Məhkəmə qərarları › İş №2-1(118)-736/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-736/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-736/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı İddiaçı vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili iddia tələbinə mahiyyəti üzrə baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məcəllənin 8.1.1-8.1.3 maddələri isə xüsusi norma kimi çıxış edir. Həmin məcəllənin 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən baxılmalıdır. İş materiallarında əlavə edilmiş Azərişıq ASC-nin 25 yanvar 2022-ci il tarixli arayışından məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayon, Kürdəxanı qəsəbəsi ərazisində yerləşir. İş materiallarından görsənir ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Bakı İnzibati Məhkəməsində baxılmasını şərtləndirir. Məhəmmədi kəndbələdiyyəsinin15 fevral 2000-ci il tarixli qərarından görünür ki, iddiaçının sahibliyində olan Abşeron rayonu, Məhəmmədi bələbiyyəsinin ərazisində olan torpaq sahəsinin yerləşdiyi ərazi faktiki olaraq Sabunçu rayonun inzibati ərazisidir. Məhkəmə hesab edir ki, torpaq sahəsi faktiki olaraq Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün yenə də mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki, bunu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi şərtləndirir. Həmin normaya əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə əmlakın və ərazinin aid olduğu yerin məhkəməsi isə Bakı İnzibati Məhkəməsidir. Məhkəmə hesab edir ki, qanun bu normasının qeyd edilən əsaslarla müəyyən olunmasında qanunvericinin iradəsi, sübutların əldə edilməsi və yerində müayinə edilmə imkanları baxımından operativlik və məqsədəmüvafiqlik tələblərinə uyğunluğun əsas alınmasına yönəlmə kimi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, bu kateqoriya işlərdə mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində olduğu və cavabdeh inzibati orqanın Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşdiyi hallarda işə Sumqayıt İnzibati Məhkəməsində baxıldığı hallar olsa da, son dövrlərdə formalaşmış məhkəmə təcrübəsi işə İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsinin idarəçiliyini yox, yerləşdiyi inzibati ərazi vahidini əsas alaraq baxılmasını müəyyən edir. Məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsi tələbləri baxımından aidiyyətin müəyyən olunmasında cavabdeh inzibati orqanın harada yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavabdeh inzibati orqanın harada yerləşməsi aidiyyətin müəyyən olunmasında cavabdehin yerləşdiyi yerin əsas götürüldüyü hallarda müəyyənedici ola bilər. Hazırkı halda isə cavabdehin düzgün müəyyən olunması cavabdehlik və səlahiyyət baxımından əhəmiyyətli olsa da, aidiyyətin müəyyən olunmasında heç bir rol oynaya bilməz. Bu baxımdan iddiaçının hazırkı iş üzrə cavabdeh inzibati orqanın cavabdehlik baxımından səlahiyyətli olub-olmamasını araşdırması prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar