Məhkəmə qərarları › İş №2-1(118)-731/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-731/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-731/2025 08.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: müddətli hərbi xidmətə göndərildiyi üçün kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müddətli hərbi xidmətə göndərildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 18 oktyabr 2022-ci il tarixli, 12356 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı (bundan sonra - “iddiaçı”) N oktyabr 2022-ci il tarixli, 3325 saylı göndəriş əsasında Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı. Xroniki vazomotor rinit. Sol böyrəyin mikroliti (3 mm)” diaqnozu “ümumi xəstəlik” səbəb-əlaqəsi ilə qoyulmuş, hərbi həkim komissiyasının qərarı ilə “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Müalicəyə zərurətin olmadığı qeyd olunmuşdur.

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra - “cavabdeh”) 6 dekabr 2023-cü il tarixli, 3-43-94/2-Ə-1095/23 saylı məktubundan görünür ki, iddiaçı 2022-ci ilin iyul çağırışına cəlb edilərək Xidmətin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, lakin yastıayaqlılıqla bağlı əlavə tibbi müayinəyə göndərilmədən barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68 “ç” maddəsinin İ qrafasına əsasən “A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı” hesab edilərək 7 iyul 2022-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Tibbi şəhadətləndirilməsi zamanı qeyri-obyektivliyə yol vermiş hərbi həkim komissiyasının üzvləri - 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsinin həkimləri Elçin Zeynalov və Amirə Abiyevanın intizam məsuliyyətinə cəlb edilməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qarşısında vəsatət qaldırılmışdır. Bildirilmişdir ki, müddətli həqiqi hərbi xidmətə göndərildiyinə görə kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 27 sentyabr 2023-cü il tarixli, 1805 saylı məktubundan görünür ki, iddiaçı 18 oktyabr 2022ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı anamnesində 17 iyul 2022-ci il tarixdə hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən səthi müayinə nəticəsində şəhadətləndirilərək “Hərbi xidmətə yararlıdır” qərarı verilməsi bildirmişdir. Şikayəti yarandığı və artdığı üçün əvvəl N nömrəli hərbi hissəyə, daha sonra MN BKH-yə göndərilmişdir. MN Baş Klinik Hospitalının uroloqu və travmatoloqu ilə konsultasiya olunmuşdur. Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı: “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı. Xroniki vazomator rinit. Sol böyrəyin mikrolti (3mm).” “ÜMUMİ XƏSTƏLİKDİR”, “Xəstəliklər cədvəli”nin 68c maddəsinin // qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuşdur. Hərbi Həkim Komissiyası xəsarətlərin, xəstəliklərin səbəb-əlaqəsi haqqında “Ümumi xəstəlikdir” qərarının çıxarılması o deməkdir ki, əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağrılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmət keçmə (hərbi toplanış), orqanlarda xidmət keçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdusa. Müdafiə Nazirliyi iddiaçının hərbi xidmətdə olduğu dövr üçün nəzərdə tutduğu səkkiz min manat məbləğində təzminatı - kompensasiyanı ödəyən orqan olmadığı üçün bu məsələylə bağlı müvafiq idarə və müəssisələrə (orqanlara) müraciət edilnəsi məsləhət görülmüşdür.

Cavabdeh tərəfindən oxşar işlərlə əlaqədar təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlər:

4. “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktına görə, anamnezi: xəstəliyin anadangəlmə olmasını söyləyir; obyektiv müayinə məlumatlarına görəhər iki ayağın yastı olması və deformasiya olması; diaqnoz hər iki ayağın yastıayaqlılığı solda birinci dərəcə, sağda ikinci dərəcə funksiya pozğunluğu olmadan.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətində problem olmasına baxmayaraq, müddətli həqiqi hərbi xidmətə göndərildiyi üçün, 8.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını cavabdeh orqan müəyyən edir. İddiaçı yastıpəncəlik diaqnozu ilə hərbi xidmətə göndərilmişdir. O, hərbi xidmətə yararlı olmamağına baxmayaraq, hərbi xidmət vəzifələrini yerinə yetirmək iqtidarında olmadığı halda, 7 iyul 2022-ci il tarixdən hərbi xidmətə çağrıldığı zaman həqiqətəuyğun olmayan, səthi şəkildə müayinə edilərək şəhadətləndirilmiş, barəsində hərbi xidmətə yararlıq qərarı verilmişdir. Hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı olduğu halda, sol ayaq birinci dərəcəli, sağ ayaq ikinci dərəcəli diaqnozu qoyulmuşdur. 18 oktyabr 2022-ci ildə N nömrəli hərbi hissənin komandirinin N oktyabr 2022-ci il tarixli, 3325 nömrəli göndərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadəlləndirilən zaman qeyd edilmişdir ki, “... status localis: hər iki ayaqda ayaq tağı qısalıb. Pəncələr ön tərəfdə enliləşmiş, barmaqların ucları bayıra əyilmiş, dabanlar içəri tərəfə çevrilmişdir. Ayaq və baldır əzələlərində atrofiya qeyd edilmir; nevroloji status: huşu aydın, kəllə-beyin sinirləri patologiyasızdır. Palpator olaraq paravertebral nöqtələr zəif ağrılıdır. Ronıberq vəziyуətində davamlıdır, cüzi disial hiperhidroz. qeyd olunur. Pıçıltı nitqini eşitməsi hər iki qulaqda 6 (altı) metr məsafədəndir. Visus OU 1.0. Xüsusi müayinələrin (rentgenolqji. laborator, instrumental və s.) nəticələri: qanın ümumi analizi (xx.xx.2022) Hgb-13q/İ, Leyk-5,09x10, RBC-5,13x10/1, EÇS- 5mm/saat, qanın ümumi analizi (xx.xx.2022): HbsAg-mənfi (-) mənfi, Anti-HCV İgG-mənfi (-), Qiçs-İHİV 1+2-neqativ Sifilis Screen mənfi (-). Sidiyin ümumi analizi: xüsusi çəkisi- 1018. rəngi-sarı, reaksiyası-turş, zülal-yoxdur, şəkər-yoxdur. EKQ (xx.xx.2022): sinus ritmi, ÜEO şaquli vəziyyətdir. Abdominal USM (xx.xx.2022): mədəaltı vəzi, dalaq, sidik kisəsi, öd kisəsi, qaraciyər patologiyasızdır. DQOF: ürək norma daxilindədir. Elər iki pəncənin R-sı (xx.xx.2022): sağ pəncə L=155mm. h=14mm. A=160. Sol pəncə L=155mm, h=14mm. a=160. Hər iki pəncənin üçüncü dərəcəli boylama yastıayaqlılığı var. Aşıq-qayıqvari oynaqlarda osteoartrozu birinci mərhələdə qeyd edilir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı. Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı. Xroniki vazomotor rinit. Sol böyrəyin mikroliti (3 mm). Ümumi xəstəlikdir.” HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı, “xəstəliklər cədvəli”nin 68-ci maddənin 2-ci qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 1.2, 2.2.2, 2.2.3-ci maddələrinə istinad olunmuşdur.

8. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

9. Məhkəmənin 21 oktyabr 2024-cü il tarixli, 2-1(118)-2780/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “müddətli hərbi xidmətə göndərildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

10. Məhkəmənin 21 oktyabr 2024-cü il tarixli, 2-1(118)-2780/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “müddətli hərbi xidmətə göndərildiyi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinə tapşırılmışdır.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, bir həkimin yastıayaqlığın iddiaçıda anadangəlmə olması barədə elmi mənbələrə əsaslanmayan mülahizəsi əsas götürülərək 3 aydan sonra iddiaçıda aşkar edilən xəstəliyin onun həqiqi hərbi xidmətə çağrılarkən tibbi şəhadətləndirmə zamanı mövcudluğu qənaətinə gəlinməsi ilə səbəb əlaqəsinin olması barədə yanlış nəticəyə gəlinmiş, şəhadətləndirmə zamanı komissiyanın hansı normativ sənədlərin tələblərinin pozduğunu göstərmədən iddiaçının sağlam olmadığı halda həqiqi hərbi xidmətə çağırılması qənaətinə gəlinmişdir. Elmi araşdırmalarda göstərilir ki, yastıayaqlıq ən çox müşahidə olunan ortopedik xəstəliklərdən biridir, yastıayaqlıq 5 yaşından 13 yaşına qədər 35% oğlanlarda və 20% qızlarda rast gəlinir, bu xəstəlikdən əziyyət çəkən insanların sayı bəzi mənbələrə görə, dünya əhalisinin 50%-dən çoxunu, digər mənbələrə görə isə 80%-ə qədərini təşkil edir. Yastıayaqlıq tək uşaqlarda deyil, böyüklərdə də inkişaf edir. Elmi ədəbiyyatda yastıayaqlıq və onun diaqnozu üçün dəqiq meyarlar yoxdur, əksər diaqnozlar vizual müayinə əsasında qoyulur, yastıayaqlıqla bağlı anlayış sistemi rus (sovet) və xarici tibb elmində fərqlənir. Əgər tarixən rus (sovet) tibbi mühitində uşaqlıq və böyüklərdə yastıayaqlıq diaqnozu və profilaktikası ilə ortopediya, cərrahiyyə və nevrologiya kimi tibbi ixtisasları üzrə mütəxəssislər məşğul olmuşlarsa, Avropanın ingilisdilli ölkələrində, ABŞ, Kanada və Avstraliyada ayaq və ayaq xəstəliklərinin qarşısının alınmasına həsr olunmuş, podiatriya adlanan ayrıca tibbi ixtisası mövcuddur. Keçmiş MDB ölkələri üçün podiatriya hələ də gənc elmdir. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, yastıayaqlılıq geniş yayılmış xəstəlikdir, diaqnostikası, müalicəsində dünya tibb elmində vahid baxış yoxdur, bu sahədə tibbi ixtisaslaşma hələ formalaşmamışdır. Bundan başqa, xəstəlik ağırlaşmaya meyillidir, profilaktikası tibbi tədbirlərlə yanaşı, fiziki yüklənmənin qarşısının alınması, uyğun ayaqqabı geyinilməsi, qida rasionu ilə əlaqədardır. Bununla yanaşı, iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılarkən onda İ və ya İİ dərəcəli yastıayaqlığın olması da tam istisna edilə bilməz. Hərbi xidmət dövründə fiziki gərginliklər və yastıayaqlıq üçün məqbul sayılmayan hərbi çəkmə geyinilməsi ayaq tağının hündürlüyünün 2-3 mm enməsinə səbəb ola bilər ki, bu da öz növbəsində hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişdirir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Həmçinin, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçının Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin iddiaçının və yaxınlarının Sumqayıt şəhər çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Sumqayıt şəhər baş idarəsinin məsuliyyətinin yaranmamasını göstərir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, iddiaçıya maddi zərərə və yaxud mənəvi iztiraba görə cavabdeh kompensasiya ödəmək öhdəliyi daşımır. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da bir daha qeyd edirik ki, Xidmətin Sumqayıt şəhər baş idarəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Xidmətin isə bu işlə bağlı əlaqəsi müəyyən edilmir.

14. Etirazın maddi hüquqi əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1, 13.2, 13.3, 15.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 4-1.1, 4-1.1.1-ci yarımbəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarın 2, 8-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 58.7, 68.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh orqan tərəfindən yalnız vizual olaraq ayağına baxış keçirilmişdir. İddiaçı hərbi xidmətə göndərilməməli olduğu halda yoxlanışdan keçirilmədən hərbi xidmətə göndərilmişdir. Xidmət ərzində şiddətli ağrılardan əziyyət çəkmiş, 4 ay ərzində hərbi xidmətdə olduğu üçün işindən məhrum olmuşdur. Əsassız şəkildə ayağındakı xəstəliyin 1 və 2-ci dərəcəli olduğu qeyd edilmişdir. Qusar hərbi hissəsinə ağrıkəsicilər vurmaq üçün aparılmışdır. Hərbi biletində A-3 kateqoriyasına aid olunduğu qeyd olunmuş, lakin cavabdehin nümayəndəsinin qeyd etdiyi 1-ci və 2-ci dərəcə yastıpəncəliliyin nəyə əsasən qeyd olunduğu yazılmamışdır. Cavabdeh orqanda hansısa probleminin olub-olmaması soruşulumuş, cavab olaraq bildirmişdir ki, yastıpəncəli olduğu üçün ayağında kəskin ağrılar vardır. Adətən belə olan hallarda şəxslər həmin anda yaşadıqları şəhərin ortopedik institutlarına göndərilirlər. Lakin iddiaçı əlavə yoxlanışa göndərilməmişdir. Eyni zamanda, rentgen olunmadan barəsində 1-ci və 2-ci dərəcəli xəstəlik diaqnozunun qeyd olunduğu, hərbi xidmətə yararlı olduğunun bildirildiyi və bunu inkar edə bilmədiyi üçün hərbi xidmətə getməyə razılığın verdiyini, xəstəliyinin dərəcəsi ilə bağlı məlumatlı olmadığını bildirmişdir. Bundan başqa qeyd etmişdir ki, ayağı ilə bağlı tibbi məlumatı sonradan əldə etmiş, lakin həmin dövrdə yalnız narahatlıqları barədə məlumat vermişdir. İlk gün Gəncə hərbi hissəsinə aparılmış, orada həkim ayağına baxmış və yastıpəncəliliyinin oduğunu yenidən bildirmişdir. Daha sonra Tərtər hərbi hissəsinə getmiş, bir neçə həftədən sonra şiddətli ağrıları başlamışdır. O zaman da bu barədə hərbi hissənin səlahiyyətli nümayəndələrinə məlumat vermişdir. Lakin ona bildirilmişdir ki, imtiyazla əlaqəli olaraq ağır işlərdə çalışmayacaq. Buna baxmayaraq, digər əsgərlər kimi fəaliyyətinə davam etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin ekspert rəyində iddiaçının 3-cü dərəcə anadan gəlmə yastıpəncəlilik xəstəliyi mövcud olduğu, xəstəliyin hərbi xidmət dövründə bu formada ağırlaşmasının az inandırıcı olduğunun qeyd edilməsinə münasibətdə bildirmişdir ki, şəxslər hər bir halda hərbi xidmətə cəlb olunarkən həmin gün və ya and içmə gününədək cəlb olunduqları hərbi hissədə tibbi yoxlanışdan keçirlər. Həmin dövrdə hər hansı problemin mövcud olduğu, lakin aktın mövcud olmadıqda geri qaytarılırlar. Həmçinin, iddiaçı hərbi xidmətə cəlb olunarkən, Sumqayıt şəhər Baş İdarəsinin Çağırış Komissiyası tərəfindən A-3 hərbi xidmətə yararlılıq kateqoriyasına aid edilmişdir. Yəni iddiaçı məhdudiyyətlə hərbi xidmətə çağırılmışdır. İddiaçı Sumqayıt şəhər hərbi həkim komissiyası tərəfindən yoxlanışdan keçirilmişdir. Komissiyanın üzərinə düşən bütün hərəkətlər həyata keçirilmişdir. İddiaçının hərbi-xidmət zamanı xəstəliyi ağırlaşmış, buna səbəb müxtəlif idman hərəkətlərinin edilməsi, sıra düzülüşü ilə bağlı təlimlər olmuşdur. Qeyd etmişdir ki, təcrübədə oxşar hallara rast gəlinir, lakin 4 ay müddətində geri qaytarılma halı mövcud deyildir. Hal-hazırda iş materiallarında iddiaçının hərbi xidmətə cəlb olunduğu anadək 3-cü dərəcəli yastıpəncəlikdən əziyyət çəkdiyinə dair dövlət orqanı tərəfindən təqdim edilmiş sənəd mövcud deyildir. Bildirmişdir ki, ekspertiza nəticəsi qaneedici deyildir, çünki dəqiq nəticə qeyd edilməmişdir. Eyni zamanda, iddiaçının hərbi biletində də onun A-3 kateqoriasına aid olduğunu, ekspert rəyində 2-ci səhifədə, 68-ci maddənin “c” bəndinin birinci qrafasında iddiaçının hərbi xidmətə yaralı hesab edilərək Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinə hərbi xidmətə göndərildiyinin qeyd olunduğunu bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

21. Sumqayıt İnzibati Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2-1(118)-2780/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “iddiaçının səhhətində problem olmasına baxmayaraq müddətli həqiqi hərbi xidmətə göndərildiyi üçün 8.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi mümkün hesab edilməmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(105)-661/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2-1(118)-2780/2024 nömrəli qərardadı ləğv edilərək, iddiaçının cavabdehə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

24. Bundan əlavə, cavabdeh tərəfindən etirazda göstərilən iddianın düzgün cavabdehə qarşı qaldırılmadığı ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının e-2-1(102)-2827/2025 nömrəli qərardadına əsasən “məhkəmə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinin ayrıca hüquqi şəxs olub-olmadığını aydınlaşdırmalı, Xidmətin yerli bölmələrinin onun strukturunun bir hissəsi olaraq ümumən Xidmətə aid edilmiş səlahiyyətlərin icrasında iştirak etdiyini nəzərə almaqla iddianın düzgün cavabdeh kimi Xidmətə qarşı qaldırılması məsələsini müzakirə etməlidir.” Belə ki, məhkəmə, qeyd edilən kassasiya instansiyası məhkəməsinin mövqeyinə və iş üzrə müəyyən edilmiş hallara, əsaslanaraq hesab edir ki, hazırkı iddia düzgün olaraq cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırılmış, bununla da cavabdehin iddiaya cavab verməli olması mümkünlük şərtini ödəmişdir.

Tətbiq edilən hüquq:

25. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik (-) 1.2. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir.

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.1. hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı (o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; ... 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;[8] ... 2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa); 2.0.13. tibbi şəhadətləndirilmə – çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir; (-)

Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. (-)

Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; ... 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. 12.4-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün çağırışçıların təyinatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi say bölgüsü üzrə və çağırışçıların sağlamlıq vəziyyəti, fiziki inkişafı və fərdi göstəriciləri nəzərə alınmaqla aparılır. (-)

Maddə 13. Çağırış komissiyaları 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir.

Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. ... 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. ... 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-cı ıl 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Ekspertizası haqqında” Əsasnaməsinin müvafıq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

(-) 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi xidmətə könüllü daxil olan vətəndaşların; orqanlara xidmətə daxil olan vətəndaşların; hərbi qulluqçuların; orqanlarda xidmət keçən şəxslərin; hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan vətəndaşların; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (bundan sonra hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri) daxil olan vətəndaşların; orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra - təhsil müəssisələri) daxil olan vətəndaşların; hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; hərbi toplanışa çağırılan vətəndaşların; ... c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istisna olmaqla), hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət; ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi; d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; e) hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi tibb müəssisələrində pulsuz tibbi təminat hüququna malik olan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi; ə) hərbi-həkim ekspertizası problemlərinin elmi araşdırılmasında iştirak edilməsi; f) hərbi-həkim ekspertizası üzrə həkim-mütəxəssislərin hazırlanması. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkimuçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. ... 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra - ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. ... 1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır. 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. ... Vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür. Təşkilati-hüquqi formasından asılı olmayaraq, tibbi təşkilatlar və tibb müəssisələri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, qanunvericiliklə hərbi xidmətkeçmə (orqanlarda xidmətkeçmə) nəzərdə tutulmuş orqanların kadr bölmələrinin, ştatlı hərbi-həkim komissiyalarının sorğuları əsasında 2 həftə müddətində psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, insanın immunçatışmazlığı virusu ilə yoluxmaya görə uçotda (nəzarətdə) olan vətəndaşlar, diaqnozu və uçota götürülmə tarixi göstərilməklə, digər xəstəliklərə görə dispanser nəzarətində olan vətəndaşlar barədə məlumat verməli, eləcə də ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, hərbi xidmətə könüllü daxil olan və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətini xarakterizə edən ambulator xəstələrin tibbi kartını, zəruri hallarda digər tibbi sənədləri (xəstəlik tarixini, stasionar xəstələrin tibbi kartını, rentgenoqramları, xüsusi müayinələrin protokollarını və s.) təqdim etməlidirlər. (-) 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. ... 2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara dövlət tibb müəssisələrində (bundan sonra – tibb müəssisələri) hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. ... 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. Çağırışaqədər yaş həddində olanların və çağırışçıların şəhadətləndirilməsi prosesində müayinələrin həyata keçirilməsi məqsədilə göndəriləcəkləri tibb müəssisələrinin siyahısı, habelə keçəcəkləri tibbi müayinələrin həcmi və qaydası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.5. Tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. 2.6. Çağırışaqədər yaş həddində olanların sağlamlıq vəziyyətinə dair məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən əldə olunaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçının uçot kartına əlavə olunur. 2.7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələrini və çağırışçıları onların X1 Sistemində yaradılan elektron kabinetlərinə (bundan sonra elektron kabinet) elektron formada çağırış vərəqəsi göndərməklə (bu mümkün olmadıqda çağırış vərəqəsi poçt rabitəsi və ya digər vasitələrlə və şəxsən təqdim olunmaqla) tibbi müayinələrin keçiriləcəyi tibb müəssisəsi və keçməli olduqları müayinə metodları, müəyyən edilmiş vaxtda yaxınlaşmalı olduqları müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası və gəlməmələrinin nəticələri barədə məlumatlandırır. ... 2.8. Tibb müəssisələri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında çağırışaqədər yaş həddində olanların və çağırışçıların tibbi müayinələrdən mümkün qısa vaxt ərzində növbədənkənar keçirilməsini təmin etməlidirlər. ... 2.10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış ilkin hərbi qeydiyyata alma komissiyası və hərbi həkim komissiyaları tərəfindən bu Əsasnamənin 2.9-cu bəndində qeyd olunan tibbi müayinə nəticələri təhlil edilir və müvafiq olaraq azı 9 (doqquz) nəfərdən ibarət həkim və mütəxəssis (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər cəlb edilməklə) tərəfindən çağırışaqədər yaş həddində olanların və çağırışçıların əyani tibbi müayinəsi aparılır. Əyani tibbi müayinəyə dair VEİS-də elektron sənəd formasında rəy formalaşdırılaraq, həkim və mütəxəssislərin elektron imzası ilə təsdiqlənir. Rəy barədə vətəndaşların məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir, məlumatlar həmçinin çağırışçının uçot kartına əlavə edilir. ... 2.13. Çağırışaqədər yaş həddində olanların bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə şəhadətləndirilməsi bu Əsasnamənin 2.14-cü bəndi nəzərə alınmaqla ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən ilkin hərbi qeydiyyat prosesi yekunlaşdırıldıqdan sonra aparılır. ... 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.16. İlkin hərbi qeydiyyata alınma üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi qeydiyyata alınarkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən olunur. 2.17. Hərbi həkim komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə verilmiş rəylər nəzarət qaydasında baxılması üçün VEİS üzərindən Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin rəylərin tibbi, texniki tələblərə və qanunvericiliyə uyğunluğu elektron formada yoxlanılır. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyasının qəbul etdiyi rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqlənmədikdə və “B”, “C”, “Ç” və “D” kateqoriyalarından birinə dəyişdirilmədikdə “A” kateqoriyası üzrə rəy tərtib olunur və şəhadətləndirmə üzrə yekun qərarın verilməsi məqsədilə VEİS üzərindən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına göndərilir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair VEİS-də elektron sənəd formasında formalaşdırılan müvafiq rəy komissiya üzvlərinin elektron imzası ilə təsdiq edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. ... 2-1.6. Çağırışçıların Agentlikdə yekun tibbi müayinədə iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2-1.8. Çağırışçı Agentlikdə yekun tibbi müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. ... 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. ... 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra - Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. (-)

27. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 52. Məhkəmə baxışının hədləri

Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin vermiş olduğu izahatları dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda göstərilmiş əsaslara görə iddia tələbi təmin edilməməlidir.

29. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, hərbi xidmət vəzifələrini yerinə yetirmək iqtidarında olmadığı halda, 7 iyul 2022-ci il tarixdən hərbi xidmətə çağrıldığı zaman həqiqətəuyğun olmayan, səthi şəkildə müayinə edilərək şəhadətləndirilmiş, barəsində hərbi xidmətə yararlıq qərarı verildiyi üçün, nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi cavabdeh orqanın səlahiyyəti olduğundan, kompensasiyanın ödənilməsinə dair tələbi təmin edilməlidir.

30. Cavabdeh tərəfin mövqeyinə görə isə bir həkimin yastıayaqlılığın iddiaçıda anadangəlmə olması barədə elmi mənbələrə əsaslanmayan mülahizəsi əsas götürülərək 3 aydan sonra iddiaçıda aşkar edilən xəstəliyin onun həqiqi hərbi xidmətə çağrılarkən tibbi şəhadətləndirmə zamanı mövcudluğu qənaətinə gəlinməsi ilə səbəb əlaqəsinin olması barədə yanlış nəticəyə gəlinmiş, şəhadətləndirmə zamanı komissiyanın hansı normativ sənədlərin tələblərinin pozduğunu göstərmədən iddiaçının sağlam olmadığı halda həqiqi hərbi xidmətə çağırılması qənaətinə gəlinmişdir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Lakin hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur.

31. İş materialında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, “Xəstəlik haqqında şəhadətnamə”yə görə iddiaçı N oktyabr 2022-ci il tarixli, 3325 saylı göndəriş əsasında Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı. Xroniki vazomotor rinit. Sol böyrəyin mikroliti (3 mm)” diaqnozu “ümumi xəstəlik” səbəb-əlaqəsi ilə qoyulmuş, hərbi həkim komissiyasının qərarı ilə “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Müalicəyə zərurətin olmadığı qeyd olunmuşdur.

32. İddiaçı 18 oktyabr 2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı anamnesində 17 iyul 2022-ci il tarixdə hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən şəhadətləndirilərək “Hərbi xidmətə yararlıdır” qərarı verilməsi bildirmişdir. Şikayəti yarandığı və artdığı üçün əvvəl N nömrəli hərbi hissəyə, daha sonra MN BKH-yə göndərilmişdir. MN Baş Klinik Hospitalının uroloqu və travmatoloqu ilə konsultasiya olunmuşdur. Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı: “Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı. Xroniki vazomator rinit. Sol böyrəyin mikrolti (3mm).” “ÜMUMİ XƏSTƏLİKDİR”, “Xəstəliklər cədvəli”nin 68c maddəsinin // qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuşdur. Hərbi Həkim Komissiyası xəsarətlərin, xəstəliklərin səbəb-əlaqəsi haqqında “Ümumi xəstəlikdir” qərarının çıxarılması o deməkdir ki, əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağrılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmət keçmə (hərbi toplanış), orqanlarda xidmət keçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdusa. Müdafiə Nazirliyi iddiaçının hərbi xidmətdə olduğu dövr üçün nəzərdə tutduğu səkkiz min manat məbləğində təzminatı - kompensasiyanı ödəyən orqan olmadığı üçün bu məsələylə bağlı müvafiq idarə və müəssisələrə (orqanlara) müraciət edilnəsi məsləhət görülmüşdür.

33. Bununla yanaşı, “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktına görə diaqnoz hər iki ayağın yastıayaqlılığı solda birinci dərəcə, sağda ikinci dərəcə funksiya pozğunluğu olmadan qeyd edilmişdir.

34. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T482/2025 saylı ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: “1-7.Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixli, “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-ində (əyani və rentgenoloji müayinə) aparılmış müayinələrin nəticələrinə əsasən “Hər iki pəncənin İİİ dərəcəli yastıpəncəliliyi, sağ pəncə L=15mm x 162°, sol pəncə L=16.5 x 16°, daimi ağrı sindromu, funksiyanın pozulması, Q66.5; R52.2; R26.8” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnoz “Xəstəliklər cədvəlinin 68-ci maddənin 2-ci qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.Hər iki pəncənin yastıpəncəliliyi İİİ dərəcə” xəstəliyi anadangəlmə anomaliyadır, ağrı sindromu və funksiyanın pozulması isə fəsadlarıdır. Xəstəliklərin hərbi xidmət dövründə (4 ay müddətində) bu qədər ağırlaşması az inandırıcıdır. “Xroniki vazomotor rinit” diaqnozu sağalmış, “sol böyrəyin mikroliti (3 mm)” ultrasəs müayinəsi ilə təsdiq edilmişdir. Vətəndaş İddiaçı 18.10. 2022-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinin göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilərkən hər iki pəncənin rentgenoqramması (xx.xx.2022): sağ pəncə L=155mm, h-14mm, A=160, sol pəncə L=155 mm, h=14 mm, a=160, hər iki pəncənin üçüncü dərəcəli boylama yastıayaqlılığı var. Aşıq- qayıqvari oynaqlarda osteoartrozu birinci mərhələdə qeyd edilir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı, xroniki vazomotor rinit, sol böyrəyin mikroliti (3 mm) Ümumi xəstəlikdir”. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı, “Xəstəliklər cədvəlinin 68-ci maddənin 2-ci qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

35. Məhkəmə iclasında iştirak etmiş cavabdeh orqanın səlahiyyətli nümayəndəsi ekspert rəyi ilə razılaşmamış, səbəb kimi bildirmişdir ki, hal-hazırda iş materiallarında iddiaçının hərbi xidmətə cəlb olunduğu anadək 3-cü dərəcəli yastıpəncəlikdən əziyyət çəkdiyinə dair dövlət orqanı tərəfindən təqdim edilmiş sənəd mövcud deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı hərbi xidmətə yararlı olduğunun bildirildiyi və bunu inkar edə bilmədiyi üçün hərbi xidmətə getməyə razılığın verdiyini, xəstəliyinin dərəcəsi ilə bağlı məlumatlı olmadığını bildirmişdir.

36. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər. Bu baxımdan nəzərə alınmalıdır ki, MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

39. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

40. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyriəmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

44. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

45. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə, cavabdeh orqanın mövqeyi ilə razılaşır.

46. İlk növbədə ona görə ki, iddiaçı A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilərək, müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Yəni bu qərar hərbi qulluqçunun və ya çağırışçının səhhət vəziyyətinə görə müəyyən məhdudiyyətlərlə xidmətə yararlı olduğunu göstərir.

47. Bundan əlavə, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçının hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin iddiaçının və yaxınlarının Sumqayıt şəhər çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir.

48. Eyni zamanda, hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Buna baxmayaraq, iddiaçı tərəfindən barəsində çıxarılmış qərar mübahisələndirilməmiş, bununla bərabər şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır.

49. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmətə çağırılarkən və hərbi xidmətdə olarkən cavabdeh inzibati orqanın qanunvericliyin hər hansı tələblərinin pozulması müəyyən edilmədiyindən, yəni hüquqa zidd hərəkətləri mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. NƏTİCƏVİ HİSSƏ

50. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar