Məhkəmə qərarları › İş №2-1(118)-742/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-742/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-742/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən 53 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildən keçmiş “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestində betonçu və qaynaqçı vəzifələrində işləmişdir. “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti tresti tərəfindən müəssisənin işçilərinə fərdi yaşayış evləri tikintisi məqsədilə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində hər bir işçiyə sahəsi 800 kvadrat metr olmaqla torpaq sahələri ayrılmışdır. Həmin işçilər sırasında iddiaçıya da fərdi yaşayış evi tikintisi məqsədilə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində “V” cərgədə sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi ayrılaraq istifadəsinə verilmişdir. Bu barədə xx.xx.1994-cü il tarixdə “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestinin şöbə müdiri M.Bədirovun imzası ilə qeyd olunan ərazinin baş planında 53 saylı sahənin ayrılması barədə sxem təsdiq edilmiş və Sumqayıt şəhərinin baş memarı tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş akta əsasən Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə 800 kvadrat metr olan 53 №-li torpaq sahəsi Memarlıq və Şəhərsalma İdarəsinin topoqrafı H.G.Əliyev tərəfindən tərtib edilmiş cizgidə olduğu kimi yerində iddiaçıya təhvil verilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi inşa edərək ailəsi ilə birlikdə yaşayır. Sumqayıt bələdiyyəsinin 49-cu məhəllə üzrə 3 saylı məhəllə komitəsinin sədri E.Ş.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 37 saylı arayışda qeyd olunur ki, həqiqətən İddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 53-də yaşayır. Qeyd olunanlara əsasən, müvafiq ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Ancaq iddiaçının müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi 25 avqust 2022-ci il tarixli, **********17 nömrəli cavab məktubunda hüququn dövlət qeydiyyatından imtina olunmuşdur. Buna əsas kimi tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin olmaması göstərilmişdir. Mübahisələndirilən 800 kvadrat metr torpaq sahəsi evlə birlikdə 1994-cü ildən iddiaçının qanuni istifadəsində olduğundan, qeyri-qanuni tutulmuş sahə sayıla bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu məhkəmə baxışı iclası 07 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq iddia ərizəsinə dəqiqləşmə verərək torpağın sahəsini dəqiq qeyd etdi (Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması). Cavabdeh orqan iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur və idarənin arxiv əsaslarında torpaq sahəsi ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli 418 nömrəli sərəncamı isə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilərkən zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • 06 fevral 2004-cü il tarixli, 19 nömrəli aktın surətindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 418 nömrəli, 14 noyabr 2003-cü il tarixli sərəncamına əsasən 800 kvadrat metr torpaq sahəsi ölçülərək və bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq iddiaçıya yerində təhvil verilmişdir. • Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli, 418 nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir (məhkəmə sorğusu nəticəsində də əldə edilmişdir). • Sumqayıt bələdiyyəsinin 49-cu məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin 37 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən 53 nömrəli evdə qeydiyyatsız yaşayır. • ИТ-İ № ******* olan iddiaçıya məxsus əmək kitabçasının notarial təsdiq olunmuş surətinə əsasən iddiaçının “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestində işləməsi sübut olunur. • Memarlıq və Şəhərsalma İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Xalq Deputatları Sovetinin 20 saylı, 28 avqust 1992-ci il tarixli qərarı ilə “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestinə 49-cu məhəllə ərazisində yaşayış binalarının tikintisi üçün 5 ha torpaq sahəsi ayrılmış, trest tərəfindən həmin sahə mənzilə ehtiyacı olan işçilərə ayrılmışdır. İdarə tərəfindən fərdi ev tikintisi məqsədilə həyətyanı torpaq sahələrinin həmin sahələrdə yaşayan vətəndaşların adına siyahı üzrə sənədləşdirilməsinə etiraz edilməmişdir. • Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında həmin daşınmaz əmlakla bağlı mübahisəli halın olmaması, 0,002 ha zəbt torpaq sahəsinin olması, yerüstü kommunikasiya xətlərinin keçməməsi qeyd olunmuşdur. • İddiaçının nümayəndəsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda olan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər də iş materiallarına əlavə edilmişdir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Sumqayıt şəhər Xalq X1 Heyətinin 20 saylı, 28 avqust 1992-ci il tarixli qərarı ilə “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti trestinə fərdi evlərin tikintisi üçün 5,0 ha torpaq sahəsi ayrılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunması, habelə iddiaçının eyni tələblə inzibati orqana müraciət edərək imtina cavabı almasıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqularının qeydə alınması ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir, çünki həmin torpaq sahəsi uzun illərdir ki, hər hansı bir şəxs tərəfindən müdaxilə edilməyərək iddiaçının istifadəsindədir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqandan xx.xx.2022-ci il tarixli, **********17 nömrəli məktubla imtina cavabını almışdır.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Xalq X1 Heyətinin 28 avqust 1992-ci il tarixli, 20 nömrəli qərarına əsasən Azərbaycan Sənaye tikinti 2 nömrəli trestinə fərdi evlər tikintisi üçün 5,0 ha torpaq sahəsi ayrılmış, həmin tikinti tresti tərəfindən iddiaçı və digər işçilərin hər birinə sahəsi 800 kvadrat metr olan torpaq sahəsi istifadəyə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 418 nörməli, 14 noyabr 2003-cü il tarixli faktiki istifadə olunan torpaq sahələrinin sənədləşdirilməsi barədə sərəncamına əsasən sözügedən torpaq sahəsi (hər birinə 800 kv.metr olmaqla) iddiaçı və digər işçilərin adına rəsmiləşdirilmişdir. İddiaçı onun adına rəsmiləşdirilmiş və daimi nişangahlar qoyularaq ona təhvil verilmiş 53 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etsə də, inzibati orqan tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, həmçinin, daşınmaz əmlaka dair texniki baxış zamanı zəbt sahəsinin olduğu bildirilərək hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən irəli sürülən imtinadakı halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən ... bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən (07 aprel 2022-ci il) sənədlərin siyahısında rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar qeyd edilmişdir (1.4-cü bənd). İşdən göründüyü kimi, Xalq X1 Heyətinin 28 avqust 1992-ci il tarixli, 20 nömrəli qərarına əsasən iddiaçının çalışdığı “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti Trestinə ayrılmış və trest tərəfindən digər işçilərlə bərabər iddiaçıya da verilmiş 53 saylı torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onun adına sənədləşdirilmişdir. Torpaq sahəsi uzun müddətdir ki, iddiaçı tərəfindən istifadə edilir, həmçinin, orada yaşayış sahəsi inşa edilmişdir. Cavabdeh orqanın imtinasında qeyd etdiyi “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2003-cü il tarixli sərəncamının torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil” hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması həmin sərəncamla deyil (həmin sərəncam torpaq sahəsinə dair sənədləşdirilməni nəzərdə tutur), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar əsasında iddiaçının hüququnun yarandığını müəyyən edir. Cavabdeh eyni zamanda zəbt torpaq sahəsinin olduğunu bildirsə də, bununla bağlı məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı onun texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından da göründüyü kimi 0,002 ha hissədə zəbt torpaq sahəsi hər hansı bir şəxsin hüquqlaını məhdudlaşdırmır və mübahisə predmeti deyildir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın irəli sürdüyü imtinadakı hallar öz təsdiqini tapmadığı üçün əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (maddə 12.3.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1.). İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən, sahəsi 800 kvadrat metr olan 53 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar