Məhkəmə qərarları › İş №2-1(118)-741/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-741/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-741/2023 05.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunmuş, "xxxx" MMC-də xx.xx.1994-cü il tarixindən xx.xx.1996cı il tarixinədək və "xxxx" QSC-də xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. 05 aprel 2023-cü il tarixdə daxil olmuş vəsatətə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçıya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2- ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Sonralar xidməti yoxlama zamanı xx.xx.2015-ci il tarixdən 01.01,2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının adına aktiv əmək müqaviləsi olduğu halda ona yaşa görə sosial müavinətin təyin olaraq ödənildiyi aşkar olunmuşdur. Həmçinin iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunub ödənilmiş, lakin ona yaşa görə sosial müavinətin ödənildiyi müəyyən edildiyindən yaşa görə əmək pensiyası dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verildiyindən xx.xx.2021-ci il tarixdən 01.01,2022-ci il tarixədək 130 manat, 01.01,2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçıya pensiya hüququ qazandığından ona təyin edilmiş yaşa görə sosial müavinət xx.xx.2023-cü ildə dayandırılmışdır. Belə ki, iddiaçıya vaxtilə avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən yenidən təyinatı aparılmış və 303.75 manat həmin tarixdən ödənilmişdir. Qeyd edilənlərə əsasən vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. 05 aprel 2023-cü il tarixdə elektron kabinetindən daxil olmuş ərizəsinə əsasən iddiaçının vəkili Vəkil inzibati iş üzrə cavabdeh tərəfindən iddiaçıya mübahisənin məhkəmə gedişi zamanı əmək pensiyasının artıq təyin edilməsi və bununla əlaqədar işin icraatına xitam verilməsi ilə əlaqədar olaraq hazırki vəziyyətdə irəli sürülən iddia tələbinin baxılmamış saxlanılması və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim edilən sənədlərdən görsənir ki, iddiaçıya pensiya təyinatı aparılmış və artıq tərəflər arasında mübahisə qalmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilsin ki, pensiyanın məbləği ilə razı olmadığı halda bununla bağlı yenidən inzibati orqana müraciət edə bilər. Tərəflər arasında bununla bağlı mübahisə yaranarsa inzibati məhkəmə icraaı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi hüququ istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunmuş, "xxxx" MMC-də xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və "xxxx" QSC-də xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar