Məhkəmə qərarları › İş №2-1(118)-746/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-746/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-746/2021 16.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Siyəzən rayon Siyəzən bələdiyyəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən X2 adına verilmiş JN-2962 A, KOD 30501004 olan mülkiyyət hüququna dair şəhadətnamənin etibarsızlığı və bu şəhadətnamə əsasında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2016-cı il tarixli **********47 reyesrtli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Siyəzən rayon Siyəzən bələdiyyəsi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X2 adına verilmiş JN-2962 A, KOD 30501004 olan mülkiyyət hüququna dair şəhadətnamənin etibarsızlığı və bu şəhadətnamə əsasında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2016-cı il tarixli **********47 reyesrtli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 26.10.2021-ci il tarixli qərardadı ilə Dadaşova Esmiralda Hüseyn qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən bələdiyyəsi 02 iyun 2014-cü il tarixli 6-1 saylı ilkin qərar qəbul edərək, T.İsmayılov küçəsində Uşaq bağçası kompleksinin tikintisi üçün 0,4 ha torpaq sahəsi ayrılması məqsədilə sənədləşmə işlərinə başlamışdır. Prosedur qaydasına uyğun olaraq DT və XK-nin Siyəzən rayon şöbəsinin 04.06.2014-cü il tarixli 260№-li, Siyəzən rayon İH-nin MTB-nin 09.06.2014-cü il tarixli 160№-li rəyləri alınaraq sənədlər müvafiq çıxarışın alınması üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmişdir. Sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, ayrılması nəzərdə tutulan 0,4 ha torpaq sahəsinin bir hissəsi X4 verilmiş JN-2962 A kod 30501004 saylı mülkiyyət hüququna dair Şəhadətnamə ilə üst-üstə düşür. Qeyd olunan şəhadətnamənin hansı sənəd əsasında verilməsi çox müəmmalıdır. Belə ki, həmin küçə yalnız ictimai tikililər üçün nəzərdə tutulmuş və orada ümumiyyətlə, fərdi yaşayış evi yoxdur. Ayrılması nəzərdə tutulan ərazi 2 mərtəbəli birgə yaşayış binalarının əhatəsindədir. Bundan əlavə Siyəzən bələdiyyəsində olan xüsusi torpaq mülkiyyətçilərinin və vergi ödəyicilərinin siyahısında X2 adı yoxdur. Digər tərəfdən Şəhadətnamələrin verilməsi üçün əsas olan Siyəzən rayon X8 İcraiyyə Komitəsinin qərarı da yoxdur.Yəni, qeyd olunan ərazidə heç kim üçün fərdi yaşayış torpaq sahəsi ayrılmamışdır. Belə çıxır ki, şəhadətnamə saxta yolla hazırlanmış və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İmamcan Əliyev iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçı Siyəzən Bələdiyyəsi 26 iyul 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ümumiyyətlə müraciət etməmişdir. Halbuki, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada çıxarışın ləğvi ilə bağlı 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, iddiaçı Siyəzən Bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Haızırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İş materiallarında olan : - Siyəzən bələdiyyəsi 02 İyun 2014-cü il tarixli 6-1 saylı qərarından çıxarışdan görünür ki, T.İsmayılov küçəsində Uşaq bağçası kompleksinin tikintisi üçün 0,4 ha torpaq sahəsi ayrılması məqsədilə sənədləşmə işlərinə başlamışdır. - Siyəzən rayon İHB aparatının MT/05-111 saylı, 05.06.2014-cü il tarixli rəyindən görünür ki, idarə Siyəzən bələdiyyəsinin mülkiyyətinə aid uşaq bağçası tikintisi məqsədi ilə müsabiqəyə çıxarılan 4000 kv m və 0,4 ha torpaq sahəsinin icarəyə verilməsinə etiraz etmir. -DTXK-nin Siyəzən rayon Şöbəsinin 04.06.2014-cü il tarixli 260 nömrəli rəyindən görünür ki, Siyəzən bələdiyyəsinin mülkiyyətinə aid 4000 kv.m və 0,4 ha torpaq sahəsinin icarə məqsədi ilə açıq torpaq müsabiqəsinə çıxarılması qanunamüvafiqdir. -Torpağın mülkiyyətə verilməsinə dair JN-2962A KOD 30501004 seriayalı şəhadətnamədən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı sərəncamı ilə X4 Siyəzən şəhəri ərazisindən 0.05 hektar torpaq sahəsi ayrılmışdır. -RX ******* seriyalı 02 may 2014-cü il tarixli reyestrdən çıxarışdan görünür ki, Siyəzən şəhərində yerləşən 0.05 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. - Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən tərtib edilmiş AA № 003869 seriyalı torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki,həmin sənəd X7 xüsusi mülkiyyətində olan Siyəzən şəhərində yerləşən 0.05 ha torpaq sahəsi barəsindədir. -11.07.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnamədən görünür ki, 14.03.2014-cü il tarixdə ölmüş X5 vərəsəsi Dadaşova Esmiralda Hüseyn qızıdır. -26.07.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən şəhəri ərazisində 0.05 ha torpaq sahəsi Dadaşova Esmiralda Hüseyn qızının mülkiyytindədir . -Məhkəmənin sorğusuna əsasən Siyəzən rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 501/3-221 nömrəli cavab məktubundan görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 2006-cl il 21 aprel tarixli 93 nömrəli sərəncamı Siyəzən şəhərinin bütün sakinlərinə aid olduğundan ona siyahı əlavə edilməmişdir. -Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cl il tarixli 93 nğmrəli sərəncamından görünür ki, Siyəzən şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələri onlaraın xüsusi mülkiyyətinə verilməsi və Siyəzən şəhəri üzrə xüsusi və dövlət mülkiyyətindən kənarda olan torpaq sahələrinin bələdiyyə mülkiyyətinı verilməsi qərara alınmışdır. -Siyəzən rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli 2(059)-276/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Dadaşova Esmiralda Hüseyn qızının cavabdeh X3 qarşı iddiaçının mülkiyyətində olan torpaq sahəsində uşaq bağçası kompleksinin cavabdeh tərəfindən sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması həmin sahənin iddiaçının mülkiyyətinə verilməklə istifadə və sahibliyinə qaytarılması dair iddiası təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(105)-1472/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Dadaşova Esmiralda Hüseyn qızının apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Siyəzən rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli 2(059)-276/2017 saylı qətnaməsinin iddiaçı Dadaşova Esmiralda Hüseyn qızına münasibətdə dəyişdirlmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin2(102)-6406/2018 saylı 08.10.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı Dadaşova Esmiralda Hüseyn qızının kassasiya şikayətinin təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(105)-1472/2018 saylı qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərfinfən verilmiş 30.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Ləğv edilmiş DTXK-si tərəfindən X2 adına verilmiş JN- 2962A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməmin verilməsinə əsas olan arxiv sənədləri ləğv edilmiş DTXK-si tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. 25.06.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin tələblərinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı sərəncamı ilə X4 ayrılmış 0.05 ha torpaq sahəsinə dair DTXK-nin Siyəzən rayon şöbəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı həmin şəhadətnamənin verilməsi üçün əsasların müəyyən edilmədiyini və M.Dadaşovun torpaq mülkiyyətçiləri siyahısında adının olmamasına istinad edərək həmin şəhadətnamənin etibarsız hesab edilməsini və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı Dadaşova Esmiralda Hüseyn qızının cavabdeh X3 qarşı uşaq bağçası kompleksinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddası Siyəzən rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin mülki iş üzrə mütəxəssis rəyi ilə E.Dadaşovanın mülkiyyətindı olan 0.05 ha torpaq sahəsi ilə cavabdeh X.Əsgərova ayrılmış 0.40 ha torpaq sahəsinin qismən üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Z.Əsgərova ayrılmış torpaq sahəsində tikimti işlərinin aparılmasına dair sərəncam mübahisələndirilmədiyindən iddiaçı hazırki tələb ilə bağlı hüquqi səlahiyyətə malik olmamışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etmək hüququna malikdir. Bundan başqa həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin əsaslandırma hissəsində qeyd edilmişdir ki, cavabdeh tərəf mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədi ilə iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsi əvəzində ona başqa ərazidə, Siyəzən şəhərinin mərkəzində 0.10 ha torpaq sahəsi verməyə hazır olduğunu bildirmişdir. Məhkəmə həmçinin sökülməsi tələb olunan tikilinin sosial obyekt hesab olunan uşaq bağçası olduğunu nəzərə almışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli 0.05 ha torpaq sahəsinin mövcud olması və uşaq bağçası kompeksinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi sübuta yetmişdir. Lakin bu hal torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi mərhum M.Dadaşovun istifadəsinə və mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada qyrılmışdır və hazırda həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən inzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göstərilən qanunvericilik normalarından aydın olur ki, qanunverici inzibati aktın etibarslz hesab edilməsi üçün konkret əsaslar müəyyən etmişdir. Həmin hallardan heç biri sözügedən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün şamil edilə bilməz. Məhkəmə mərhum M.Dadaşova verilmiş şəhadətnamənin saxta olmasına dair iddiaçının dəlillərini əsassız hesab edir, şəhadətnamənin verilməsi üçün əsas olmuş yerli icra hakimiyyəti oqanının sərəncamı qüvvədədir və etibarsız hesab edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Siyəzən rayon Siyəzən Bələdiyyəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X2 adına verilmiş JN-2962 A, KOD 30501004 olan mülkiyyət hüququna dair şəhadətnamənin etibarsızlığı və bu şəhadətnamə əsasında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2016-cı il tarixli **********47 reyesrtli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar