Məhkəmə qərarları › İş №2-1(118)-743/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-743/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-743/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinə qarşı “cavabdehin 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1996-cı ildə torpaq islahatı çərçivəsində ona və qardaşına Şamaxı rayonu, Keçmədin kənd bələdiyyəsi ərazisində pay torpağı ayrılmışdır. Təqribən 2007-ci ildə həmin ərazidə dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi zamanı onların pay torpağımız plana düşdü. Cənab Prezidentin göstərişinə əsasən Şamaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı Qərarı ilə ona Şamaxı rayonu, Qəleybuğurd kənd bələdiyyəsinin “Şəkər zəmisi” ərazisində 6000.79 km2, (0.10 ha tikinti, 0.50 ha kənd təsərrüfatı məqsədilə) torpaq sahəsi ayrıldı. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon (şəhər) şöbəsi tərəfindən ona xx.xx.2009-cu il tarixli, AN- 225175 saylı Torpaq sahəsinin Planı və Ölçüsü verilmiş və həmin Plan - Ölçü X8 Kitabında 309 nömrəsi ilə uçota alınmışdır. 2016-cı ilin mart ayında ona ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək və Reyestrdən Çıxarış almaq məqsədilə DƏDRX 14 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən aldığı 29 mart 2016-cı il tarixli, **********73 saylı məktubla ona bildiirlmişdir ki, torpaq sahəsinin müayinəsi zamanı yerində götürülmüş koordinatları elektron baza xəritəsinə daxil edərkən, həmin sahə bələdiyyənin xx.xx.2005-ci il tarixli, 23 nömrəli Qərarı ilə başqa şəxsə satılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini X4r, Şamaxı rayonu, Qəleybuğurd kəndində anadan olmamışdır, heç vaxt orada yaşamamışdır və qeydiyyatda olmamışdır. Həmin Qərara baxdıqda açıq şəkildə görünür ki, həmin Qərar saxtadır, sonradan cinayət yolu ilə tərtib edilib, çünki həmin qərarda çoxlu pozulma, qaralama və silinmələr vardır.Bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı məhkəmədən kənar mübahisələr bələdiyyələr tərəfindən həll edilir. Bu faktları nəzərə alaraq Şamaxı rayonu Qəleybuğurd kənd bələdiyyəsinə rəsmi ərizə ilə mürcaiət edərək xahiş etmiş ki, bələdiyyənin X3 adına verdiyi xx.xx.2005-cı il tarixli, 23 saylı Qərarı saxta olduğu, sonradan cinayət yolu ilə tərtib edildiyi və həmin sənəddə çoxlu pozulma, qaralama və silinmələr olduğu üçün ləğv olunsun. Şamaxı rayonu Qəleybuğurd kənd bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək xahiş etmişdir ki, bələdiyyənin X3 adına verdiyi akt saxta olduğu ləğv edilsin.Şamaxı rayonu Qəleybuğurd kənd bələdiyyəsindən aldığı tarixli 04 dekabr 2021-ci il tarixli, 22 saylı cavab məktubunda qeyd olunur ki, “Şamaxı rayonu Qəleybuğurd kənd bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 23 saylı Qərarı torpaqayırma zamanı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması Qaydalarının” tələblərinə uyğun olaraq torpaq sahələrinin təyinatına uyğun istifadəsinə nəzarət edən orqanın, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyinə əsasən verilmişdir. Qeyd olunan qərar verildikdən sonra torpaq sahəsinə keçmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən JN-638 nömrəli dövlət aktı tərtib olunmamışdır. Göründüyü kimi, iddia etdiyi torpaq sahəsinin üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Şamaxı rayonunun Qəleybuğurd kənd bələdiyyəsinin hər hansı bir şəxsin mülkiyyət hüququnun ləğv edilməsinə səlahiyyəti yoxdur. Ona görə də, bu məsələ ilə bağlı aidiyyəti üzrə mürcaiət etməyi tövsiyyə olunur”. Şamaxı rayonu, Qəleybuğurd kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı Qərarı ilə mənə Şamaxı rayonu, Qəleybuğurd kənd bələdiyyəsinin Həpbulağı ərazisində 6000.79 km2, (0.10 ha tikinti, 0.50 ha kənd təsərrüfatı məqsədilə) torpaq sahəsi ayrılması tam olaraq qanunidir. Cavabdeh tərəfindən adına sonradan və cinayət yolu ilə saxta qərar verilmiş X5 Bakı şəhər sakinidir, Şamaxı rayonu, Qəleybuğurd kəndində anadan olmamışdır, nəinki beş il, ümumiyyətlə heç bir vaxt orada yaşamamışdır və qeydiyyatda olmamışdır. Ona görə də həmin torpaq hərrac və ya müsabiqə yolu ilə heç bir halda Nazim Məcidova satıla bilməzdi. Əgər belə bir qərar varsa saxtadır və qanunvericiliyin tələblərinə zidd şəkildə, cinayət yolu ilə əldə edilmişdir. Əgər həqiqiətən də həmin torpaq sahəsi 2005-ci ildə başqa şəxsə satılmışdısa Qəleybuğurd bələdiyyəsi 2007-ci ildə ona torpaq sahəsi ayrılmasına dair necə və hansı əsasla Qərar vermişdir? Həmçinin, 2009-cu ildə ona ayrılmış torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon (şəhər) şöbəsi tərəfindən hansı əsasla Plan-Ölçü tərtib olunmuşdu və X8 Kitabında uçota almışdır? Qanunvericiliyin tələblərindən də göründüyü kimi, ona tam qanuni əsaslarla torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində də dövlət orqanları tərəfindən baxış keçirilmiş, lazımi ölçü işləri aparılaraq həmin torpağa dair xx.xx.2009-cu ildə onun adına AN- 225175 nömrəli Plan-Ölçü tərtib olunmuş və X8 Kitabında uçota alınmışdır. X5 Bakı şəhər sakinidir, Şamaxı rayonu, Qəleybuğurd kəndində anadan olmamışdır, orada heç vaxt yaşamamışdır və hal-hazırda da yaşamır, onun həmin torpağa heç bir aidiyaytı yoxdur. Qərarın özü isə başdan ayağa saxtadır, çünki, həmin qərarda rəqəmlər qaralanmışdır, sonradan düzəliş edilmişdir. Bütün bunlar da bir daha sübut edir ki, vətəndaş X1 rayonu, Qəleybuğurd kənd bələdiyyəsinin keçmiş sədri ilə cinayət əlaqəsinə girərək saxta Qərar almış, həmin saxta Qərar əsasənda isə sonradan Reyestrdən çıxarış almışdır. Hazırkı, iddia ilə bağlı daha əvvəl Şamaxı rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddiasını təmin etmədiyinə görə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2004/2021 saylı Qərardadı ilə Şamaxı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 20/2021 saylı qətnaməsi ləğv edilmiş, işin icratına mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verlmişdir. Həmin qərardadda həmçinin qeyd olunur ki, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Ona görə də inzibati məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi bələdiyyə tərəfindən Nazim Məcidova iddiaçıya ayrılmamışdan öncə ayrılmışdır. Bələdiyyənin köhnə sənədləri bələdiyədə saxlanılmır və bələdiyyə qərarında olan düzəliş texniki səhv olması nəticəsində olub. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə prosesində iştirak edən və üçüncü şəxsin sağlığı dövründə izahat vermiş Nazim Məcidovun nümayəndəsi və vəkili Vəkil1 ötən məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi təmamilə əsassızdır. Belə ki, Nazim Məcidova ayrılmış torpaq sahəsi İddiaçı torpaq sahəsi ayrılmamışdan 1 il öncə ayrılıb və həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kadastr sənədi verilib. Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasında mərhum Nazim Məcidovun vərəsələri tərəfindən miras əmlak qəbul edilmədiyinə görə subyektiv hüquq baxımından Vəkil1 yeni izahatının alınması mümkün olmadı. Məhkəmədə şahid qismində dindirilmiş keçmiş bələdiyyə sədri X2 izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi dövlət ehtiyacları üçün alındığına görə əvəzinə 0,60 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ayrılarkən DTXK-nin müvafiq rəyi alınmış və sənədləşdirmələr onun tərəfindən aparılmışdır. Nazim Məcidova ayrılan torpaq sahəsi ondan qabaq işləyən bələdiyyə sədri tərəfindən ayrılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 20 nömrəli, 04 dekabr 2021-ci il tarixli məktubu, Cavabdeh inzibati orqanın 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərarın surəti, amaxı rayonu, Qəleybuğurd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı Qərarının surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, AN- 225175 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin surəti, JN 0638 nömrəli Kod 41010018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsin Kadastr və Yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş **********18 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxs tərəfindən verilmiş **********68 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx/xx-5877/11 nömrəli, xx.xx.2022-ci il tarixli məktublar, Şamaxı rayon Arxivi tərəfindən verilmiş 105/59 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, 280106 qeydiyyat nömrəli ölüm haqqında şəhadətnamənin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2004/2021 nömrəli Qərardadının surəti, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 20/2021 nömrəli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixli, 08 saylı qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının DƏDKR-də qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq həmin torpaq sahəsinin Nazim Məcidovun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi bildirilmişdir. Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Qaleybuğurd Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Qaleybuğurd Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Qaleybuğurd Bələdiyyəsi tərəfindən qəbul edilmiş 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərar barəsində iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə 2016-cı ildə müraciətindən sonra məlumatlı olmuşdur. Həmin tarixdən də müxtəlif məhkəmə çəkişmələrində mübahisələndirmiş və son olaraq xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Qaleybuğurd Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: İddiaçı mübahisə predmeti olan qərarın ləğv edilməsi üçün gətirdiyi arqument- Qaleybuğurd Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci ildə qəbul edilən qərarın saxta olmasından ibarət olmuşdur. İddiaçı tərəfindən gətirilən 1-ci arqumenti araşdıran məhkəmə qeyd etməyi zəruri bilir ki, Qaleybuğurd Bələdiyyəsi tərəfindən qəbul edilən 23 nömrəli, xx.xx.2005-ci il tarixli qərar əsasında müvafiq icra hakimiyyəti orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN 0638 nömrəli Kod 41010018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilərək X3 adına rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi üzrə hüquqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 2006-cı ildə plan və ölçü sənədində də öz əksini tapmışdır.Yəni iddiaçıya 2007-ci ildə ayrılan torpaq sahəsindən 1 il öncə. Bu isə mübahisə predmeti olan Şamaxı rayonunun Qəleyburd bələdiyyəsinin 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərarının 2007-ci ildən sonra saxtalaşdırlmasına dəlalət edə bilməz. İddiaçının mübahisə predmeti olan xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi üçün təqdim etdiyi 2-ci arqumentə, yəni qərarın üzərində sonradan aparılmış yazıların ekpsertiza nəticəsində tədqiq olunmasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən sorğu verilməsinə baxmayaraq mübahisə predmeti olan Şamaxı rayonunun Qəleyburd bələdiyyəsinin 23 saylı 26 oktyabr 2005-ci il tarixli qərarının əslini əldə etmək mümkün olmadı. Sənədin əsli olmadığı tədqirdə xəttşünaslıq ekspertizasının təyin edilməsinin mükünsüz olması səbəbindən iddiaçının ekspertiza aparılması ilə bağlı verdiyi vəsatəti təmin edilmədi. Məhkəmə qeyd etməyi zəruri bilir ki, 2015-ci ilədək bələdiyələr tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alındıqdan sonra torpaq sahəsinin ayrılması haqqında bələdiyələr tərəfindən qərar qəbul edilir və həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində hüquqlar qeyd alınırdı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəleyburd bələdiyyəsi tərəfindən Nazim Məcidova torpaq sahəsi ayrılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi alınmış və bələdiyyə qərarından sonra plan və ölçü sənədi verilmişdir. Qeyd olunan sənədlərdə torpaq sahəsinin ölçüsü 8 ha göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hətta Qəleyburd bələdiyyəsinin qəbul etdiyi və sonradan düzəliş olunduğu 23 saylı qərarda texniki səhv olaraq yazılmış rəqəmin sonradan düzəldilməsi həmin sahənin ölçüsünə şübhə yaratmamalıdır. Belə ki, yuxarıda qeyd olunan əsaslara görə bələdiyyə qərarı bir neçə təşkilat tərəfindən tədqiq edilirdi. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi ikinci arqument də mübahisə predmeti olan 23 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən bələdiyyələr inzibati orqan hesab edilir. Həmin Qanunun 81.1 -ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1 ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinə qarşı “cavabdehin 23 nömrəli, 26 oktyabr 2005-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar