Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7368/2025 28.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə sosial müavinətin təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə sosial müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası QV seriyalı, 0000*** nömrəli “Qaçqın vəsiqəsi”ndən görünür ki, İddiaçı 1 yanvar 1957-ci il tarixdə İran İslam Respublikasında doğulmuş, daimi yaşadığı ölkə Azərbaycan Respublikası olaraq göstərilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 noyabr 2024-cü il tarixli, 3-17-1/2-M-283040/2024 saylı İddiaçı göndərilmiş “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı olmadığından və ya Respublika ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 8 may 2025-ci il tarixli, 3-17-1/2-107981/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 4 noyabr 2022-ci il tarixli, 55030/**********0 nömrəli “Sosial müavinət təyinatı üzrə” qərarından görünür ki, İddiaçı 15 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2024-cü il tarixədək 180 manat aylıq məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 iyun 2022-ci il tarixli, 28169 nömrəli “Sosial müavinət təyinatı üzrə” qərarından görünür ki, İddiaçı 19 sentyabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək 110 manat, 1 yanvar 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək 120 manat aylıq məbləğində 3-cü dərəcəli əlilliyə görə müavinət təyin edilmişdir. - 150201 nömrəli “Sosial Müavinət alanın şəxsi işi”. - İddiaçı dair digər inzibati icraat materialları.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin 27 may 2025-ci il tarixli, 07/9067/di nömrəli məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı 1 yanvar 1957-ci il təvəllüdlü Minaei Hosseinə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 21 noyabr 2005-ci il tarixli, QS-028 saylı Qərarla qaçqın statusu verilmiş və o, hazırda Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayır. Minaei Hossein sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən etibarlılıq müddəti 16 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2026-cı il tarixədək olan QV 0000*** saylı qaçqın vəsiqəsi ilə təmin edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Qoşma şəklində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin 21 noyabr 2005-ci il tarixli, QS-028 saylı qərarının surəti göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını əsas götürərək, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin hallarına (§1-2) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 1 yanvar 1957-ci il təvəllüdlüdür, İran İslam Respublikası vətəndaşıdır. İranda mövcud vəziyyətlə əlaqədar 1993-cü ildə Azərbaycana köçərək, burada qaçqın statusu almışdır. Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş QV 0000*** identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlarla iş üzrə Ali Komissarlığınında qeydiyyatdadır. Təxminən 3 ildən çoxdur ki, yaşa görə müavinət alırdı. Lakin, qanunvericilik tələblərinə rəğmən, iddiaçının dövlət tərəfindən təyin edilən sosial müavinət almağına dövlət orqanları tərəfindən maneçilik yaradılır və bununla, Azərbaycan Respublikası vətəndaşları ilə bərabər olmayan şərait yaradılaraq hüquqları məhdudlaşdırılır. Belə ki, 20 noyabr 2024-cü il tarixdə sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında cavabdehdən məktub gəlmiş və burada yaşa görə sosial müavinətin təyin edilməsinin mümkünsüz olduğu göstərilmişdir. İddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi artıq 32 ildir ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır, onun qaçqın vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi “Qaçqınların statusu haqqında” Konvensiyanın 25, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 4.0.1.1, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14, prosessual hüquqi əsası kimi isə İPM-in 2.1, 2.2.3, 34.1-ci maddələrinə istinad olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(112)-9336/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “yaşa görə sosial müavinətin təyin edilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, QV seriyalı, 0000*** nömrəli qaçqın vəsiqəsinə əsasən 16 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2026-cı il tarixədək yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 28 noyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
14. Etirazın maddi hüquqi əsası kimi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2, 3.1, 3.2-ci maddələrinə, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədlərin nümunələrinin təsdiq edilməsi haqqında” 15 iyul 2000-ci il tarixli, 372 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının 4.1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
18. İPM-in 13-cü maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı ilə iddia tələbinin məzmunu müzakirə edilmiş, tələbin hazırkı formada tərtib edilməsi məqsədəuyğun hesab edilmiş, məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda da tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir.
19. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
22. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.
23. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).
24. Hazırkı iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
26. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; (-) Maddə 3. Müavinət almaq hüququ olan şəxslər
3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; (-)
Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: (-) 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
27. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; (-)
Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. (-) Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır.
28. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul (-) Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). (-)
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
31. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
32. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
33. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi bildirilir ki, o, 1993-cü ildə Azərbaycan Respublikasına köçərək, qaçqın statusu almış, QV 0000*** identifikasiya nömrəli qaçqın vəsiqəsinə də malikdir. 32 ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşadığına baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq yaşa görə müavinətin təyin edilməsindən imtina edilmişdir.
34. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi mümkün deyil.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsində məqsəd ona əvvəllər təyin edilmiş yaşa görə sosial müavinətin 16 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2026-cı il tarixədək təyin edilərək ödənilməsindən ibarətdir.
37. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya İran İslam Respublikasının vətəndaşı olmaqla Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 21 noyabr 2005-ci il tarixli, QS-028 saylı Qərarla qaçqın statusu verilmiş və o, hazırda Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayır, sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən etibarlılıq müddəti 16 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2026-cı il tarixədək olan QV 0000*** saylı qaçqın vəsiqəsi ilə təmin edilmişdir. Həmçinin cavabdeh orqanın 16 iyun 2022-ci il və 4 noyabr 2022-ci il tarixli qərarlarına əsasən 19 sentyabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək 110 manat, 1 yanvar 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək 120 manat, 15 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2024-cü il tarixədək 180 manat məbləğində sosial müavinətlərlə təmin edilmişdir.
38. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir.
39. “Sosial müavinətlər haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
40. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.
41. Göründüyü kimi, istinad edilən qanunun müddəaları ilə şəxsə qaçqın statusunun verilməsi onun respublika ərazisində daimi yaşamaq müddətinin başlanğıcı kimi qiymətləndirilmiş və daimi yaşamaq üçün icazə vəsiqəsi ilə eyni hüquqi qüvvəsi təsbit edilmişdir. Belə olan halda iddiaçının qaçqın statusuna malik olması artıq onun Azərbaycan Respublikasında daimi yaşamasını ehtiva edir.
42. Məhkəmə qanunvericiliyin yuxarıda istinad edilən normalarını nəzərə alaraq hesab edir ki, qaçqın statusuna malik olan şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi hesab edilir. Bu səbəbdən, “Sosial müavinətlər haqqında” Qanunu ilə nəzərdə tutulmuş müddəalar iddiaçıya şamil olunmalıdır.
43. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
44. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının iddia edilən sosial müavinətə dair hüququnu tanımaqdan imtina etməklə onun hüquqlarına və qanunla qorunan maraqlarına qanunsuz müdaxilə etmişdir.
45. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı QV seriyalı, 0000*** nömrəli qaçqın vəsiqəsinə əsasən 16 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2026-cı il tarixədək yaşa görə sosial müavinətin təyin edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova