Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-745/2022 08.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 07 dekabr 2021-ci il tarixli **********60 saylı imtinasının əsassız hesab olunaraq ləğv olunması və ünvan 1 ünvanında yerləşən ona məxsus 162,7 kv.m sahədə yerləşən evin və həyətyanı torpaq sahəsinin texniki pasportunun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia qaldıraraq “DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 07 dekabr 2021-ci il tarixli **********60 saylı imtinasının əsassız hesab olunaraq ləğv olunması və ünvan 1 ünvanında yerləşən ona məxsus 162,7 kv.m sahədə yerləşən evin və həyətyanı torpaq sahəsinin texniki pasportunun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında həmin normaya uyğun olaraq iddiaçıya hüquqi yardım edildi və torpaq sahəsinə texniki pasportun verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı, tələbin həmin tələbə cavab verməli orqana yönəldilməli olması və fərdi yaşayış evinə dair digər şəxslərlə aralarındakı mübahisəli məsələyə inzibati məhkəmə icraatında baxılmalı olmaması izah edildi. Məhkəmə iclasında iştirak edən iddiaçı fərdi yaşayış evinə dair mübahisənin olduğunu, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun qeydiyyata alındığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 10 avqust 2021-ci il tarixli məktubunda iddiaçının mülkiyyətində olan evin üzərində mübahisə olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evi ilə bağlı şəxslər arasında olan mübahisə inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyildir. Bundan əlavə iddiaçı torpaq sahəsinə də texniki pasportun verilməsini tələb edir ki, qanunvericilikdə torpaq sahəsinə texniki pasportun verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçı cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini qoymuşdur ki, həmin idarə hazırki iddiaya cavab verməli orqan deyildir. Belə ki, yaşayış evinə texniki pasportun verilməsi birbaşa həmin orqanın deyil, onun müvafiq ərazi qurumlarının səlahiyyətindədir. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi və ya hərəkətsizlik göstərildiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 07 dekabr 2021-ci il tarixli **********60 saylı imtinasının əsassız hesab olunaraq ləğv olunması və ünvan 1 ünvanında yerləşən ona məxsus 162,7 kv.m sahədə yerləşən evin və həyətyanı torpaq sahəsinin texniki pasportunun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-745/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-745/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver