Məhkəmə qərarları › İş №2-1(118)-733/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-733/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-733/2025 07.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, ünvan 1 ünvanında yerləşən 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ünvan 1 ünvanında yerləşən 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2- 16165/2023 saylı imtina məktubu ilə ünvan 1 ünvanda yerləşən 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün xx.xx.2023-cü il tarixli müraciətim əsasında hüququmun qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdehin məktubunda göstərilir ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 10 saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 30 kv.m torpaq sahəsi üçün torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-cu maddələrinə əsasən ərizələrinin icrasından imtina olunmuşdur. Qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi qoyulmalıdır. Xaçmaz Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 10 saylı qərarı ilə ona fərdi mağaza tikmək üçün Xaçmaz şəhərinin Mehdi Hüseynzadə küçəsi ərazisindən 30 kv.m torpaq sahəsi satılmışdır. Xaçmaz Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 862 saylı arayışında göstərilir ki, Xaçmaz rayon Dövlət Arxivinin 27 oktyabr 2023-cü il 3-48- 18-RA/2-A9xx-xx/2023 saylı çıxarış məktubunda göstərildiyinə görə Xaçmaz Bələdiyyəsi tərəfindən ona 26 oktyabr 2000-ci il tarixli, 10 say lı qərara əsasən sahibkarlıq məqsədi ilə Xaçmaz şəhəri ərazisində 30 kv.m torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon Dövlət Arxivinin 27 oktyabr 2023-cü il 3-48-18- RA/2-A9xx-xx/2023 saylı arxiv arayışında göstərilir ki, X1 26 oktyabr 2000-ci il tarixli iclasının 10 saylı protokolundan çıxarışa əsasən siyahıda 4-cü Xaçmaz şəhəri, M.Ş.Vazeh küçəsi, 19 saylı evin sakini İddiaçı M.Hüseynzadə küçəsində fərdi mağaza tikmək üçün 30 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Xaçmaz Bələdiyyəsinin sədri T.Məlikovun və Xaçmaz RİH-nin Tikinti və Memarlıq Şöbəsinin müdiri K.Gəncəliyevin təsdiq etdikləri ona ayrılmış torpaq sahəsinin 1:10000 miqyaslı sxematik planı və ayrılmış torpaq sahəsinin Xaçmaz şəhərinin baş planından 1:2000 miqyaslı sxematik çıxarışdan görünür ki, ona ayrılmış torpaq sahəsi xəritələr üzərində göstərilmişdir. Ayrılmış torpaq sahəsi naturada ona göstərilmiş və təhkim edilmişdir. Ayrılmış torpaq sahəsində 2000-2001-ci illərdə fərdi mağaza tikərək təyinatına görə istifadə etmişdir. Hazırda sənədləşdirmə aparmaq üçün cavabdehə müraciət etmişdir, lakin yuxarıda göstərilən imtina məktubu ilə torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. Torpaq sahəsinin ona ayrıldığı vaxtdan 23 il vaxt keçir və bu müddət ərzində hər hansı hüquqi, vəzifəli və fiziki şəxs tərəfindən ona hər hansı bir irad bildirilməmişdir. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarının uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il qərarında göstərilir ki, hüquqların dövlət qeydiyyatına alımasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. “X2rşı” məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəməyə müraciət etməyibsə, deməli, faktiki olaraq ərizəçinin həmin tikintiyə mülkiyyət hüququnu tanımışdır. “X4rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. “Payn Velli developments Ltd” şirkəti İrlandiyaya qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir. Ona görə də cavabdehin imtinası tamamilə əsassız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Ağayev X3 şəhəri ərazisində yerləşən 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 10 saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 30 kv.m torpaq sahəsi üçün torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-16165/2023 məktubla imtina edilmişdir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təstiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nda bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilərək müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təstiqlənir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Xaçmaz Bələdiyyəsinin 31 oktyabr 2023-cü il tarixli, 862 saylı arayışında qeyd edilmişdir ki, Xaçmaz bələdiyyəsi tərəfindən iddiaçıya 26 oktyabr 2000-ci il tarixli 10 saylı qərara əsasən sahibkarlıq məqsədilə Xaçmaz şəhəri ərazisində 30 kv.m torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon Dövlət Arxivinin 27 oktyabr 2023-cü il tarixli, 3-48-18RA/2-A9xxxx/2023 saylı arxiv çıxarışından görünür ki, X1 26 oktyabr 2000-ci il tarixli iclasının 10 saylı qərarı ilə Xaçmaz şəhəri, M.Ş.Vazeh küçəsi, 19 saylı evin sakini İddiaçı .M.Hüseynzadə küçəsində fərdi mağaza tikmək üçün 30 kv.m torpaq sahəsi satılmışdır. Xaçmaz şəhərinin baş planından çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon Dövlət Arxivinin 29 iyul 2024-cü il tarixli, 3-48-18RA/2-1xx-xx/2024 saylı məktubu ilə Xaçmaz bələdiyyəsinin xx.xx.2000-ci il tarixli iclasının 10 saylı protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 10 saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 30 kv.m torpaq sahəsi üçün torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçıya satılmışdır. Qərar hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Xaçmaz rayon Dövlət Arxivinin 29 iyul 2024-cü il tarixli, 3-48-18RA/2-1xx-xx/2024 saylı məktubu ilə təqdim edilmiş Xaçmaz bələdiyyəsinin xx.xx.2000-ci il tarixli iclasının 10 saylı protokolundan görünür ki, Xaçmaz şəhəri, M.Ş.Vazeh küçəsi 19 saylı evin sakini İddiaçı M.Hüseynzadə küçəsində mağaza tikmək üçün 30 kv. metr torpaq sahəsi verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 10 saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 30 kv.m torpaq sahəsi üçün torpaqların alqı-satqısına dair akt təqdim edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 10 saylı, 26 oktyabr 2000-ci il tarixli qərarı ilə İddiaçı satılmış ünvan 1 ünvanında yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar