Məhkəmə qərarları › İş №2-1(118)-745/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-745/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-745/2025 16.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon İcra Hakimiyyətinin Cabanı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Əngəxaran kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında edilən qeyd üzrə Şamaxı rayon Əngəxaran kəndi ərazisində 0,04 ha torpaq sahəsi onun adına ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqandan imtina cavabı almışdır. İmtinanın əsası kimi müvafiq torpaq sahəsinə dair ayrıc aktının (plan-sxem) ərizəyə əlavə edilməməsi, iddiaçının istifadəsində olan faktiki torpaq sahəsinin baza məlumatlarında örüş torpaqlarına aid olması və həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına plan və ölçü sənədinin tərtib edilməsi bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsində müvafiq məhkəmə baxışına X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 09 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair izahat vermişdir. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı yazılı etiraz, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edilən zaman cavabdeh orqan tərəfindən Şamaxı rayon İcra Hakimiyyətinin Cabanı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Əngəxaran kəndi üzrə təsərrüfatbaşına kitablarında İddiaçı ayrılmış torpaq sahəsinin ayrılmasına dair ayrıc aktının (plan-sxem) ərizəyə daxil edilməməsi; faktiki torpaq sahəsinin müayinəsi zamanı torpaq sahəsinin təyinatının örüş torpaq olması; müvafiq torpaq sahəsinin ləğv edilmiş DT və XK tərəfindən başqa şəxsin adına plan və ölçü sənədinin işlənilməsi ilə əsaslandırmışdır. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Əlavə olaraq, X3 məhkəməyə ünvanladığı teleqram vasitəsilə iş üzrə hər hansı bir tələbinin və iddiasının olmadığını, habelə məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin 10 oktyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının cavabdeh orqana müraciəti ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • İşdə olan 26 sentyabr 2024-cü il tarixli 3-21-3-41/2-2122/2024 nömrəli sorğuya cavab məktubunda İddiaçı ayrılmış 0,04 ha topraq sahəsinin faktiki olaraq 192kv.m hissəsinin **********0137 nömrəli plan-ölçü sənədinə əsasən Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin 24 mart 2006-cı il tarixli 04 saylı qərarı ilə X1 ayrılmış 0,08 ha torpaq sahəsi ilə üst üstə düşdüyü qeyd edilir. • İşdə olan daşınmaz əmlakın texniki vəziyyəti əks etdirən müayinə (baxış) atkına əsasən İddiaçı ayrılmış torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,04 ha olmaq faktiki olaraq 0,0434 ha təşkil etməkdədir və torpaq sahəsi təyinatına görə həyətyanı məqsədilə verilmişdir. • İşdə olan 25 avqust 2023-cü il tarixli 3-48-11F/-2-Ə-286-39-23 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X4 tərəfindən verilən arxiv çıxarışında Şamaxı rayon İcra Hakimiyyətinin Cabanı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1986- 1990-cı illərin Əngəxaran kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Şamaxı rayon Əngəxaran kənd sakini (şəxsi hesab nömrəsi 854) Əngəxaran kəndi ərazisində 0,04 ha torpaq sahəsi İddiaçı ayrılması faktı qeyd olunur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi ona Şamaxı rayon İcra Hakimiyyətinin Cabanı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Əngəxaran kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Əngəxaran kəndi ərazisində 0,04 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Şamaxı rayonu, Cabanı kəndi olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Şamaxı rayonu Cabanı kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şamaxı rayon İcra Hakimiyyətinin Cabanı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Əngəxaran kəndi üzrə təsərrüfatbaşına kitablarında İddiaçı ayrılmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh təşkilat tərəfindən aşağıdakı səbəblərdən imtina edilmişdir: 1) Şamaxı rayon İcra Hakimiyyətinin Cabanı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Əngəxaran kəndi üzrə təsərrüfatbaşına kitablarında İddiaçı ayrılmış torpaq sahəsinin ayrılmasına dair ayrıc aktı (plansxem) ərizəyə daxil edilməməsi; 2) Faktiki torpaq sahəsinin müayinəsi zamanı torpaq sahəsinin təyinatının örüş torpaqlarına aid olması; 3) Müvafiq torpaq sahəsinin 192 kv.m hissəsinin başqa şəxsin adına adına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi.

Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə cavabdehin əsassız olaraq gətirdiyi arqumentlərə münasibətdə ümumi olaraq qeyd edir ki, Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi iddiaçının adına ayrılmışdır və bu ayrılma 25 avqust 2023-cü il tarixli 3-48-11F/-2-Ə-286-39-23 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X4 tərəfindən verilən, Şamaxı rayon İcra Hakimiyyətinin Cabanı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Əngəxaran kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Şamaxı rayon Əngəxaran kənd sakini (şəxsi hesab nömrəsi 854) Əngəxaran kəndi ərazisində 0,04 ha torpaq sahəsi İddiaçı ayrılması barədə arxiv çıxarışı ilə təsdiq olunur. Digər imtinaya münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın 26 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda məhkəməyə ünvanlanmış daşınmaz əmlakın texniki vəziyyəti əks etdirən müayinə (baxış) atkına əsasən İddiaçı ayrılmış torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,04 ha olmaq faktiki olaraq 0,0434 ha təşkil etməkdədir və torpaq sahəsi təyinatına görə həyətyanı məqsədilə verilmişdir. Son imtinaya münasibətdə isə məhkəmə qeyd edir ki, iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X3 tərəfindən məhkəməyə ünvanlanmış teleqram vasitəsilə onun iş üzrə hər hansı bir tələbinin və iddiasının olmadığını bildirilmişdir. Beləliklə cavabdeh orqan tərəfindən iddia tələbinin rədd edilməsinə yönəldilmiş imtina əsasları məhkəmə araşdırması nəticəsində təkzib edilmiş və iddia tələbinin təmin edilməməsi üçün heç bir əsas qalmamışdır. Başqa sözlə desək, cavabdeh orqanın öz etirazında qeyd etdiyi halları təsdiqləyən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməyərək formal olaraq etiraz irəli sürmüşdür. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017ci il tarixli qərarı). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı ayrılmış Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı rayon Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar