Məhkəmə qərarları › İş №2-1(118)-739/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-739/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-739/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X1 adına verilmiş X13 kitabında 28 oktyabr 2013-cü il tarixli A № 471530 nömrə ilə uçota alındığı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “iddia qaldıraraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X1 adına verilmiş X13 kitabında 28 oktyabr 2013-cü il tarixli A № 471530 nömrə ilə uçota alındığı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(012)-1941/2018 saylı qətnaməsinə (hakim S. Quliyeva) dair apellyasiya şikayəti əsasında mülki işi məhkəmə baxışına təyin etmişdir və iş Apellyasiya məhkəməsinin mülki kollegiya iclasında baxılarkən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Son iclasda, iddiaçı X4 mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsinə aid koordinatları əks etdirən ortaya hal-hazırda ləğv edilmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü’’-nün arxiv surətini təqdim etmişdir. Həmin sənədi iddiaçı birinci instansiya məhkəməsində yox, məhz apellyasiya mərhələsində təqdim etmişdir ki, həmin sənədə dair müvafiq sorğu və ya araşdırma aparılmasın. Hər halda həmin plan və ölçü mülkiyyət hüququnu təsdiq etməsə belə, iddia edir ki, həmin “Torpaq sahəsinin planı və ölçüsü” qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, ilk dəfə surəti Apellyasiya mərhələsinin sonuncu iclasında təqdim olunmuş “Torpaq sahəsinin planı və ölçüsünün” verilməsinə əsas kimi, Abşeron rayonu 1 saylı X8 02.04.2002-ci il tarixli 4Ə/85 nömrəli X6 və X4 arasında bağlanmış alqı-satqı müqaviləsi göstərilir və həmin müqavilə əsasında X13 kitabında 28 oktyabr 2013-ci il tarixli A № 471530 nömrə ilə uçota alındığı qeyd olunub. Həmin müqaviləyə diqqətlə baxdıqda məlum olur ki söhbət, alqı-satqı predmeti ünvanı ünvan 1 yaşayış otaqlı evin alınmasından gedir. Həmin evin nə dəqiq ünvanı, nə həyətyanı torpağa aid olan mülkiyyət sənədləri, nə də ki ərazinin və əmlakın planı və ya texniki pasportu göstərilib. Aydın görünür ki, sənədləri saxtalaşdırmaq üçün, iddiaçı X4 ləğv olunmuş idarənin sənədini ilkin iddia veriləndən bir il müddətdən çox gözləyərək, Apellyasiya mərhələsində təqdim etmiş, məhkəməni və ədaləti azdırmaq niyyətindədir. Eyni zamanda sahiblik hüququ və istifadəsində olan Rza Talıbov küçəsi, ev 30 ünvanında yerləşən iki mərtəbəli ev keçmiş həyat yoldaşı X5 tərəfindən inşa edilmiş və bu fakt öz təsdiqini Abşeron Rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış eskiz layihəsindən görünür ki, həmin ünvanda yerləşən iki mərtəbəli ev kimi tərəfindən inşa edilib və kimə məxsusdur. Əlavə olaraq, Abşeron rayon İcra Hakimiyyətinin Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında ailə üzvləri ilə qeydiyyatsız yaşayır. Əlavə olaraq, qonşular tərəfindən imzalanmış aktda göstərilir ki, İddiaçı (pasport nömrəsi AZE ********) Masazır kəndi, Rza Talıbov küçəsi, ev 30 ünvanında özləri tərəfindən inşa etdikləri iki mərtəbəli həyət evində ailə üzvləri ilə birlikdə daimi yaşayır. Bu faktlara əlavə olaraq, Masazır kəndi Rza Talıbov küçəsi ev 30 ünvanında yerləşən 12 sot həyətyanı torpaq sahəsinə və üzərində 377 kv.m. tikintiyə görə 2005-2018 illər üçün torpaq və əmlak vergisi keçmiş həyat yoldaşı X5 tərəfindən tam ödənilmişdir və bu barədə Masazır kəndi bələdiyyə sədrinin arayışı əlavə olunur. Yuxarıda qeyd olunanlara əsasən, uzun illər mənim və ailə üzvlərimin sahibliyində və istifadəmdə olması faktı, AR MM 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən, hüquqların qanunvericiliyin tələblərinə əsasən müvafiq qaydada 18 il ərzində qeydiyyatdan keçirməyən şəxs necə oldu ki, birdən birə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin plan və ölçüsünün” sürətini ortaya çıxardır. Halbuki “Torpaq sahəsinin planı və ölçüsü” heç bir mülkiyyət hüququ vermir, lakin mənim hüquqlarımı ciddi şəkildə pozur. Belə ki, AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdulaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, 02.04.2002-ci il tarixli, 4Ə/85 nömrəli aqlı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən 0,10 ha torpaq sahəsinə dair fərdi yaşayış evi tikmək üçün X1 adına A№471530 nömrəli “Torpaq sahəsinin plan və ölçü”sü tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu inin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra — Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasına həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsnin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başğasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxs X4 iddiaya qarşı yazılı münasibətində bildirmişdir ki, X5 6 ilə yaxındır ki, onunla mülki mübahisə aparır. Sözügedən torpaq sahəsi onun (mərhum) yoldaşı ilə evlilik müdətində əldə olunan mülküdür. Onun gəlinə heç bir aiddiyatı yoxdur. O, yaşlı qadındır, Rza Talıbov küçəsi, ev 30 ünvanında yerləşən mülkiyyətindən istifadə edə bilmir. Mülkiyyətinə çıxarış almasına manelər törədirlər. Mülkiyyətinə gedən kimi ona əl qaldırırlar və şər-böhtan atırlar. İbrahim İsmayılov, X17 birgə onun Rza Talıbovda yerləşən əmlakının açarlarını dəyişmiş, ona mülkiyyətindən istifadə etməyə maneələr törətmişdir. Onun halhazırda yaşadığı Ş. Məmmədova bina 11, mənzil 108 ünvanında yerləşən iki otaqlı mənzilini İbrahim İsmayılov yoldaşı İddiaçı ilə birgə Beynəlxalq Banka girov qoymaqla 50.000 AZN pul götürmüş bu günə kimi ödəmir və ödəməkdən imtina edir. Bundan əlavə 2016-ci ildə İddiaçı İbrahim İsmayılovla Azərbaycanda rəsmi nigahı pozulmuşdur. Qanunsuz gedib onun mülkiyyətində yaşayır. X2 əlbir olaraq onu məhv etməkdir. X10 Sumqayıt İnzibati-İqtisadi Məkəməsində əsassız iddialar qaldırmışdır. Belə ki, guya torpağının sənədləri qaydasında deyil, gah kadastr planı barəsində, gah rəydən və s. əsassız iddialar verərək ona narahatçılıq yaradır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi isə İbrahim İsmayılovun iddiasını rədd etmişdir. İndi isə dollayı yollara əl ataraq əsassız iddialarla məhkəməyə müraciət edirlər, onu narahat edirlər və vaxt qazanmağa çalışırlar ki, o mülkündən istifadə edə bilməsin. X16, gah yoldaşı İddiaçı məhkəmələrdə əsassız iddialar qaldırırlar. Bütün Məhkəmə instansiyaları onların çirkin əməllərindən xəbərdardır. Qətnamələrdən narazı olduqları üçün dolayı yollarla məhkəmələrə iddialar verirlər və məhkəmələrin dəyərli vaxtların alırlar. Yuxarda yazılanların nəzərə alınaraq ona öz mülkiyyətindən istifadə etməyinə köməklik etməyi və İddiaçı iddiasının rədd ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 üçüncü şəxsin yazılı münasibətinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi X13 kitabında 28 oktyabr 2013-cü il tarixli A № 471530 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı X5 ilə birgə bundan əvvəl hazırda ləğv edilməsini tələb etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğvi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Həmin Məhkəmənin 2-1(085)-936/2019 saylı, 23 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin planı və ölçüsü inzibati akt deyil, torpaq sahəsinə dair texniki sənəd olduğundan, onun ləğv edilməsi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, hazırda məhkəmədə mübahisələndirilən torpaq sahəsinin plan və ölçü sənədi bundan əvvəldə məhkəmədə mübahisələndirilmiş və məhkəmənin qanuni qüvvəsini almış qərardadı ilə həmin plan və ölçü sənədinin məhkəmədə mübahisələndirilməsi məsələsinə inzibati məhkəmə icraatında baxılmalı olmaması qeyd edilmişdir. İşə aidiyyatı üzrə inzibati məhkəmədə baxılmalı olmaması səbəbindən də iddia mümkün sayılmamışdır. Qeyd olunan iddiada iddianın mümkün sayılmamasının əsasını iddianın aiddiyyat qaydalarına uyğun verilməməsi təşkil edir. Bu isə iddiaçının yenidən eyni iddia ilə həmin məhkəmədə iddia qaldırmasını istisna edir. Çünki iddianın mümkün sayılmamasının əsasını ayrı-ayrı iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük şərtlərinə riayət edilməməsi təşkil etməmişdir. Elə olduğu halda iddiaçı mümkünlük şərtlərinə riayət etməklə yenidən məhkəmədə iddia qaldıra bilərdi. Lakin hazırki halda aidiyyat qaydalarına uyğun olaraq iddiaya inzibati məhkəmədə baxılmaması səbəbindən iddia mümkün sayılmamış və məhkəmənin həmin qərardadı qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq iddiaçı yenidən məhkəməyə eyni tərəfə qarşı eyni iddia tələbi ilə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 arpel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçüsü” şəxs üçün hər hansı hüquq və vəzifələr yaradan akt olmamaqla, torpaq sahəsinin korrdinatlarını müəyyən edən texniki sənəddir. Həmin sənədin verilməsinin əsasını da Abşeron rayon 1 nömrəli DNK tərəfindən təsdiq edilmiş 02.04.2002-ci il tarixli 4Ə/85 nömrəli alqı-satqı müqaviləsi təşkil edir. Beləliklə həmin plan və ölçünün verilməsinin əsasını təşkil edən sənəd mülki-hüquqi əqddir. Bu tip iddialara isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən torpaq sahəsi, həmin torpaq sahəsi üzərində olan tikiliyə hüququnun olmasına dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar