Məhkəmə qərarları › İş №2-1(118)-739/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-739/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-739/2020 19.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə X1 ona məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31-də yerləşən 148 saylı mənzildən azyaşlı X6 ilə birlikdə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 ilə 02.07.2009-cu ildə rəsmi nikahla ailə qurmuş və birgə nikahdan 1 övladı vardır: oğlu Məmmədli İntiqam-07.08.2013–cü il təvəllüdlü. Sumqayıt şəhər məhkəməsinin 25.02.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmiş və oğlu İntiqam onun himayəsində qalmışdır. Nazəndə onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31-də yerləşən 148 saylı yaşayış sahəsi 17 kv.m. olan 1 otaqlı mənzildə qeydiyyatda olsa da, o ailə həyatı qurduğu vaxtdan valideynlərinin də yaşadığı, onun icarəsində olan Sumqayıt şəhəri, 5-ci məhəllə,ev 31/14– ün zirzəmisində yaşamış, onun bütün əmlakları həmin zirzəmiyə gətirilmiş və bu gün də Nazəndə həmin zirzəmidə yaşayır. Nazəndə heç vaxt bu mənzildə yaşamamış, bu mənzilə tərəfindən ailə üzvü kimi köçürülməmiş, bu mənzildə onunla birgə təsərrüfat idarə etməmişdir. Lakin Nazəndənin onun mənzilində qeydiyyatda olması bu mənzildən istifadə ilə bağlı bir sıra məhdudiyyətlər yaradır, o sərbəst surətdə bu mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Onu da qeyd etdi ki, bu mənzil Nazəndə ilə ailə həyatı qurmamışdan qabaq, yəni 11.02.2008-ci il tarixli ömürlük renta müqaviləsinə əsasən onun mülkiyyətinə keçmiş və adına çıxarış da verilmişdir. AR DK ƏM DƏDRX 2 saylı ərazi idarəsində 11.03.2008-ci ildən mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmışdır. O Nazəndənin həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə Sumqayıt şəhər məhkəməsində iddia qaldırmış və Sumqayıt şəhər məhkəməsinin 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur. Qətnamədən qarşı tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Məhkəmə bunu qəbul etdiyi qətnamədə onunla əsaslandırmışdır ki, Nazəndə həmin mənzilə qeydiyyatda olsa da onun mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmənin gəldiyi bu nəticə ona dəlalət edir ki, Nazəndənin istifadə hüququ olmayan mənzildən qeydiyyatdan çıxması cavabdeh təşkilatın üzərinə düşür. Lakin o bununla bağlı cavabdeh təşkilata müraciət etsədə bundan imtina cavabı almışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmənin təşəbbüsü ilə vətəndaş X3 prosesə üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 22.01.2020-ci il tarixli 123-1480M- 3220 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı, Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Sumqayıt şəhər Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(060)-5939/2019 saylı qətnaməsinin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(105)-4035/2019 saylı qətnaməsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş MH seriyalı ******* saylı, 11.03.2008-ci tarixli Çıxarışın notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(105)-4035/2019 saylı qətnaməsi ilə qeyd olunmuşdur ki, sözügedən mənzil renta müqaviləsi əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh X1 izahatına görə o, hətta bir gün də belə olsa mübahisəli mənzildə yaşamamış, yəni mübahisəli mənzildə pasport qeydiyyatında olsa da, onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun İddiaçı ilə cavabdeh X3 arasında yaşayış sahəsindən istifadə ilə bağılı notarial qaydada yazılı razılaşma olmamışdır. Mülki qanunvericilik və hazırki mübahisə ilə bağlı mənzilə dair Konstitusiya aktlarına görə mülkiyyətçinin şifahi razılığı əsasında mübahisəli mənzilə köçmə və ya həmin mənzilə qeydiyyata düşmə mənzildən istifadə hüququ əldə etməni özündə ehdiva etmir. Beləliklə, məhkəmə hesab edir ki, X3 və azyaşlı X4Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31-də yerləşən 148 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 və azyaşlı oğlu X4 İddiaçına məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31, 148 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar