Məhkəmə qərarları › İş №2-1(118)-7331/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7331/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7331/2025 30.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin olunma) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 2 aprel 2015-ci il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə” müqaviləsidən görünür ki, kirayədar Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 111,39 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan mənzili müddətsiz (daimi) istifadə üçün kirayəçi İddiaçı və onun 4 nəfər ailə üzvlərinə vermişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 2 avqust 2019-cu il tarixdə “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının dərin davamlı qalıq əlaməti. Dəqiqləşdirilməmiş ensefalopotiya, postravmatik ensefalopotiya, tez tez baş verən vegetativ damar paroksizmləri ilə” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

3. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 18 dekabr 2020-ci il tarixli, 276 nömrəli sərəncamından görünür ki, 1-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı 2 nəfərdən ibarət ailə tərkibi ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır.

4. 13 may 2025-ci il tarixli, 13 nömrəli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə” müqaviləsidən görünür ki, kirayədar Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi ünvan 3 ünvanında yerləşən 111,39 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan mənzili müddətsiz (daimi) istifadə üçün kirayəçi İddiaçı və onun 7 nəfər ailə üzvlərinə vermişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 25 iyun 2025-ci il tarixli, 3-17-3/2-M-18446/2025 nömrəli məktubundan görünür ki, İddiaçı dövlət tərəfindən ünvan 3 ünvanında üçotaqlı mənzillə təmin olunmuşdur. İmtiyazlı şəxs kimi Nazirlik tərəfindən yenidən mənzillə təmin olunması nəzərdə tutulmamışdır.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 13 fevral 2026-cı il tarixli, 5-6/2-397/2026 nömrəli məktubundan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2012-ci ildə Sumqayıt şəhərində inşa edilmiş yaşayış sahəsi 66,40 kv.m olan 3 otaqdan ibarət 12-ci mikrorayon, ev 12-də ünvanından 5 nəfər ailə tərkibinə görə 55 saylı mənzillə təmin olunmuşdur. Həmin yaşayış sahəsinə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. İddiaçı imtiyazı əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 18 dekabr 2020-ci il tarixli, 276 saylı sərəncamı ilə yenidən 2 nəfərdən (özü, arvadı) ibarət ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

7. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nəfərdən ibarət ailə tərkibi ilə (iddiaçı və arvadı X2) yaşayış sahəsi 32 kv.m-dən az olmamaqla mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin hallarına (§1-4) istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçını mənzillə təmin etməkdən imtina edərkən onun 2012-ci ildə bir dəfə mənzillə təmin edilməyini əsas götürmüşdür. Hansı ki, şəxsi mənzillə təmin etmək üçün meyar onun neçə dəfə mənzillə təmin edilməsi deyil, onun mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olub-olmamasıdır. İddiaçının ərizəsi araşdırılarkən cavabdeh nə vaxtsa mənzillə təmin edilib-edilməməyini deyil, mənzil şəraitinin yaşxılaşdırılmasına ehtiyacı olub-olmamasını müəyyən etməli idi. Cavabdeh isə bunu etməmişdir. İddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 1-ci qrup Qarabağ əlili olmağı Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə müəyyən edilmiş və iddiaçı bu əsaslarla uçota götürülmüşdür. Belə olan təqdirdə cavabdehin məktubunda göstərilmiş əsasla imtina etməsi qanunsuz olmuşdur. Qeyd edilir ki, iddiaçının bir dəfə mənzillə təmin edilməyini əsas götürərək mənzillə təmin etməkdən imtina etməklə, cavabdeh Prezidentin 20 iyun 2014-cü il tarixli, 596 saylı sərəncamının da tələblərini pozmuşdur. Çünki iddiaçı həmin Sərəncamda qeyd edilən şəxslərə aid olduğundan və Sumqayıt Şəhər İcra Hakimiyyətinin 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə bu kateqoriya şəxslər üzrə mənzil uçotuna götürüldüyündən, iddiaçı mənzil şəraiti yaxşılaşdırılmağa ehtiyacı olan şəxsdir və bu halda cavabdehin imtinası qanunsuz olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalara əsasən, yaşayış sahəsinin ayrılma norması adambaşına 16 kv.m müəyyən edilmişdir. İddiaçı hazırda 8 nəfər ailə üzvü ilə yaşayış sahəsi 66,4 kv.m olan 3 otaqlı mənzildə yaşayır. Adambaşına düşən yaşayış sahəsi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 16 kv.m normadan azdır. Məhz bunu nəzərə alaraq Sumqayıt Şəhər İcra hakimiyyəti iddiaçını və həyat yoldaşını mənzilə ehtiyacı olan 1-ci qrup Qarabağ əlili kimi uçota götürmüşdür.

9. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən mənzillə təmin olunduğundan onun yenidən mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyildir. İddia ərizəsindən və iş materiallarından da göründüyü kimi, iddiaçı ailə tərkibi 5 nəfər olmaqla Sumqayıt şəhəri, 12-ci mikrorayon, mənzil 55, ev 12b, ümumi sahəsi 111.39 kv.m, yaşayış sahəsi 66.40 kv.m mənzillə təmin edilmişdir. Belə olan halda hesab edilir ki, iddiaçı və onun ailə üzvinə adambaşına düşən sahə (111,39 kv.m:5 nəfər = 22,28 kv.m) uçot normasından (16 kv.m) çoxdur.

13. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2- 1(102)-1300/2023 nömrəli və 9 aprel 2024-cü il tarixli, 2-1(102)-448/2024 saylı qərarlarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

14. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

17. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

18. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

Tətbiq edilən hüquq:

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı

31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri

48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-)

Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması

49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra - ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-)

Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları

50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması

51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (-)

Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi

59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarı:

Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

24. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə tərəflərin izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

26. İddia tələbinin əsaslarına görə, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 1-ci qrup Qarabağ əlili olmağına, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə uçota götürülməsinə, hazırda 8 nəfər ailə üzvü ilə yaşayış sahəsi 66,4 kv.m olan 3 otaqlı mənzildə yaşadığına, adambaşına düşən yaşayış sahəsinin müəyyən edilmiş 16 kv.m normadan az olduğuna baxmayaraq, iddiaçının cavabdeh tərəfindən əsassız olaraq mənzillə təmin edilməsindən imtina edilmişdir.

27. Cavabdeh tərəfin mövqeyinə görə isə, ki, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən 2012-ci ildə mənzillə təmin olunduğundan onun yenidən mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyildir, həmçinin 5 nəfər ailə tərkibinə verilmiş mənzildə mövcud olan sahə adambaşına düşən uçot normasından çoxdur.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 1-ci qrup Qarabağ əlili kimi ona verilmiş mənzilin ümumi sahəsinin onun ailə üzvlərinin say tərkibinə uyğun olmadığından, onun ailə üzvlərinin say tərkibi nəzərə alınmaqla, yeni mənzillə təmin edilməsinə yönəlmişdir. İddiaçı bu tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun yeni mənzillə təmin edilməsinin imkanları xaricində olduğunu bildirmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlə bağlı qəbul edilmiş 9 aprel 2024-cü il tarixli, 2-1(102)-448/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “iddiaçı şəhid ailəsi statsuna malik olmaqla, bu əsasla xx.xx.1994-cü il tarixdə uçota alınmış (bir nəfər özü) və 19 mart 2018-ci il tarixdə mənzillə təmin edilmişdir. Həmin mənzil bir otaqlı mənzil olmaqla, ümumi sahəsi 43,3 kv.m-dir. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi onun ailə üzvlərinin say tərkibinin 5 nəfər olması, ona verilmiş mənzilin ümumi sahəsinin ailə üzvlərinin sayına uyğun olmaması halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. 31. Aşağı instansiya məhkəmələrində məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçı şəhid ailəsi kimi ailə üzvlərinin sayının 5 nəfər olduğunu qeyd etsə də, həmin şəxslər sırasında gəlini və nəvələrinin adları (cəmi 4 nəfər olmaqla) qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər (gəlini və nəvələri) Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozitiv şərtlərinə əsasən (ər, arvad, uşaqlar və valideynlər) ailə üzvlərinin dairəsinə düşən şəxs hesab olunmurlar. Qanunvericilik digər qohumların ailə üzvi hesab edilə bilməsini isə mülkiyyətçinin himayəsində olan və əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvi kimi yaşayış sahəsinə köçürülməsi ilə şərtləndirmişdir. Hazırki iş üzrə isə həmin şəxslərə münasibətdə belə halın olması müəyyən olunmur.”

30. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı ilə müvafiq icra hakimiyyəti arasında bağlanılmış kirayə müqaviləsi ilk dəfə 5 nəfər ailə üzvləri (iddiaçı, arvadı və övladları), daha sonra isə yeni müqavilə bağlanılaraq 5 nəfər deyil, 8 nəfər ailə üzvü ((iddiaçı, arvadı, övladları, kürəkəni, gəlini və nəvələri) nəzərə alınmışdır.

31. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(102)-1300/2023 nömrəli qərarına əsasən “...mənzillərin sahəsi hesablanarkən ümumi sahəsinin hesablanma qaydasını vurğulamaq lazımdır. Qanunun tələbinə görə isə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanır. ... 44. Eyni zamanda qeyd edilməlidir ki, qanunverici sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsinin ayrılma normasından az olmamaqla verilməli olduğunu müəyyən etməklə yanaşı, həm də yaşayış sahəsinin adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmayan ümumi sahə kimi verilə biləcəyi halını 2 əsasla şərtləndirmişdir: 1) yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olmalı; 2) yaşayış sahəsinə ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulmalıdır.”

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ailə üzvlərinin sayı kimi 8 nəfər say tərkibini əsas götürməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Hazırkı halda iddiaçının istifadəsində olan yaşayış sahəsinin adambaşına düşən sahə ilə bağlı müvafiq uçot norma və qaydalara uyğun olub-olmaması məsələsi məhz iddiaçı və 4 nəfər ailə üzvinə (arvadı və övladları) münasibətdə qiymətləndirilməlidir. Hazırkı halda həmin yaşayış sahəsinin ümumi sahəsi 111,39 kv.m təşkil edir, bu isə adambaşına düşən sahə (111,39 kv.m : 5 nəfər = 22,28 kv.m) 16 kv.m uçot normasından çoxdur.

33. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona cavabdeh tərəfindən əlavə olaraq mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bunun əksinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə durarkən qeydə alınmış 5 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən ayrılma normasının nəzərə alındığı, bu səbəbdən də sahəsi 111,39 kv.m olan 3 otaqlı mənzilin verildiyi, əlavə olaraq mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir.

34. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

35. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar