Məhkəmə qərarları › İş №2-1(118)-746/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-746/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-746/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə (Abşeron rayonu Məmmədli kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu X4 sovxozunun xx.xx.1989-cu il tarixli 07 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu X4 sovxozunun xx.xx.1989-cu il tarixli 07 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi Sovxozun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 361 nömrəli qərarına və sovxoz fəhlə və qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının 02 sentyabr 1989-cu il tarixli iclasının 3 saylı protokoluna əsasən ona ayrılmışdır. Torpaq sahəsi ayrılan gündən faktiki olaraq 30 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün cavabdeh idarəyə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2021-ci il tarixli **********68 saylı imtina məktubu ilə təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 02 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin bir hissəsinə dair ləğv edilmiş DT və XK tərəfindən Aqrar İslahat Komissiyasının qərarı əsasında **********00337 nömrəli plan ölçü sənədinin tərtib olunduğu müəyyən edilmişdir. Bundan başqa arxiv əsaslarında saxlanılan adlı siyahıda göstərilən hüquq sahiblərinin şəxsiyyətini təsdiq edən sənədlərin (eyniləşdirmə əməliyyatının aparılması üçün) müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan : -Abşeron rayonu Məmmədli südçülük tərəvəzçilik sovxozu üzrə xx.xx.1989-cu il tarixli əmrdən çıxarışdan görünür ki, sovxozun fəhlə və qulluqçularının hər birinə, o cümlədən İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarından görünür ki,Məmmədli meyvəçilik südçülük sovxozunun yerli aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 06-07 saylı protokolu təsdiq edilmişdir. -Torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə 1201.68 kv m torpaq sahəsinə dair İddiaçı adına plan və ölçü sənədi tərtib edilmişdir. - Abşeron rayonu Məmmədli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin qanuni istifadəsinə 0.12 ha torpaq sahəsi vardır. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Məmmədli südçülük tərəvəzçilik sovxozu üzrə xx.xx.1989-cu il tarixli əmrinə əsasən sovxozun fəhlə və qullquçülarının hər birinə, o cümlədən İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi iddiaçıya X4 sovxozunun qərarı əsasında ayrılmışdır. Daha sonra həmin torpaq sahəsinə dair aqrarisalahat komissiyasının qərarı da verilmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlər reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri Siyahısı”nın 1.4-cü bəndinə görə rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarla ayrılmış torpaq sahələri nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin imtina cavabı üçün dəlillərindən biri X1 dəyişdirilməsi ilə bağlı sənədin əlavə edilmədiyi, digəri torpaq sahəsinə sair plan və ölçü sənədinin tərtib edildiyi, üçüncü əlili isə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarında 1998-ci il təvəllüdlü X5 adının qeyd olunması göstərilmişdir. İş materiallarına əlavə edilmiş nikah şəhadətnaməsindən götünür ki, X2 Orxan Rəsul oğlu ilə xx.xx.2015-ci il tarixdə nikaha girərək ərinin soyadını qəbul etmişdir. Cavabdeh etirazında həmçinin ilkin planın olmamasını da öz dəlillərinə əlavə etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ilkin planının olmaması hazırki halda iddiadan imtina üçün əsas ola bilməz. belə ki torpaq sahəsi uzun illərdir iddiaçının istifadəsindədir, yəni yeri bəllidir və hətta cavabdeh orqanın özü tərəfindən plan və ölçü sənədinin tərtib edilmişdir. Qeyd olunmaldıır ki, torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi də öz növbəsində mülkiyət hüququnun qeydiyyatından imtuna üçün əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun özündə mülkiyyət hüququnun qeydə alınması üçün müraciətə plan vı ölçü sənədinin ərizəyə əlavə edilməli olması barədə müddəa vardır. Buna görə həmin sənədin tərtib edilmiş olmasının imtina üçün əsas kimi göstərilməsi anlaşılan deyildir. 998-ci il təvəllüdlü X5 1997-ci ilin dekabr ayına aid aqrar islahat komissiyasının qərarında göstərilməsi iddiaçının təqsiri üzündən baş vermişdir. Görünür ki, həmin qərar sonradan, yəni növbəti 1998-ci ildə tərtib edilmişdir ki, hazırki vəziyyətdə buna görə İddiaçı hüquqları məhdudlaşdırılmamalıdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılması iş materisalları ilə təsdiq edildiyindən iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu X4 sovxozunun xx.xx.1989-cu il tarixli 07 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar