Məhkəmə qərarları › İş №2-1(118)-74/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-74/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-74/2021 25.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Qusar rayonu Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli qərarı əsasında Torpağın alqı-satqısına dair 16 mart 2007-ci il tarixli aktı və əlavə edilmiş sənədləri nəzərə alaraq ona ayrılmış torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 02 mart 2007-ci il tarixli rəyi və torpaq sahəsinin AN-055989 nömrəli planı və ölçüsü, rayonun Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı əsasında rayonda yaradılan kökəltmə kompleksinin istihsalat binalarının inşası üçün Çubuqlu kəndində ayrılmış 8 hektar torpaq sahəsində, 20 ildən artıq fəaliyyət göstərdiyi müddətdə, həmin müəssisənin istehsalat binalarının altında olan və aqrar islahatlardan sonra bələdiyyənin mülkiyyətinə verilən torpaq sahəsində kənd təsərrüfatı təyinatlı məqsədlər üçün istifadə etməkdən ötrü 0.93 hektar torpaq sahəsi satılmışdır və indiyədək həmin məqsədlər üçün istifadə olunur. Həmin torpaq sahəsinin qeydiyyata alınması və müvafiq çıxarışın alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi sənədlər 12 noyabr 2016-cı il tarixdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. İdarədən alınan 23 noyabr 2016-cı il tarixli cavab məktubunda həmin torpaq sahəsinin 5 saylı ərazi idarəsinin elektron kadastr xəritəsi materiallarında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olduğuna görə və AR Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə olunması haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə, qanunvericilikdə nəzərə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə biləcəyi göstərilərək, qeyd edilən torpaq sahəsinin heç bir əsaslandırılması olmadan, alqısatqı predmeti olmadığı yazılaraq ərizənin icrasından imtina edildiyi barədə cavab göndərilmişdir. Həmin cavab məktubunda istinad edilən səbəblər torpaq qanunvericiliyinin tələbləri ilə uzlaşmadığına və real vəziyyətə uyğun gəlmədiyinə görə, 2019-cu ilin iyun ayında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz zonası üzrə ərazi idarə rəislərinin, vətəndaşların şikayətlərinə baxılması üçün Qusar şəhərində keçirdikləri qəbulunda iştirak edib bu xususda həqiqi vəziyyəti nəzərlərinə çatdıraraq işə yenidən baxılmasını xahiş etmişdir. Qəbulda iştirak edən vəzifə sahiblərindən ibarət komissiyanın tapşırığına əsasən 5 saylı ərazi idarəsinə təqdim edilən sənədlərin surətlərini çıxarıb komissiyaya təqdim etmişdir. Komissiyanın tapşırığına əsasən 5 saylı Ərazi İdarəsinin nümayəndəsi yenidən gəlib torpaq sahəsinə baxış keçirərək həqiqətən torpaq sahəsinin vaxtilə kökəltmə kompleksinin istehsalat obyektlərinin yerləşdiyi, az yararlı sair torpaqlara aid olduğunu və satışdan sonra indiyədək kənd təsərrüfatı təyinatlı məqsədlər üçün istifadə olunduğunu müəyyən etdi. Baxmayaraq, 5 saylı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin müraciətinə 13 noyabr 2019-cu il tarixli **********21 saylı cavab məktubunda yenə üç il bundan əvvəlki ərizəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilən 23 noyabr 2016-cı il tarixli, **********81 N-li məktubunda verilən cavabda göstərilən səbəb olduğu kimi təkrar edilərək ərizənin icrasından imtina olunduğu bildirilmişdir. Aşağıda qeyd olunan dəlillərə əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 noyabr 2019-cu il tarixli, **********2İJN2-li cavabı Torpaq qanunvericiliyinin tələblərinə uyğun olmadığı və real vəziyyətə əsaslanmadığı üçün, məsələyə məhkəmədə baxılmasını və müvafiq qanuni qərar çıxarılmasını xahiş edirəm. 1. Azərbaycan Respublikası Meyvətərəvəz təsərrüfatı Nazirinin Qusar rayonunda kökəltmə kompleksinin qismən istifadəyə verilməsi barədə 06.07.1982-ci il tarixli 504 N-li əmrinə görə, Azərbaycan KPMK-nin və Azərbaycan Respublikası NS-nin 29 fevral 1976-cı il tarixli 150 N-li qərarına əsasən, Qusar rayonunda 1977-ci ildə 1600 başlıq kökəltmə kompleksinin inşasına başlanmış və 1982-ci ildə qismən, 800 başlıq hissəsi istifadəyə verilmişdir. Mübahisəli 0,93 hektar torpaq sahəsi də kompleksin istehsalat binalarının inşa edildiyi ərazidədir. 2. Dövlət Toıpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 02 mart 2007-ci il tarixli 88 N-li rəyinə əsasən Çubuqlu kənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı təyinatlı məqsədi ilə istifadə etməkdən ötrü satılması nəzərdə tutulan, bələdiyyənin mülkiyyətində olan 0,93 ha torpaq sahəsi alqısatqı predmetidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunidir. 3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və X7 kitabında 19.08.2008-ci il tarixdə 353 nömrə ilə uçota alınmış A 055989 N-li Torpaq sahəsinin planı və ölçüsündə Torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qaiməsi (sertifikatı) cədvəlində torpaq sahəsinin sair sahələrə aid olduğu qeyd edilmiş və rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış əks olunmuşdur. 4. Qusar rayonu Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli iclasının protokolundan qeyd olunub ki, vaxtilə kəndətrafı (örüş) sahəsində inşa edilən kökəltmə kompleksinin istehsalat binaları, gəzinti meydançaları, mal-qaranın yemlənmə və saxlanma çardaqları kimi istifadə olunan ərazinin daşqalaqdan və digər qalıq tikinti materiallarından təmizləməklə kənd təsərrüfatına yararlı hala salıb çoxillik əkmələr, bağ salınması və s. üçün istifadə olunmasının daha münasib olduğu nəzərə alınaraq satılması məqsədə uyğun hesab edilmişdir. 5. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarının isə bələdiyyələr müəyyən edir. 6. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan ərazilərində yerləşmiş kənd təsərrüfatına yararlı torpaq sahələri, habelə ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələri özəlləşdirilə bilər. 7. Torpaq sahəsinin satışına dair sənədlər satılmazdan əvvəl rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş üzrə qurumuna göndərilmiş və ordan da müsbət rəy alınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaş İddiaçı Qusar rayonu, Çubuqlu kəndində yerləşən 0.93 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 12.11.2016-cı il tarixli ********** qeydiyyat nömrəli və 05.11.2019-cu il tarixli ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Qusar rayonu, Çubuqlu bələdiyyəsinin 04.03.2007-ci il tarixli 4 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə ayrılmış 0.93 ha torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrin müraciətindən 29 noyabr 2016-cı il tarixli **********81 nömrəli və 13.11.2019-cu il tarixli **********21 nömrəli məktublarla imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildirilir ki, qeyd olunduğu kimi mübahisələndirilən Qusar rayonu, Çubuqlu bələdiyyəsinin 04.03.2007-ci il tarixli 4 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə ayrılmış 0.93 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Bununla bağlı icraatda olan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur). Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştrak edən X1 Nəcməddin Fəxrəddin oğluna adına ayrılmış 9.300 kv.m torpaq sahəsinin Kənd Təsərrüfat Nazirliyinə heç bir aidiyyatının olmamasını bildirmiş və həmin torpaq sahəsinin elektron kadastr uçotunda pay torpaqları kimi öz əksini tapmasını bildirmişdir. Məhkəmə sonuncu iclasında iştrak edən X3 verilmiş 28 aprel 2020-ci il tarixli etibarnamənin qüvvədə olma müddəti başa çatdığına görə məhkəmədə çıxış etmə hüququndan istifadə edə bilməmişdir. Ona görədə məhkəmə onun tərəfindən məhkəmənin ötən iclaslarında verdiyi izahatını hazır ki, iddia tələbi üzrə Kənd Təsərrüfat Nazirliyinin rəsmi mövqeyi kimi qəbul etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti nümayəndələrinin iştiraklarını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqan və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 13.11.2019-cu il tarixli **********21 saylı imtina məktubu, **********439 saylı, 27 yanvar 2020-ci il nömrəli etirazı, Quba rayon Bələdiyyəsinin 30.04.2007-ci il tarixli 05 nömrəli qərarın notarial qaydada təsdiqlənmiş surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 02 mart 2007-ci il tarixli rəyi və Torpaq sahəsinin AN-055989 nömrəli planı və ölçüsü, notarial qaydada təsdiqlənmiş surəti, Torpağın alğı-satqısına dair aktın notarial qaydada təsdiqlənmiş surəti, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti tərəfindən verilmiş 04.05.2021-ci il tarixli, **********65 saylı mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin digər şəxslərin adına olan torpaqlar sahələri ilə üst-üstə düşdüyündən və həmin torpağın kənd təsərrüfatı kateqoriyalı torpaqlara aid edildiyindən, ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, İddiaçı istifadəsində olan 0.93 ha torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq bir hissəsi digər şəxslərin adına olan JN-11, 12, 13 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahələri üst-üstə düşür. Ekspert rəyininə və bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi halhazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni digər şəxslərin adına mülkiyyətində olan JN-11, 12, 13 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahələri ilə üst-üstə düşdüyündən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. Həmçinin həmin mütəxəssis rəyinə əsasən, iddiaçıya Qusar rayonu Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli qərarı ilə ayrılmış 0.93 ha torpaq sahəsi faktiki olaraq elektron baza məlumatlarındakı DWJ xəritələrinə əsasən 0.48 ha hissəsi ictimai tikinti alt sahəyə, 0.45 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi ekpertiza nəticəsində iddiaçının istifadəsində olan 0.93 ha torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq bir hissəsi digər şəxslərin adına olan JN-11, 12, 13 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahələri üst-üstə düşür və həmin torpaq sahəsinin 0.48 ha hissəsi kənd təsərüfatı təyinatlıdır. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (NK) qərarı ilə yol verilir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Nəzərə alınmalıdır ki, İddiaçı sənəd üzrə ayrılmış 0.93 ha torpaq sahəsinin Planı və Ölçüsü sənədi X7 kitabında 19.06.2008-ci ildə 353 nömrəsi ilə uçota alınıb və həmin Plan və Ölçü sənədində qeyd olunan koordinatlar qüvvədə olduğu tədqirdə İddiaçı tərəfindən ekspertiza tədqiqatı aparılan zaman iddia elədiyi torpaq sahəsinin koordinatları ilə digər şəxslərin adına olan JN-11, 12, 13 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahələrinin koordinatları müqayisə etmək düzgün olmaz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı Qusar rayonu Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli qərarı əsasında Torpağın alqı-satqısına dair 16 mart 2007-ci il tarixli aktı və əlavə edilmiş sənədləri nəzərə alaraq ona ayrılmış torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 311.00 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ**********0000001944 olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödəməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı Qusar rayonu Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli qərarı əsasında Torpağın alqı-satqısına dair 16 mart 2007-ci il tarixli aktı və əlavə edilmiş sənədləri nəzərə alaraq ona ayrılmış torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 311.00 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ**********0000001944 olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan “xxxx” MMCnin hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar