Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-742/2024 18.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı4, X3, İddiaçı3, İddiaçı1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 m2 hissəsinə görə hesablanmış 55.000 (əlli beş min) manat bazar qiymətinin 20% əlavəsi olan 11.000 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 51 saylı qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir.Mülkiyyət hüququ JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. 2013cü ilin yay aylarında onlara məlum olmuşdur ki, JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin 730.27 kv.m. hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş və faktiki olaraq həmin hissədə tikinti işləri aparılmışdır.Bundan sonra müvafiq kompensasiya verilməsi ilə bağlı cavabdehlə arasında uzun surən məhkəmə çəkişmələri olmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(085)-77/2019 saylı qərarı ilə onlara - iddiaçılar X1, X2, İddiaçı1, İddiaçı3 və İddiaçı2, onların mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m - 42+ÖG0m) tikintisi” layihəsi çərçivəsində yolun Tikintisi, altına düşmüş 730.27 kv.m hissəsinə görə 66.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərmə qoyulması qərara alınmışdır.Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-13/20 saylı qərarı ilə cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(85)-77/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması- qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1498/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı qismən, yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2-1(085)-77/2019 saylı qərarının 11000 manat (20% əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1 (105)-13/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.İddiaçılar 11000 manat (20% əlavənin) ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin onların müraciətləri müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı5 eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin, iddiaçıya təqdim etdiyi imtina məktubunda torpağın satınalma qiymətinə əlavə 20 % miqdarında təzminatın ödənilməsi ilə bağlı məhkməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar və cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər iddiaçıların və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 27 aprel 2023-cü il tarixli, 11-1/2-31xx-xx/2023 nömrəli imtina məktubu, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)- 77/2019 saylı qərarı, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2- 1(105)-13/2020 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1498/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçılara məxsus 0,69 ha torpaq sahəsinin 730.27 m2 hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Bu işin mübahisələndirilməyən halıdır. İddiaçılar onlara dəymiş ziyana görə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(085)-77/2019 saylı qərarı ilə onalara 66.000 manat (55.000 əmlaka görə + 11000 manat 20% əlavə) məbləğində kompensasiya verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-77/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1498/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı əsasında isə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı qismən, yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2-1(085)-77/2019 saylı qərarının 11000 manat (20% əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş və eyni zamanda Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1 (105)-13/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1498/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçılara məxsus daşınmaz əmlaka görə dəymiş ziyanın, yəni 55000 manatın 20% əlavəsi olan 11000 manat kompensasiya verilməsi hissəsində təmin edilməmişdir. İddiaçılar da həmin 20% əlavənin verilməsi üçün torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində onlara dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 27 aprel 2023-cü il tarixli, 11-1/2-31xx-xx/2023 nömrəli məktubla iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisi həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% əlavəsi də nəzərə alınmalıdır. Bu halda məhkəmə qərarları əsasında iddiaçılara məxsus torpaq sahəsinin bazar qiymətinin 55.000 manat olduğunu nəzərə alsaq, onun 20% əlavəsi də 11.000 manat təşkil edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, 11.000 (on bir min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı5, İddiaçı4, X4, İddiaçı3, İddiaçı1, onlara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 m2 hissəsinə görə hesablanmış 55.000 (əlli beş min) manat bazar qiymətinin 20% əlavəsi olan 11.000 manat kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-742/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-742/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver