilmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Qeyd edilənlərə əsasən rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddiaçını dinləyib, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, göründüyü iddiaçı iradəsi müharibə veteranı adı əldə edilməsinə yönəlsədə, tələbi onun istədiyi formada arxiv arayışının verilməsindən ibarətdir. İddiaçı ilkin olaraq tələbini Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı yönəltsədə, sonradan cavbdeh kimi tələbini Müdafiə Nazirliyinə yönəltmişdir. Arxiv arayışının verilməsi barədə iddia öhdəliyin icrası hesab edildiyindən, məhkəmədə qaldırılan tələb ilkin olaraq cavabdeh inzibati orqandan tələb edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan əlavə iş materilları ilə müəyyən olunur ki, AR Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçıya müvafiq arxiv arayışları vermişdir. Lakin iddiaçı bu arayışlarla razı deyil və onun istədiyi formada arxiv arayışının verilməsini istəyir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 2.2-ci bəndinə əsasən İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. Təlimatın 2.4-cü ci bəndinə əsasən Arxiv idarənin səlahiyyət və funksiyalarına, sənədlərin tərkibinə müvafiq olaraq aşağıdakı struktura uyğun təşkil edilə bilər: Təlimatın 2.4.1-ci bəndinə əsasən tabeliyində geniş təşkilatlar şəbəkəsi olan dövlət orqanlarının, idarələrin, səhmdar cəmiyyətlərin, şirkətlərin və onların tabeliyində olan təşkilatların sənədlərinin saxlanılması üçün - mərkəzi arxiv Təlimatın 3.1-ci bəndinə əsasən İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil edir. 12.3. İdarə arxivi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş tələblərə uyğun yazılı və elektron formada daxil olan müraciətləri icra etməyə borcludur. Arxiv məlumatı müraciətin mətnindən asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verir. Elektron formada daxil olan sorğu informasiya kommunikasiya vasitələrindən istifadə etməklə cavablandırıla bilər. Təlimatın 12.4-cü bəndinə əsasən İdarə arxivinə daxil olan müraciətlərin qeydiyyatı və onlara verilən arxiv məlumatlarının rəsmiləşdirilməsi vətəndaşların müraciətlərinə baxılması, kargüzarlığın aparılması haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Təlimatda müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Təlimatın 12.5-ci bəndinə əsasən Arxivə daxil olan müraciətlər qeydiyyat-nəzarət vərəqində qeydə alınır, müəyyən olunmuş qaydada (17 №-li əlavə) tərtib və təsdiq edilən rəsmi arxiv sənədi olan arxiv arayışı, arxiv surəti və arxiv çıxarışı verilməklə cavablandırılır. Təlimatın 12.5.1-ci bəndinə əsasən Arxiv arayışı - sorğunun mətninə uyğun arxiv məlumatlarını özündə əks etdirən, üzərində onun tərtib olunmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərinin nömrəsi göstərilmiş rəsmi sənəddir. Arxiv arayışının həcmi bir vərəqdən çox olduqda vərəqlər nömrələnir. Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin əslində hər hansı dəyişiklik, qaralama olduqda arayışda müvafiq qeydlər aparılır. Arayış onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir. Elektron arxiv arayışı müvafiq səlahiyyətə malik şəxs tərəfindən elektron imza ilə təsdiq edilir. Arayışın bir nüsxəsi idarə arxivində saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 08.11.2016–cı il tarixli, 17 ə/f nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının mərkəzi arxivləri haqqında Nümunəvi Əsasnamənin 3.2.7-ci bəndinə əsasən Mərkəzi Arxiv təşkilatların sorğularını və vətəndaşların sosial-hüquq xarakterli ərizələrini icra edir, müəyyən olunmuş qaydada sənədlərin surətini və arxiv arayışlarını verir, arxivdə mühafizə olunmayan sənədlərlə bağlı daxil olan sorğuları aidiyyəti üzrə yönəldir. Göründüyü kimi, Müdafiə Nazirliyininin Arxiv İdarəsi arxiv məlumatlarının verilməsi ilə bağlı diskressiyon səlahiyyətlər verilmiş, inzibati akt qəbul etmək hüququ olan inzibati orqan deyil və müvafiq təlimata uyğun arxiv məlumatları vermək səlahiyyətinə malikdir. Məhkəmə qeyd edir ki, vətəndaşın ona aid arxiv məlumatlarını tələb etməsi həmin şəxsin qanunvericilikdən irəli gələn hüququ, müvafiq arxiv idarəsinin mövcud məlumatları verməsi isə onun öhdəliyidir. Bu halda inzibati orqana istədiyi formada arxiv arayışı verməsi ilə bağlı hər hansı bir diskresion səlahiyyət verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirakı və ordu sıralarından təxrisi barədə məlumatın arxiv idarəsində tam saxlanılmaması iddiaçının əldə etmək istədiyi nəticəyə uyğun olaraq digər hüquqi müdafiyə vasitələrindən istifadə imkanı versədə, iddiaçının istəyinə uyğun arxiv arayışının verilməsi barədə iddianı mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-731/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-731/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver