Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-735/2022 26.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin 29 oktyabr 2021-ci il tarixli ********* saylı imtinasının əsassız hesab olunması və ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “ona əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun 57 yaşı var. 3-cü qrup gözdən əlildir. Ona sosial pensiya təyin olunmuşdur. Əlilliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 11 saylı Regional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəsini baxılması üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. Filial 29 Oktyabr 2021-ci il tarixli ********* saylı məktubu ilə onun 15 il 2 ay sığorta stajı və 11961,01 manat pensiya kaptalı olması, yəni, tələb olunan pensiya kapitalından (13603,59 manatdan) az olması səbəbindən ona əmək pensiyası təyin olunmasından imtina etmişdir. Belə hesab edir ki, DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. O, xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Krasnoselsk rayonu Gölkənd kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı 1989-cu ildə Azərbaycana köçmüşdürlər və Şamaxı rayonu Şirvan kəndində məskunlaşmışlar. Müxtəlif təşkilatlarda işləmişdir. Hamısı əmək kitabçası ilə və məhkəmə qərarı ilə tam təsdiq olunmuşdur. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı bu stajdan 15 il 2 ayını qəbul edir və buna görə hər ilinə 750 manat pensiya kapitalı hesablamaqla ümumi pensiya kapitalının 11961,01 manat olduğunu göstərir. Cavabdeh onun xx.xx.2000-ci ildən xx.xx.2004-cü il tarixədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi müddəti onun sığorta stajına daxil etmir. Səbəb də onu göstərir ki, Şirvan bələdiyyəsinin sənədləri arxivə təhvil verilmədiyindən əmək haqqı barədə sənədlər yoxdur. Amma o həmin işlədiyi dövrdə aldığı əmək haqqı barədədə arayış təqdim etmişdir. Həmin arayışın kserosurətini də ərizəsinə əlavə etmişdir. O dövrdə qüvvədə olan qüvvədə olmuş əmək pensiyaları haqqında qanunvericiliyə əsasən işçinin əmək stajı onun əmək kitabçasına əsasən müəyyən olunurdu. Həmin dövrlərdə onun Şirvan bələdiyyəsində işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Bələdiyyənin sənədlərinin arxivə təhvil verilməməsi onun günahı deyildir. Bu 4 il 11 ay da onun sığorta stajına hesablanacağı təqdirdə onun 15796,01 manat pensiya kapitalının olduğu müəyyən olunur. Yəni, bu tələb olunan pensiya kapitalından çoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı X3 iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRl-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş üzrə icraat materiallarından məlum olunduğu kimi İddiaçı xx.xx.2018-ci il tarixdə İİİ qrup əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. İşin mübahisələndirilən halı bundan ibarətdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (11.961.01 manat) tələb olunan pensiya kapitalından (13.603,59 manatdan) az olduğu üçün əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Digər mübahisələndirilən hal isə iddiaçının 2000-2004-cü illərdə Şamaxı rayon Şirvan bələdiyyəsində işlədiyi dövrdür. Belə ki həmin dövrə aid Şirvan bələdiyyəsinin heç bir arxiv sənədi təhvil verilmədiyi 30 iyun 2021-ci il tarixli 259№ li Azərbaycan Respublikasının Milli Arxiv idarəsi X9 Filialının tərtib etdiyi arayışda öz əksini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 1. SH=PSK/(TxK), burada:
2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; 3.PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); 4.T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 5.К - sığorta davamiyyəti əmsalıdır. Sözügedən Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçı R.İbrahimova münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği aşağıdakı kimidir:
1. 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 2. 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; 3. Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 156/192= 0,8125; 4. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəi aylarının sayına vurulur: 0, 8125x144=117; 5. Pensiya sığorta kapitalı (PSK=11.961,01) alınmış rəqəmə bölünərək (11.961,01:117 = 102,230855 (103) manat) pensiyanın məbləği 103 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 103 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilər əmək pensiyasının minimum məbləğindən (2018-ci il 1 yanvar tarixindən 116 manat məbləğindən) aşağıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasın Qanununun 7.0.3-ci maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyətli olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Buna əsasən bildirlir ki, iddiaçıya xx.xx.2018-ci il tarixindən İİİ dərəcəli əlilliyə görə sosial müavinət təyin edilmişdir. Ümumilikdə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün cavadeh tərəfindən verilən imtina qanunauyğun olmuşdur. Əvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. - İddiaçıya məxsus ƏƏSMN yanında DSMF Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 022907 saylı vəsiqədən görünür ki, X5 25 sentyabr 2019-cu il tarixdən müddətsiz İİİ qrup əlillik təyin edilmişdir. - Şamaxı rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(074)-2745/2016 saylı qətnaməsindən görünür ki, 07 mart 2015-ci il tarixdə vəfat etmiş X1 özünü 06 avqust 1964-cü il təvəllüdlü X6 atası kimi etiraf etməsi faktının müəyyən edilməsi qət edilmişdir. - İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletdən görünür ki, X8 22 oktyabr 1982-ci ildən 23 oktyabr 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ЗТ 036919 saylı diplomdan görünür ki, X8 1981-ci ildən 1986-ci ilədək Sumqayıt Politexnik texnikumunda təhsil almışdır. - Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-1513/2018-ci il saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 1986-cı ilin aprel ayından 1986-cı ilin dekabr ayına kimi Ermənistan Krasnoselsk rayonu “Gölkənd” sovxozunda və 1986-cı ilin dekabr ayından 1988-ci ilin aprel ayına kimi Ermənistan Dilican şəhəri “İmplus” zavodunda və 1988-ci ilin aprel ayından 1988-ci ilin dekabr ayına kimi Krasnoselsk rayonu “Gölkənd” sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivinin 05 noyabr 2018-ci il tarixli 345 saylı arxiv arayışından görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan “Nizami” adına kolxozun 1988-1989-cu illərin əməyin ödənişinə görə uçot kitablarından müəyyən olunmuşdur ki, X8 1988-ci ilin dekabr ayından 1989-cu ilin iyun ayı olmaqla “Nizami” kolxozunda işləyərək əmək haqqı almışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X13 filialının xx.xx.2018-ci il tarixli, 696 nömrəli arxiv arayışında iddiaçı Sadıqov (İbrəhimov) Rasim Məcid oğlunun 1989- 1997-ci illərdə Şamaxı rayonun Saqyan kəndində “Dimitrov” adına sovxozda işlədiyi qeyd edilmiş və onun həmin illər üzrə aldığı əmək haqqlarının aylar üzrə məbləği göstərilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X13 filialının xx.xx.2018-ci il tarixli, 646 nömrəli arxiv çıxarışından görünür ki, X2 adına sovxozun direktorunun 100 saylı, 12 iyul 1989-cu il tarixli əmri ilə işə qəbul edilmiş, M.Hadi adına sovxozun direktorunun 17 saylı, 16 fevral 1994-cü il tarixli əmri ilə milli orduya çağırışdan geri qaytarıldığı üçün öz işinə qaytarılmış, M.Hadi adına sovxozun direktorunun 15 saylı, 01 mart 1997-ci il tarixli əmri ilə işdən azad edilmişdir. - AT-İİİ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-ci ildən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu ildən xx.xx.1997-ci il tarixədək, xx.xx.2000-ci ildən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 30 iyul 2018-ci il tarixli arayışında İddiaçı 2000-ci ildən 2005-ci ilədək Şamaxı rayonu Şirvan bələdiyyəsində mühasib vəzifəsində işlədiyi qeyd edilmiş və onun 2000-2004-cü illər ərzində aldığı əmək haqqlarının aylar üzrə məbləğləri göstərilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X13 filialının Şamaxı şəhər Regional ASAN Xidmət Mərkəzinə ünvanladığı 259 saylı, 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Şirvan bələdiyyəsinin sənədləri X13 filialına təhvil verilməmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 may 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi dövrlər sosial sığorta stajında nəzərə alındığı halda vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 15437,06 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Ona 25 sentyabr 2019-cu il tarixdən müddətsiz İİİ qrup əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onunmüraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 25 sentyabr 2019-cu il tarixdən üçüncü qrup əlillik təyin edilmişdir. İİİ qrup əlil kimi pensiya təyin edilməsi üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, ona İİİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdə təyin olunmuşdur. İddiaçıya tələb olunan stajın hesablanması (55-15)*4/12=188 ay (15 il 8 ay). Beləliklə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı 15 il 8 ay təşkil edir. Cavabdeh tərəfindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda qeyd edilən 2-ci şərtin ödənilmədiyi yəni, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi səbəb kimi göstərilir. Eyni zamanda cavabdeh orqan tərəfindən iddiaçının 2000-ci ildən 2005-ci ilədək Şamaxı rayonu Şirvan bələdiyyəsində mühasib vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamış və onun pensiya kapitalına hesablanmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd olunan dövrləri iddiaçının sosial sığorta stajı kimi nəzərə almasından imtinası əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda onun bələdiyyədə işləməsi Şamaxı rayonu Saqiyan bələdiyyəsinin 30 iyul 2018-ci il tarixli arayışı ilə də təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Buna görə də məhkəmə hesab edir ki, həmin dövrlər də iddiaçıya əlilliyə görə əmək pensiyasənın təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 may 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Şamaxı rayonu Şirvan bələdiyyəsində işlədiyi dövrlər sosial sığorta stajında nəzərə alındığı halda vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 15437,06 manat təşkil edir. Beləliklə qeyd olunan pensiya kapitalı iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin edilməli və ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona əlilliyə görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edildiyi tarixdən üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva