Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-732/2025 19.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (mənzilə dair çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən kooperativ binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 207,5 kv.m olan 4 otaqlı 138 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın. Texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən kooperativ binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 207,5 kv.m olan 4 otaqlı 138 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" Mənzil Tikinti Kooperativinin 25 mart 2016-cı il tarixdə keçirilən ümumi yığıncağında kooperativə üzv qəbul edilmiş və ona payçı kimi həmin vaxtda tikilməkdə olan ünvan 4 ünvanında yerləşən kooperativ binanın 7ci mərtəbəsində ümumi sahəsi 207,5 kv.m olan mənzil ayrılmış, mənzilin ümumi dəyərini isə "xxxx" Mənzil Tikinti Kooperativinə tam ödəmiş, borcunun olmadığını bildirmişdir. Daha sonra iddiaçı 11 may 2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etdiyini, lakin cavabdeh orqan tərəfindən göndərilən 31 may 2023-cü il tarixli cavab məktubunda bundan imtina olunduğunu qeyd etmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 19 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə təqdim etdiyi yazılı etirazını onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən kooperativ binanın 7-ci mərtəbəsində iddiaçının istifadəsində olan mənzilə texniki baxış keçirilən zaman mənzil daxilində yenidənqurma işlərinin aparıldığını və yaşayış binasının razılaşdırılmış layihəsindən kənara çıxılaraq layihədə göstərilən 2 ayrı mənzilin birləşdirildiyini qeyd etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan "xxxx" Mənzil-Tikinti Kooperativinin 25 mart 2016-cı il tarixli ümumi yığıncağının 33 nömrəli protokolunda İddiaçı həmin Kooperativə payçı kimi üzvlüyə qəbul edilməsi və mənzil bölgüsü üzrə ona ünvan 5 ünvanında yerləşən hündürmərtəbəli binanın 7-ci mərtəbəsində 138 saylı, ümumi sahəsi 207,5 kv.m olan 4 otaqlı mənzilin ayrılması qərara alınmışdır. İşə "xxxx" Mənzil-Tikinti Kooperativinin 9 noyabr 2019-cu il tarixli 13 nömrəli maliyyə arayışı da əlavə edilmişdir ki, həmin arayışda İddiaçı sözügedən "xxxx" MTK-ya borcunun qalmadığı qeyd edilmişdir. İşə əlavə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən iddiaçının istifadəsində olan mənzil daxilində icazəsiz tikilinin olmadığı və 2 ayrı mənzilin birləşməsindən ibarət vahid mənzil olduğu müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, ünvan 4 ünvanında yerləşən hündürmərtəbəli binanın 7-ci mərtəbəsində 138 saylı, ümumi sahəsi 207,5 kv.m olan, 4 otaqlı mənzil iddiaçıya satılmışdır. İddiaçı həmin yaşayış sahəsində uzun müddətdir ki, yaşayır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin yerləşdiyi yer Sumqayıt şəhəri olduğu üçün həmin orqanın – 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Sumqayıt şəhəri olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.6-cı maddəsində də qeyd olunmuşdur). 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki,son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin 25 mart 2016-cı il tarixdə keçirilən ümumi yığıncağında alınan qərara əsasən payçı qismində kooperativə üzv qəbul edilmiş və nəticə etibari ilə ünvan 1 ünvanında yerləşən kooperativ binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 207,5 kv.m olan 4 otaqlı 138 saylı mənzil İddiaçı ayrılmışdır. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh orqan tərəfindən aşağıdakı səbəbdən imtina edilmişdir: 1) ünvan 4 ünvanında yerləşən kooperativ binanın 7-ci mərtəbəsində iddiaçının istifadəsində olan mənzilə texniki baxış keçirilən zaman mənzil daxilində yenidənqurma işlərinin aparılması və yaşayış binasının razılaşdırılmış layihəsindən kənara çıxılaraq layihədə göstərilən 2 ayrı mənzilin birləşdirilməsi müəyyən edilmişdir.
Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından edilən imtina öz təsdiqini tapmır. Belə ki: ünvan 1 ünvanında yerləşən kooperativ binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 207,5 kv.m olan 4 otaqlı 138 saylı mənzil iddiaçıya "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının qərarı ilə ayrılmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışından da görünür ki, onun MTK-ya borcu yoxdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə görə mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göründüyü kimi iddiaçı həmin tələbə riayət etmişdir. Bundan əlavə daşınmaz əmlakın dövlət reyestrindən verilən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən həmin binanın 136 nömrəli mənzilinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Yəni, kooperativ bina istismara verilməklə orada yaşayış mövcuddur və ayrı-ayrı mənzillərə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Hətta iddiaçının izahatında da qeyd edildiyi kimi bir neçə yaşayış sahəsində iki mənzilin birləşdirilməsi halına da rast gəlinmişdir. Mübahisəli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, mənzilin sahəsi əlavə edilmiş eskiz layihədə 2 mənzilin birləşməsidir. Arxiv qovluğunda verilmiş eskiz layihə ilə müqayisədə mənzillərin daxilində dəyişiklik edilməsi görünür. Mənzil Məcəlləsində qeyd olunduğu kimi yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər (yenidən qurulması halları) istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Qeyd olunur ki, hazırkı halda mənzilin layihəsi "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təsdiq edilmişdir. Qeyd olunan halları ümumiləşdirərək məhkəmə hesab edir ki, eyni yaşayış binasında bir mənzilə münasibətdə mülkiyyət hüququnun qeydiyyata alındığı halda başqa mənzilə dair hüququn qeydə alınmasından imtina edilməsi bərabərlik prinsipinə zidd olmaqla mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edildiyindən təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən kooperativ binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 207,5 kv.m olan 4 otaqlı 138 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev