Məhkəmə qərarları › İş №2-1(118)-745/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-745/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-745/2021 17.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “övladları xx.xx.2020-ci il təvəllüdlü X1 “Cəbrayılova”dan “Səmədzadə”yə dəyişdirilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladları var: xx xxxxxx 2020-ci il təvəllüdlü X5. Onlar, övladlar xx xxxxxx 2020-ci il təvəllüdlü X4 “Səmədzadə” soyadını vermək istəyirlər. Bunun üçün onlar cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək övladları soyadının “Cəbrayılova”dan “Səmədzadə”yə dəyişdirilməsini xahiş etmişlər. Lakin xahişləri təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Sonradan iddiaçılar iddia tələbinə dəqiqləşdirmə verərək, övladları xx.xx.2020-ci il təvəllüdlü X1 “Cəbrayılova”dan “Səmədzadə”yə dəyişdirilməsinə icazə verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdilər. Məhkəmə prosesində iştirak edən iddiaçılar eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 və həyat yoldaşı İddiaçı2 Sumqayıt şəhər İcra Hakimiyyətinə birgə ərizə ilə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X1 “Səmədzadə” kimi dəyişdirilməsinə icazə verilməsini xahiş etmişlər. Qaldırılan məsələ ilə bağlı iddiaçı və həyat yoldaşı Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçilər İddiaçı2 ilə İddiaçı1 birgə nikahından doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X2 olaraq “Cəbrayılova" soyadı daşıdığını, xx.xx.2020 il təvəllüdlü X1 “Səmədzadə” kimi dəyişdirilməsini xahiş etmişdir. İddiaçıya və həyat yoldaşına uşağın soyadının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı xx.xx.2021-ci il tarixli, C-8-164 nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubunda qaldırılan məsələnin Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyət çərçivəsində olmadığını göstərən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsi və 189-cu maddəsi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İddiaçı1 və həyat yoldaşı İddiaçı2 Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim etdiyi birgə ərizədə soyadının dəyişdirilməsini tələb etdikləri şəxsin 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən övladları, xx.xx.2020-ci il təvəllüdlü X3 özünün yalnız 18 yaşına çatdıqdan sonra soyadının “Səmədzadə” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. 18 yaşına çatanadək isə xx.xx.2020-ci il təvəllüdlü X3 valideynləri, yəni İddiaçı1 və həyat yoldaşı İddiaçı2 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla soyadı yalnız digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bilər. Sumqayıt şəhər İcra Hakimiyyətinə daxil olmuş birgə ərizəyə əlavə edilmiş sənədlərdə isə xx.xx.2020-cü il təvəllüdlü X3 atasının “Cəbrayılov”, anasının soyadı isə “Əliyeva” kimi göstərilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, ərizəçilərə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyi və eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsinə əsasən uşağın 18 yaşına çatana qədər soyadının dəyişdirilməsini valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə almaqla digər valideynin soyadına dəyişdirilməsinə icazə verilməsi barədə cavab məktubu göndərilmişdir. İddiaçı1 tərəfimizdən göndərilmiş C-8-164 nömrəli, xx.xx.2021 -ci il tarixli cavab məktubunu əsaslı olduğunu bildirərək xx.xx.2020-ci il təvəllüdlü X1 “Səmədzadə” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbininin rədd olunmasını xahiş edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Cavabdehin xx.xx.2021ci il tarixli, C-8-164 nömrəli imtina məktubu, xx.xx.2021-ci il tarixli, 92 nömrəli etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cu bəndinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar övladları X4 xx.xx.2020-ci il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamə almışlar. İddiaçılar övladları xx.xx.2020-ci il təvəllüdlü X1 “Cəbrayılova”dan “Səmədzadə”yə dəyişdirilməsinə icazə verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh haqlı olaraq Ailə Məcəlləsinin tələblərinə əsasən müvafiq tələblərini təmin etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən uşağın 18 yaşına çatana qədər soyadının dəyişdirilməsini valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə almaqla digər valideynin soyadına dəyişdirilməsinə yol verildiyinə görə iddiaçının tələbi əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cu bəndinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Qanunvericilik aktlarında uşağın soyadının özlərinin soyadı ilə deyil digər soyadla dəyişdirilməsi öz əksini tapmamışdır və bu səbəbdən də övladları xx.xx.2020-ci il təvəllüdlü X1 “Cəbrayılova”dan “Səmədzadə”yə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, uşağın adının, ata adının və soyadın dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.25-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıların övladının soyadının dəyişdirilməsinə icazə verilməməsinə görə cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçıların tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “övladları xx.xx.2020-ci il təvəllüdlü X1 “Cəbrayılova”dan “Səmədzadə”yə dəyişdirilməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar