Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-743/2025 10.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının 2 may 2017-ci il tarixli, 804 nömrəli qərarından görünür ki, Quba Rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Lənkəran Hərbi Prokurorluğunun 28 yanvar 2017-ci il tarixli, HP-18/170 nömrəli məktubuna əsasən barəsində heç bir cinayət işi və təqsirləndirici materialın olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, X3 döyüş zonasında hərbi xidmət keçərkən 2 fevral 1994-cü il tarixdə aldığı və 2 fevral 1994cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Sabirabad rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin 27 fevral 2017-ci il tarixli, 286 nömrəli göndərişi, 27 fevral 2017-ci il tarixli 285 nömrəli arayışı, Sabirabad rayon mərkəzi xəstəxanasından verilmiş 27 fevral 1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 12 dekabr 2017-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək “Aşağı ətrafın dəqiqləşdirilməmiş səviyyədə digər travmaları, sol aşağı ətrafın dəlib keçən güllə yaralanması nəticələri (2 fevral 1994). Qamış sinirinin bulda səviyyəsində travması, trofiki hissi pozğunluqlar. Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması. Paralitik yeriş, hərəkət istinad funksiyasının kəskin pozulması.Oynaqların kontrakturası, sol diz və aşıq baldir oynaqlarının kontrakturası. Digər ekstrapiramid və hərəki pozğunluqlar, sol aşağı ətrafın monoparezi, baldir əzələlərinin atrofiyası. Nevrasteniya, kəskin astena nevrotik sindrom. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. 245787 nömrəli vəsiqədən görünür ki, İddiaçı 22 dekabr 2017-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək “Azərbaycan Respublikası müdafiəsi ilə” ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 fevral 2024-cü il tarixli, 3-17/2-İ-1105/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0244003AAGUR nömrəli göndərişi əsasında 12 dekabr 2017-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə (12 dekabr 2022-ci il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilmişdir. Bildirilmişdir ki, müraciətində qeyd olunduğu kimi əlillik təyinatı əsassız olaraq dayandırılmamış, müddətli olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq əlillik müddətinin başa çatdığı 12 dekabr 2022-ci il tarixdən qüvvədən düşmüşdür. Əlillik müddəti bitdikdən sonra əlillik vəziyyəti dövlət tibb müəssisəsinin Y00079245SAZ nömrəli göndərişi əsasında 12 mart 2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti müəyyən etməməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı qaldığından müraciəti əsasında 21 avqust 2023-cü il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbihəkim komissiyası tərəfindən verilmiş 2 may 2017-ci il tarixli, 804 nömrəli qərarda Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar diaqnoz kimi sol baldırın orta 1/3-ni dəlib keçən güllə yaralanması qeyd edilmişdir. Qəbul zamanı aparılmış obyektiv müayinənin nəticəsində əlilliyin müəyyən olunmasına əsas verən patofunksional pozuntular (atrofiya, parez və hərəkət məhdudiyyəti) aşkarlanmadığından diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 12 mart 2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır.
5. İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 12 mart 2023-cü il tarixli, xxxxxxx0008 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 28 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2402/2023 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 21 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17541/2023 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 24 iyun 2024-cü il tarixli, 3-17- 4/2-16952/2024 nömrəli məktubu ilə İddiaçı dair aparılmış inzibati icraat materialları qoşma şəklində göndərilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 16 dekabr 2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarından görünür ki, İddiaçı göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, birinci Qarabağ veteranı kimi əlilliyinin təyin edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidməti sovet hakimiyyəti dövründə Almaniya Respublikasında 1 il 3 ay müddətinə olmuş, sonradan hərbi xidmətini davam etdirmək hərbi hissəni bütün heyətini Moskvaya göndərmişdirlər. Qalan hərbi xidmətini Moskva şəhərində davam etdirmişdir. Lakin 1991-ci il may ayında hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıtmışdır, Quba Rayon Hərbi Komissarlıqda qeydiyyata düşmüşdür. 1992-ci ilin noyabrından Quba Rayon Hərbi Komissarlığı tərəfindən Şəmkir rayonunun Seyfəli poliqonuna göndərilmişdir. Burada keçdiyi hərbi təlimlərdən sonra Ağdərə istiqamətinə göndərilmişdir. Bu müddət ərzində hərbi əməliyyatlarda iştirak etmişdir. 1993-cü ildə ehtiyata buraxıldıqdan sonra o, Quba-Qusar hərbi batalyonuna könüllü yazılmışdır. Batalyon ilə birlikdə döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ayağından güllə yarası almışdır və Sabirabad rayon xəstəxanasına göndərilmişdir. 1 ay müddətinə aldığı güllə yarasına görə müalicə götürmüşdür. Sonradan xəstəxananın hakim komissiyası tərəfindən verilən tibbi sənədlərin (epikriz) evə buraxılmışdır. Həmin vaxtdan xəstəliyi ilə əlaqədar hara müraciət edilməsini məsləhət görməmişdirlər və o, əlilliyinə görə heç yerə müraciət etməmişdir. Lakin sonradan 2017-ci ildən iddiaçı bütün tibbi sənədlərini toplayaraq həmin ilin dekabrında Quba MRX-nın HMKna müraciət etmişdir. Baş Tibbi Ekspertiza komissiyasının rəyinə əsasən ona 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Bu müddət ərzində respublika xəstəxanalarında müalicələr almışdır. Ancaq iddiaçıya heç kəs tərəfindən (Qarabağ təşkilatı) tərəfindən məlumat verilmədiyi üçün o, Sağan qəsəbəsi Reabilitasiya mərkəzində müalicə ala bilməmişdir.
13. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. Məhkəmənin 23 fevral 2023-cü il tarixli protokol-qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.
15. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın 12 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizm funksiyalarının pozulması 31-60 faiz olmaqla müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 10 dekabr 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.
16. Məhkəmənin 22 oktyabr 2024-cü il tarixli, 2-1(118)-2810/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyinin təyin edilməsi” iddiasına dair mübahisə ilə bağlı iddiaçının əlillik vəziyyətinin əsaslılığının və düzgünlüyünün qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə 20 gün müddət təyin edilmişdir.
17. Məhkəmənin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-743/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Birliyi publik hüquqi şəxsinə həvalə edilmişdir.
18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
19. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 2 may 2017-ci il tarixli, 804 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol baldırın orta 1/3-nin dəlib keçən qüllə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, aşağı ətrafda ağrı və göynəmə hissindən şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq toxuma izlənilmiş, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuş, praktiki sağlam şəxs olaraq dəyərləndirilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 17 fevral 2023-cü il tarixli, ********** nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Sol baldırın orta 1/3-nin dəlib keçən qüllə yaralanmasından sonrakı vəziyyət. Sol baldır arxa-bayır səthinin bərkimiş, ağrılı, dartıcı kelloid çapıqları, qamış sinirin nevropatiyası. Sol baldır əzələlərin atrofiyası. Sol aşıq-baldır oynağın, deformasiyaedici postravmatik artrozu, kontrakturası, daimi kəskin ağrı sindromu. Dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
21. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
22. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
25. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
29. Məhkəmənin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-743/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:
2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)
35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”
37. İddia tələbinin əsaslarına görə, iddiaçı döyüş zamanı ayağından güllə yarası almış, Sabirabad rayon xəstəxanasına göndərilmiş, 1 ay müddətinə aldığı güllə yarasına görə müalicə götürmüş, sonradan xəstəxananın hakim komissiyası tərəfindən verilən tibbi sənədləri ilə evə buraxılmış, 2017-ci ildə bütün tibbi sənədlərini toplayaraq müvafiq orqana müraciət etmiş, Baş Tibbi Ekspertiza komissiyasının rəyinə əsasən ona 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Buna baxmayaraq, yenidən əlilliyin təyin edilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir.
38. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının Y00079245SAZ nömrəli göndərişi və müraciəti əsasında 26 aprel 2023-cü il tarixdə cavabdeh tərəfindən əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçının sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
39. İş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının 2 may 2017-ci il tarixli, 804 nömrəli qərarına əsasən iddiaçı Quba Rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 2 fevral 1994-cü il tarixdə xəsarət almış, 2 fevral 1994-cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Sabirabad rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuş, “Sol baldırın orta 1/3-nin dəlib keçən güllə yaralanması” diaqnozu qoyulmuş və hərbi travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən olunmuş, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 12 dekabr 2017-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, 12 mart 2023-cü il, 28 aprel 2023-cü il, 21 sentyabr 2023-cü il, 16 dekabr 2024-cü il tarixli qərarlar əsasında isə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin 8 avqust 2025-ci il tarixli, T 610/2025 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi “Forma 088” göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Y36.4. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın orta 1/3-ni dəlib keçən qamış sümüyü və sinirinin zədələnməsi ilə nəticələnən güllə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşma: M24.5. Oynaqların kontrakturası, sol aşıq-baldır oynağının açıcı bükücü kontrakturası oynaqda hərəkətin həcmi 15020 dərəcə. S84.0. Qamış sinirinin baldır səviyyəsində travması, sol qamış sümüyünün neyropatiyası trofiki hissi pozğunluqlar, pəncənin açıcı əzələlərinin parezi. R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması. R52.2. Digər daimi ağrı, daimi ağrı. M19.1. Digər oynaqların postravmatik artrozu, sol aşıq baldır oynağının artrozu İİİ dərəcə, kəskin ağrı. L91.0. Hipertrofik çapıq, sol baldırın orta 1/3-nin kobud çapıq toxuması. Yanaşı xəstəlik: F48.0. Nevrasteniya, kəskin astenonerotik sindrom” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Onun 29 iyul 2025-ci il tarixdə məhkəmə tibbi müayinəsi zamanı isə hər iki aşağı ətrafda hipotrofiya, atrofiya, parez, iflic, kəskin hərəkət pozğunluğu aşkar edilməmişdir. Həmin tarixdə o, “Elmi-Tədqiqat və Ortopediya İnstitutu” phş-nə müayinəyə göndərildi və ona obyektiv və instrumental müayinələr nəticəsində “Odlu silahla yaralanmadan sonra sol baldırın orta 1/3-nin tış, arxa səthində çapıq toxumaları, sağtərəfli lumbar skoliozu, fəqərələrin spondilyozu, aşağı lümbar faset oynaqların artrozu, irradiasiya verən kəskin kökcük ağır sindromu, hər iki bud-çanaq oynağının travmadan sonra koksartrozu, sağda İİ, solda İ dərəcəli, yaxınlaşdırıcı kontrakturası (sağda 23°, solda 30° uzaqlaşma), daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması. XBT: Y36.4; L90.5; L91.0; M41; M47.8; M10.1; M54.14; M 16.5; M24.5; R52.1; R26.8” diaqnozu müəyyən edilmişdir.
41. Məhkəmənin 10 dekabr 2025-ci il tarixli iclasında qeyd edilən ekspert rəyinin müzakirəsi aparılmış, həmçinin ekspert rəyini tərtib edən X4 məhkəmə iclasında bildirmişdir ki, ekspert rəyində göstərilmiş xəstəliklər (ağırlaşdırıcı xəstəliklər istisna olmaqla) iddiaçıda mövcuddur.
42. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.
43. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.
44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
45. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 12 mart 2023-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən orqanizm funksiyalarının pozulması 31-60 faiz olmaqla müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsilə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova