Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-733/2021 17.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Qafarova Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı (işləməyən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 1, SMU 3 İdarəsini binasında məskunlaşan) Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı sağlamlıq imkanları məhdud olan 22.12.1997-ci il təvəllüdlü qızı X5 qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.12.1979-cu ildən 14.10.1992-ci il tarixədək Bakı Trikotaj Fabrikində toxucu, 02.11.1982-ci ildən 11.09.1984-cü il tarixədək Bakı Təkər zavodunda, 17.10.1984-cü ildən 19.10.1993-cü il tarixədək Bakı Qab emalı zavodunda emalçı, 20.10.1993-cü ildən 08.11.1995-ci ilədək İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində İİİ dərəcəli rəngsaz, 03.01.2000-ci ildən 25.02.2020-ci ilə kimi müxtəlif idarə və müəssisələrdə işlədiyi sosial sığorta stajında daxil edilərək və 20.10.1993- 08.11.2005-ci illərə dair əmək fəaliyyəti və sosial siğorta stajının təsdiq olunmaqla ona pensiya hüququnun yarandığı 20.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək sağlamlıq imkanları məhdud olan 22.12.1997-ci il təvəllüdlü qızı X5 qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 20.12.1979-cu ildən Bakı Trikotaj Fabrikində əmək fəaliyyətinə başlamış, 14.10.1992-ci il tarixədək bu idarədə toxucu peşəsində, 02.11.1982-ci ildən 11.09.1984-cü ilə kimi Bakı Təkər zavodunda, 17.10.1984-cü ildən 19.10.1993-cü ilədək Bakı Qab Emalı zavodunda emalçı, 20.10.1993-cü ildən 08.11.1995-ci ilədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində İİİ dərəcəli rəngsaz, 03.01.2000-ci ildən 01.11.2001-ci il tarixədək Nəsimi rayon 77 nömrəli MKİS-də süpürgəçi, 01.09.2011-ci uil tarixdən 22.11.2015-ci il tarixədək Laçın rayon Biləcəri orta məktəbində xadimə 23.11.2015-ci il tarixdən 05.09.2017-ci il tarixədək Xətai rayon İH MKTB-də süpürgəçi və 12.12.2017-ci il tarixdən 25.02.2020-ci il tarixədək “Azərbaycan” supermarketinsə xadimə işləmişdir. Bundan başqa iddiaçı anadangəlmə fiziki qüsurlu olan 1997-ci il təvəllüdlü qızı Əfsanəyə qulluq etmişdir. Bununla bağlı iddiaçı güzəştli şərtlərlə yaşa göprə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh idarə 06.01.2021-ci il tarixli imtina məktubu ilə ona imtina cavabı vermişdir. Belə ki, cavabdeh onun 25 il sosial sığorta stajına malik olmadığını, onun 1993-2005-ci illərdə işlədiyi müddəti mübahisələndirmişdir. Cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı 17.09.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə DSMF-nin 1 saylı Regional Ərazi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və 06.01.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın 06.01.2021-ci il tarixli imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan 20.10.1993-08.11.2005-ci illərə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna zidd hesab edilmişdir. İddiaçı 25 il sosial sığorta stajına qarşı 23 il 9 ay 19 gün sosial sığorta stajına malik olduğu nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, 06.07.1957-ci il təvəllüdlüdür. - iddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, X10 20.12.1979-cu ildən 14.10.1992-ci il tarixədək Bakı Trikotaj Fabrikində toxucu, 02.11.1982-ci ildən 11.09.1984-cü ilə kimi Bakı Təkər zavodunda, 17.10.1984-cü ildən 19.10.1993-cü ilədək Bakı Qab Emalı zavodunda emalçı, 20.10.1993-cü ildən 08.11.1995-ci ilədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində İİİ dərəcəli rəngsaz, 03.01.2000-ci ildən 01.11.2001-ci il tarixədək Nəsimi rayon 77 nömrəli MKİS-də süpürgəçi, 01.09.2011-ci uil tarixdən 22.11.2015-ci il tarixədək Laçın rayon Biləcəri orta məktəbində xadimə 23.11.2015-ci il tarixdən 05.09.2017-ci il tarixədək Xətai rayon İH MKTB-də süpürgəçi və 12.12.2017-ci il tarixdən 25.02.2020-ci il tarixədək “Azərbaycan” supermarketinsə xadimə işləmişdir. - Nikahın bağlanması haqqında 04.06.1994-cü il tarixli şəhadətnamədən görünür ki, X2 Zakir Ağaşirin oğlu ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. - Qubadlı rayon Dəmiçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10-17/121 saylı 25.09.2020-ci il tarixli arayışdan görünür ki, Dəmirçilər kənd sakini İddiaçı və anadangəlmə qüsurlu qızı X1 rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 1, SMU-3 idarəsinin binasında müvəqqəti məskunlaşmışdır. - TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, 22.12.1997-ci il təvəllüdlü X5 əlillik dərəcəsi ilk dəfə 11.01.2012-ci ildə təyin edilmiş, sonrakı illərdə müddəti uzadılmış, 15.04.2016-cı ildə isə müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. - Binəqədi rayon İHB Biləcəri qəsəbə inzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli 14-15-14-18/177/2 saylı məktubdan görünür ki, X9 1997-ci ildən Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində qeydiyyatsız yaşayan anası İddiaçı himayəsində böyümüşdür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yuxarıda göstərilən normanın şərtləri daxilində əmək pensiyası hüququ verən yaş həddinə çatmışdır. Hazırda işin mübahisələndirən halı ondan ibarətdir ki, iddiaçı tələb olunan sosial sığorta stajına malik deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenbidən hesablanması, bir növündən başqa növünəkeçieilməsi və ödənilməsi Qaydaları” nın 3.9-ci bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla iddiaçının 22.12.1997-ci il təvəllüdlü qızı X4 ən azı 11.01.2012-ci ildən, yəni 14 yaşından sağlamlıq imkanları məhdud uşaq olması və anadan olandan iddiaçının himayəsində böyüməsi, iddiaçının ona qulluq etməsi təsdiq edildi. Belə olan halda cavabdeh tərəfindən iddiaçının 23 il 9 ay 19 gün sosial sığorta stajına malik olmasını qəbul edilməsi də nəzərə alındıqda iddiaçının sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi dövr də onun sosial sığorta stajında daxil edildikdə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı sağlamlıq imkanları məhdud olan 22.12.1997-ci il təvəllüdlü qızı X5 qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı sağlamlıq imkanları məhdud olan 22.12.1997-ci il təvəllüdlü qızı X5 qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi Filialın üzərinə qoyulsun. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-733/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-733/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver