Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-742/2021 22.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən onun adına açılmış ********** saylı VÖEN şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən onun adına açılmış ********** saylı VÖEN şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə özünə avtonəqliyyat vasitəsi almaq məqsədi ilə "xxxx" Bank ASC-nin Sədərk filialından 15400 ABŞ dolları məbləğində pul almışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, qeyd etdiyi pulu aldığına görə cavabdeh tərəfindən onun adına məcburi qaydada ********** №-li VÖEN açılmış və o, vergi uçotuna alınmış vergi ödəyəicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyata alınmışdır. O, hər hansı sahibkarlıq fəaliyyəti və ya dollar alqı-satqısı ilə məşğul deyil. Cavabdehin onu vergi uçotuna alınmış vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdan keçirməsində ifadə olunan hərəkətləri qanunsuz və əsassızdır. Vergi ödəyicisi kimi şəxsin qeydiyyata alınması yalnız könüllülük prinsipi əsasında həyata keçirilir. Bu əsasdan onun adına məcburi qaydada VÖEN açılması qanunsuzdur. İddiaçı məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya izah olunmuşdur ki, müəyyən növ iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtlərinə riayət olunmalıdır. İddiaçı məhkəmə iclasında etibarsızlığını tələb etdiyi ona VÖEN verilməsi barədə şəhadətnamənin inzibati akt olduğunu və həmin aktın etibarsızlığı ilə bağlı mübahisənin müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğunu və həmin iddia növünə görə hər hansı mümkünlük şərtinin nəzərdə tutulmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi vergi ödəyicisinin uçota alınması ilə bağlı vergi orqanı tərəfindən verilmiş ********** saylı şəhadətnamə inzibati akt hesab olunmur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya ********** saylı şəhadətnamənin verilməsi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hazırki işdə də vergi ödəyicisinin vergi orqanında uçota alınması ilə bağlı vergi orqanının apardığı qeydiyyatda “passiv legitimləşdirmə” fəaliyyəti ilə bağlı olmaqla inzibati akt deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə ilə müəyyən edilmiş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aid olmaqla, öhdəliyin icrası haqqında iddia növünə daxildir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən inzibati orqana müraciət edilməsi müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-742/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-742/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver