Məhkəmə qərarları › İş №2-1(118)-737/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-737/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-737/2023 06.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs Salayev Zaur Rukəxan oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 27 saylı qərarı ilə 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı, yəni iddiaçıya Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Çerkassi küçəsində kommersiya obyektinin tikinti quraşdırılması məqsədilə 24 kv. metr torpaq sahəsi istifadə üçün icarəyə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 12 saylı sərəncamı ilə ayrılmış 24 kv. metr torpaq sahəsində inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti quraşdırılmasına icazə verilmişdir. Obyektin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət reyestrinə daxil edilmiş, tikinti obyektlərinə verilən, koda dair Şəhadətnamə mövcuddur. Torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmışdır. Eyni zamanda Sumqayıt şəhər bələdiyyəsi ilə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti bitməmiş, aidiyyəti qurumlar tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən bu qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar aidiyyəti üzrə cavabdeh orqana müraciət edilmişdir. Lakin həmin idarə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərmişdir. Bundan əlavə Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 27 saylı qərarı ilə İddiaçı ayrılmış Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Çerkassi küçəsində yerləşən 24 kv. metr torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli cavab məktubunda da eyni məzmunlu ərizəni təmin etməyərək bildirmişdir ki, sözügedən qeyri-yaşayış binası ilə bağlı təkrar araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunan səbəblərin əsaslı olduğu müəyyən olunmuşdur. Sözügedən obyekt texniki sənədlərə, layihəyə uyğun tikilmişdir. 2014-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının göstərişi əsasında bu obyektin və onun yanında yerləşən bütün obyektlərin ön fasad hissəsinə üzlük daşının vurulması tapşırılmışdır. Həmin vaxtlar icra hakimiyyətinin təyin etdiyi işçilər tərəfindən bu sıradakı bütün obyektlərin ön hissəsində, eyni zamanda göstərilər obyektdə irəli çıxarılmaqla konstruksiyalar qurulmuş, bunun nəticəsində 2,5 kv. metr əlavə sahə artmışdır. Həmin konstruksiyalarda üzlük daşının vurulması üçün iddiaçı tərəfindən 1000 manatdan artıq vəsait xərclənmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (həyat yoldaşı) X13 iddia tələbinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, sonuncu məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə onu iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Salayev Zaur Rukəxan oğlu Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Salayev Zaur Rukəxan oğluna bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin ərizəyə əlavə olunmuş sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən qeyriyaşayış binasına müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi var. Bununla yanaşı faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsi **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üstüstə düşür və 2.5 kv.m zəbt torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Həmçinin Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarı ilə İddiaçı ayrılmış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən 24.0 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu və 8.0.9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş qeyri-yaşayış binalarına dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə Salayev Zaur Rukəxan oğlu və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Salayev Zaur Rukəxan oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, yeni icarə müqaviləsindən də göründüyü kimi müqavilənin müddəti uzanmışdır. Digər şəxsin əmlakı ilə üst-üstə düşməsinə dair münasibəti isə ondan ibarət oldu ki, həmin hissə ara divardan ibarətdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binalarının hər biri yan-yana olmaqla eyni ölçülərə malikdir. Obyekt özü onun tərəfindən təmir edilmişdir. Məhkəmə icraatına cəlb edilmiş digər üçüncü şəxs Seyidilyas Qədirov iddia tələbinə hər hansı bir etirazının olmadığını bildirdi. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onun hüquqlarını hər hansı bir formada məhdudlaşdırmır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubla qeyriyaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. • Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarına əsasən İİ qrup Qarabağ müharibəsi əlili – İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində, Çerkassi küçəsində kommersiya obyektinin tikinti-quraşdırılması məqsədilə 24 kvadrat metr torpaq sahəsi ayrılmışdır. • Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya ayrılmış 24 kvadrat metr torpaq sahəsində təqdim edilmiş inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti-quraşdırılmasına icazə verilmişdir. • xx.xx.2021-ci il tarixli Tikinti obyektinin istismarına icazədən görünür ki, iddiaçının istifadəsində olan 0,0024 ha (24 kv.metr) torpaq sahəsində birmərtəbəli avtomobilyuma obyekti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyinə görə istismarına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. • İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 18 noyabr 2019-cu il tarixdə tərtib etdiyi akta əsasən mübahisəli obyekt tikinti norma və qaydalarına uyğun olmaqla inşa edilmişdir. • İş materiallarına xx.xx.2019-cu il tarixli, 003351 nömrəli istismara hazırlıq aktı əlavə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən obyektin layihəsi təsdiq edilmişdir. • Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 381122 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və dövlət torpaq kadastr kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmışdır. Plan və ölçü sənədində torpaq sahəsinin normativ qiyməti, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinə dair baş plandan çıxarış əks olunmuşdur. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin 1,5 kv.metr hissəsinin üst-üstə düşdüyü **********27- 06301 reyestr nömrəli çıxarışa əsasən qeyri-yaşayış obyekti X10 mülkiyyətinə verilmişdir (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1035/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən). Həmin obeykt xx.xx.2014-cü il tarixli, AN seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra sözügedən obyekt onun tərəfindən X1 və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına cəlb edilmiş X2. • Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 27 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən 24 kv.metr torpaq sahəsi iddiaçıya müvəqəti olaraq istifadəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək etibarlıdır. • Məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən (xx.xx.2023-cü il tarixli) müayinə zamanı mübahisəli hala rast gəlinməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, İddiaçı bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsində yerləşən qeyri-yaşayış obyekti üzərində xüsusi mülkiyyət hüquqularının qeydə alınması ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Salayev Zaur Rukəxan oğlu cavabdeh orqana müraciət etmiş və inzibati orqan **********13 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabını vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəyə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1, 139-1.10, 139-1.10.1-ci maddələrinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarı ilə ona Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində kommersiya obyektinin tikinti-quraşdırılması məqsədi ilə ayrılmış 24 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmiş, daha sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya Smqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən 24 kv.metr torpaq sahəsində qeyriyaşayış binasının inşa edilməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Daha ətraflı formada qeyd etmək olar ki, cavabdeh təşkilatın etiraz ərizəsində qeyriyaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi hallar aşağıdakılardan ibarətdir:

1) Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi; 2) Faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsinin **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşməsi və 2.5 kv.m zəbt torpaq sahəsinin mövcud olması; 3) Torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddətinin bitməsi.

Məhkəmə cavabdeh tərəfindən irəli sürülən halları araşdıraraq hesab edir ki, tikilinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassızdır. Cavabdeh tərəfindən irəli sürülən birinci imtina ilə bağlı məhkəmə aşağıdakıları müəyyən edir. Nəzərə alınmalıdır ki, İddiaçı məxsus mübahisəli yaşayış obyektinə dair istismara hazırlıq aktı 02 dekabr 2019-cu il tarixdə qəbul edilmiş, obyektin istismarına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 22 noyabr 2021-ci il tarixdə icazə verilmişdir. Həmin tikintiyə (avtomobil yuma obyekti) tikintilərin reyestri tərəfindən 309000002-2-2501- 003807/0821 nömrəli kod verilmişdir. Müvafiq sənədlərdə tikinti obyektinin tikintiyə dair sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və təyinatı üzrə istifadə edildiyi qeyd olunmuşdur. Tikinti layihəsi Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən, tikilinin yerləşdiyi torpaq sahəsinin plan və ölçü sənədi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Habelə məhkəmə sorğusu nəticəsində əldə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında müayinə zamanı hər hansı mübahisəli hala rast gəlinmədiyi qeyd edilmişdir. Qeyd olunmalıdır ki, idiaçının iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiəyə dair iddialar üzrə müdaxiləni zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Göründüyü kimi, cavabdeh irəli sürdüyü halla bağlı hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin ilkin etirazını əsassız hesab edir. Cavabdeh tərəfindən təqdim olunan ikinci imtina ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sorğu nəticəsində **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, ilk növbədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1035/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən **********27-06301 reyestr nömrəli qeyriyaşayış obyekti X10 mülkiyyətinə verilmişdir. Həmin obeykt xx.xx.2014-cü il tarixli, AN seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra sözügedən obyekt onun tərəfindən X1 və onun tərəfindən xx.xx.2023-cü il tarixdə X6 adına özgəninkiləşdirilmişdir. X12 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və qeyri-yaşayış binasının onun hüquqlarını pozmadığını bildirmişdir. Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binalarının hər biri yan-yana olmaqla eyni ölçülərə malikdir. Həmin qeyri-yaşayış binaları arasında daş hasar mövcuddur. Müayinə (baxış) aktından da göründüyü kimi mübahisəli vəziyyət mövcud deyildir. Yəni, hazırkı halda üçüncü şəxslərin hüquqları hər hansı bir formada məhdudlaşdırılmadığından cavabdeh orqanın bu yanaşması da əsassızdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı və s. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1-ci maddəyə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Cavabdehin sonuncu imtinası torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olmuşdur ki, bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş sonuncu torpaq icarə müqaviləsinə (xx.xx.2023-cü il, 27 tarixli) əsasən Sumqayıt bələdiyyəsi tərəfindən iddiaçıya Sumqayıt şəhəri, 7-ci məhəllə, Çerkassi küçəsində yerləşən ümumi sahəsi 24 kv.metr olan torpaq sahəsi icarəyə verilmişdir. İcarə müqaviləsi xx.xx.2023-cü il tarixədək qüvvədədir. İşdən göründüyü kimi, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur (maddə 19.1) Cavabdeh təşkilatın etirazda göstərdiyi imtina əsaslarını araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan əsaslar iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar