Məhkəmə qərarları › İş №2-1(118)-744/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-744/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-744/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Çarxı bələdiyyəsinin 25 aprel 2005-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış 1,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X3rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz və əsassız hesab edilməsi və göstərilən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əsl cavabdeh olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə əvəz edilməsini, Xaçmaz rayonu Çarxı bələdiyyəsinin 25 aprel 2005-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış 1,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2005-ci ildə bələdiyyə tərəfindən iki torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan göstərilən torpaq sahələri onun qanuni sahibliyində və istifadəsindədir. Lakin o, mülkiyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etdikdə cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Torpaq sahələri Xaçmaz royunun Çarxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə ayrılmışdır. Torpağa dair alqısatqı müqaviləsi bağlanılmış və həmin müqavilə həmin dövrdə səlahiyyətli qurum olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmişdir. Torpağın ayrılmasına dair Xaçmaz rayon İcra Hakmiyyətinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müsbət rəyləri, torpağın haqqının ödənilməsi barədə qəbz və müvafiq qaydada təsdiq edilmiş ayrıc aktları mövcuddur. Göründüyü kimi torpağın ayrılması tam qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmişdir. Həmçinin həmin torpaq sahələri üzərində artıq mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli JN 722 (kod ********) nömrəli və JN 723 fkod ********) nömrəli Torpaqın mülkiyyətə verilməsinə dair Dövlət aktları verilmişdir. Qeydiyyat orqanı dövlət aktları barədə bazada məlumat olmaması səbəbindən çıxarış verilməsindən imtina edir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş 3,20 ha torpaq sahəsi üçün təqdim edilən JN-723 nömrəli (KOD ********) seriyalı və 1,5 ha torpaq sahələri üçün təqdim edilən JN-722 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” vahid məlumat bazasında öz əksini tapmamışdır. Həmçinin, Dövlət aktı ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan qeydiyyat kitablarında qeydə alınmamışdır, lakin TEKUİS məlumatlarında mövcuddur. Bu səbəbdən də, JN-722 nömrəli (KOD ********) seriyalı və JN-723 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının elektron kadastr (DWG) məlumatlarının, həmçinin Dövlət Aktının verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərməK məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, JN- 723 nömrəli (KOD ********) seriyalı və JN-722 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larına dair sənədlər və DWG məlumatları aşkar edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - Xaçmaz rayon Çarxı bələdiyyəsinin 05 aprel 2006-cı il tarixli, 05 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı kənd təsərrüfatı məhsullarının istehsal üçün 3,2 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -JN-723 KOD 30224018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin sənəd Xaçmaz rayon Çarxı bələdiyyəsinin 05 aprel 2006-cı il tarixli, 05 saylı qərarına əsasən İddiaçı Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 3,20 ha torpaq sahəsinə dair verilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xaçmaz rayon Çarxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 05 saylı qərarına əsasən Abşeron rayon Qobu bələdiyyəsi İddiaçı 3,2 ha torpaq sahəsini satmışdır. - xx.xx.2006-cı il tarixli, 28 nömrəli qəbzdən görünür ki, İddiaçı bələdiyyə hesabına 2100 manat pul ödəmişdir. -DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəylərdən görünür ki, İddiaçı torpaq sahəsinin satılmasına etiraz etmir. - Xaçmaz rayon Çarxı bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 3,2 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Xaçmaz rayon Çarxı bələdiyyəsinin 25 aprel 2006-cı il tarixli, 05 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə 1,15 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xaçmaz rayon Çarxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 05 saylı qərarına əsasən Abşeron rayon Qobu bələdiyyəsi İddiaçı 1,15 ha torpaq sahəsini satmışdır. - xx.xx.2006-cı il tarixli, 29 nömrəli qəbzdən görünür ki, İddiaçı bələdiyyə hesabına 1600 manat pul ödəmişdir. - Xaçmaz rayon Çarxı bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 1,15 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - JN-722 KOD 30224018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin sənəd Xaçmaz rayon Çarxı bələdiyyəsinin 05 aprel 2006-cı il tarixli, 05 saylı qərarına əsasən İddiaçı Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 1,15 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Məhkəmənin sorğusuna X4 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sorğuda tələb olunan Xaçmaz rayon “Çarxı” bələdiyyəsinin 2006-cı ilə aid 05 saylı protokolu, sorğuda göstərilən tarixlə uyğunsuzluq təşkil edir. Belə ki, Xaçmaz rayon Çarxı bələdiyyəsinin 17 mart 2006cı il tarixinə təsadüf edən 05 saylı protokolunun surəti göndərilmişdir. Həmçinin onu da qeyd edirlər ki, Çarxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli protokolu mövcud deyil və vətəndaş İddiaçı aid torpaqayırma sənədləri aşkarlanmamışdır. - Xaçmaz rayonu Çarxı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Çarxı bələdiyyəsinin 2017-ci ilə qədər fəaliyyətini əks etdirən sənədlər toplusu tam olaraq Dövlət Arxivinə təhvil verilmişdir. Bu səbəbdən Çarxı kəndi ərazisində 3,20 ha və 1,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İddiaçı satılmaısı təsdiq edən sənədlərin 2-ci nüsxəsi Çarxı bələdiyyəsində qalmadığından istinad etməyə sənədlər olmadığı üçün bu torpaq sahələrinin satılıb-satılmadığını təsdiq etməyə çətinlik çəkirlər. - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş JN-722 saylı KOD 30224018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Kəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamış və arxiv nüsxəsi aşkarlanmamışdır. - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaşın faktiki istifadəsində olan 3.20 ha torpaq sahəsinin ətrafında olan torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində kateqoriyası bələdiyyə ehtiyat fondu torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar kollu-örüş, arxlar və yollar kimi göstərilmişdir və həmin torpaq sahəsinə yaxın ərazilərdə vətəndaşlara çıxarışlar verilmişdir. Digər 1,15 ha torpaq sahəsinin ətrafında oları torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində kateqoriyası bələdiyyə ehtiyat fondu torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar əkin kimi qeyd edilmişdir. Həmin 1,15 ha torpaq sahəsinin ətrafında olan kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olan hissəsinə çıxarışlar verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon Çarxı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 05 saylı qərarı ilə ayrılmış (məhkəmə tərəfindən sənəd qoşmasına əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-722 nömrəli, kod 30224018 saylı dövlət aktına əsasən 1.15 ha və torpağa mülkiyyət hüququna dair JN-723 nömrəli, kod 30224018 saylı dövlət aktına əsasən 3.20 ha) torpaq sahələri naturada mövcuddur.(sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilir,). Bələdiyyənin yerquruluşu planından çıxarış təqdim olunmadığından bu sualı cavablandırmaq mümkün olmamışdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri müəyyən edilmişdir, (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilir.) Bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış torpağa mülkiyyət hüququna dair JN-722 nömrəli, kod 30224018 səyiı dövlət aktına əsasən 1,15 ha torpaq sahəsinin kateqoriyası elektron baza (DWG) məlumatlarına əsasən bir hissəsi kənd təsərrüfatı təyinatlı örüş və arxlar kimi göstərilmişdir, lakin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X5 və digər təyinatlı torpaqlara aid olması göstərilmişdir. torpağa mülkiyyət hüququna dair JN- 723 nömrəli, kod 30224018 saylı dövlət aktına əsasən 3,2 ha torpaq sahəsinin kateqoriyası Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı əkin, elektron baza (DWG) məlumatlarına əsasən bir hissəsi bələdiyyə ehtiyat fondu torpaqları, bir hissəsi isə kənd təsərrüfatlı kollu-örüş torpaq sahəsi kimi göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia tələbindən görünür ki, iddiaçı Xaçmaz rayon Çarxı bələdiyyəsinin 25 aprel 2006cı il tarixli 05 saylı qərarları əsasında (eyni tarixli və eyni nömrəli qərarlarla) 3.20 və 1.15 ha torpaq sahələri alqı-satqı qaydasında ayrılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktlarından görünür ki, 3.20 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı, 1.15 ha torpaq sahəsi isə sahibkarlıq məqsədləri ilə ayrılmşdır. Hazırda iddiaçı həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Cavabdeh isə təqdim edilmiş dövlət aktlarının vahid məlumat bazasında öz əksini tapmadığı və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qedə alınmadığını bildirərək iddiaçıya imtina cavabı verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (...) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarları və onların əsasında verilmiş dövlət aktları Xaçmaz rayon Dövlət Arxivində və "xxxx" MMC-də aşkar edilməmişdir. Xaçmaz rayon Dövlət Arxivi hətta Xaçmaz rayon Çarxı bələdiyyəsinin ümumiyyətlə 25 aprel 2006-cı il tarixə aid protokollarının mövcud olmaması,05 saylı protokolun 17 mart 2006-cı il tarixə aid olduğunu və İddiaçı aid torpaqayrma sənədlərinin aşkarlanmadığını bildlrimişdir. Bununla bağlı məhkəmə Xaçmaz rayonu Çarxı bələdiyyəsinə sorğu ünvanlamışdır, həmin bələdiyyə isə öz növbəsində həmin ilərə aid bütün sənədlərin dövlət arxivinə təhvil verildiyini və bu səbəbdən sözügedən qərarların həqiqiliyini təsdiq etməyə çətinlik çəkdiyini bildirmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş bələdiyyə qərarının arxiv əsasları mövcud deyildir. Beliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Bundan başqa iş üzrə alınmış mütəxəssis rəyi ilə bələdiyyə qərarı əsasında ayrılmış 1,15 ha torpaq sahəsinin kateqoriyasının elektron baza (DWG) məlumatlarına əsasən bir hissəsinin kənd təsərrüfatı təyinatlı örüş və arxlar kimi göstərilməsi, lakin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olduğunun göstərilməsi, 3.20 ha torpaq sahəsinin katerqoriyasının TEKUİS sistemində kənd təsərrüfatı təyinatlı əkin, elektron baza məlumatlarına əsasən bir hissəsinin bələdiyyə ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsi kimi göstərilməsi müəyyən edilmişdir. Məhkəmə mübahisəli torpaq sahələrinin qonşuluğunda yerləşən torpaq sahələrinin kateqoriyası və təyinatı barədə məlumat almaq üçün cavabdeh orqana sorğu ilə müraciət etmişdir. Cavabdeh orqan iddiaçınını istifadəsində olan 3.20 ha və 1.15 torpaq sahələrinin ətrafında yerləşən torpaq sahələrinin bələdiyyənin ehtiyat fondu torpaqları, kənd təsərrüfatı təyinatlı əkin torpaqları olduğunu və müvafiq çıxarışlar verildiyini bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə görə torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür : kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Həmin Məcəllənin 33-cü maddəsinin 4-cü bəndinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Qanunvericiliyin normalarından göründüyü kimi yalnız kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar alqı-satqı predmeti ola və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə verilə bilər. İddiaçıya ayrılmış torpaqlar kənd təsərrqfatı təyinatlı olduğu halda ümumiyyətlə, alqısatqı predmeti ola bilməzdi. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar