Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7466/2025 19.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. "xxxx" MTK-nın X8 18 iyun 2025-ci il tarixli, 167 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Soltan qızı kooperativə üzv qəbul olunmaqla, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus 3-cü binanın 8-ci mərtəbəsində yaşayış sahəsi 23,07 kv.m olan 1 otaqlı, 40 saylı mənzil sahəsinin pay haqqı ödənildiyindən, onun payçısı olması təsdiq edilmişdir.
2. "xxxx" MTK-nın 18 iyun 2025-ci il tarixli, 167 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Soltan qızının Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK-ya məxsus 3-cü bina, 8-ci mərtəbə, 45,85 kv.m ümumi sahəsi olan 40 saylı mənzilə borcu yoxdur.
3. "xxxx" MTK-nın 18 iyun 2025-ci il tarixli, 203 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesinin 14-cü km-də yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 3-cü binanın 8-ci mərtəbəsində İddiaçı Soltan qızının adına olan 40 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışla, eləcə də texniki pasportla təmin edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.
4. "xxxx" MTK tərəfindən təsdiq edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi yaşayış binaları 3-4-5-ci binaların eyni tipli mərtəbə planı.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 8 iyul 2025-ci il tarixli, 3-21-3-32/2-11133/25 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə mənzilin otaq sayına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, müraciət üzrə təqdim olunmuş sənədlərdə mənzil 1 otaqlı qeyd edilsə də, arxiv əsaslarında saxlanılan binanın eskiz layihəsində sözügedən mənzilin 3 otaqlı kimi göstərildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.
6. "xxxx" MTK-nın 17 sentyabr 2025-ci il tarixli, 236 nömrəli arayışından görünür ki, Gadimova X7 rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesinin 14-cü km ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yaşayış kompleksində olan 3 saylı binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 126,56 kv.m-dən ibarət olmuş və onu bölərək 1 və 2 otaqlı mənzilə çevrilmişdir. Mənzilin 1 otaqdan 45,85 kv.m-dən ibarət hissənin içərisində heç bir rekonstruksiya əlavələri və azaltma işləri görülmədən ayrıca mənzil kimi X1 və sxemdə öz əksini tapmışdır. 2 otaqdan 74,70 kv.m-dən ibarət mənzil isə içərisində heç bir rekonstruksiya əlavələri və azaltma işləri görülmədən ayrıca mənzil kimi X2 və sxemdə öz əksini tapmışdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. 28 iyun 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, daşınmaz əmlakın ölçüləri texniki göstəricilər və hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 45,85 kv.m, əsas sahəsi 23,07 kv.m, köməkçi sahə 22,78 kv.m olaraq göstərilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 24 noyabr 2025-ci il tarixli, 3-21-3-32/2-20925/2025 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanına dair qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkarlanmamışdır. Qoşma şəklində həmin mənzilin qonşuluğunda yerləşən mənzillərə dair aşağıdakı sənədlərin surəti göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X12 xüsusi mülkiyyətindədir. Mənzilə dair digər hüquq müəyyənedici və texniki sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, "xxxx" yaşayış kompleksi, ev 3, mənzil 3 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir. Mənzilə dair digər hüquq müəyyənedici və texniki sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyətindədir. Mənzilə dair digər hüquq müəyyənedici və texniki sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil X9 xüsusi mülkiyyətindədir. Mənzilə dair digər hüquq müəyyənedici və texniki sənədlər;
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
9. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 45,85 kv.m olan 1 otaqlı mənzilin iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 9 ünvanında olan 40 saylı (sahəsi – 45,85 kv.m) mənzilin 1 otağı iddiaçının mülkiyyətindədir. Belə ki, mənzil 3 otaqdan ibarət olsa da, ona 1 otaq satılmışdır, buna dair maliyyə arayışı və protokoldan çıxarış verilmişdir. Mənzilin ayrıca girişi, özünün kommunal xətləri vardır. Həmin mənzilin mülkiyyət hüququnun tanınması və çıxarışın (texniki pasportun) verilməsi üçün cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən isə imtina edilmişdir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 8.0.6, 15, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.
12. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. Məhkəmənin 1 dekabr 2025-ci il tarixli protokol-qərardadı ilə iddiaçının cavabdehə qarşı “mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə "xxxx" MTK üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.
14. Məhkəmənin 5 dekabr 2025-ci il tarixli, 2-1(118)-7466/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, müraciət üzrə əlavə edilmiş sənədlərdə mənzilin otaq sayına münasibətdə uyğunsuzluq olduğu, arxiv əsaslarında saxlanılan binanın eskiz layihəsində sözügedən mənzilin 3 otaqlı kimi göstərildiyi halda müraciət üzrə təqdim olunmuş sənədlərdə mənzilin bölünərək 1 otaqlı kimi qeyd edildiyi müəyyən edilmişdir.
18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 9, 11.1, 15, 23-cü maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
31. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... (-)
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi X8 qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
36. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
37. Məhkəmə tərəflərin mövqelərini, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
38. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
39. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, mübahisə predmeti olan birotaqlı mənzili üçüncü şəxs MTK-dan əldə etmiş, əvvəl üç otaqlı mənzilə daxil olduğuna baxmayaraq, ayrıca girişi və kommunal xətləri mövcuddur.
40. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, arxiv əsaslarında saxlanılan binanın eskiz layihəsində sözügedən mənzilin 3 otaqlı kimi göstərildiyi halda müraciət üzrə təqdim olunmuş sənədlərdə mənzilin bölünərək 1 otaqlı kimi qeyd edildiyi müəyyən edilmişdir.
41. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MTK-nın X8 18 iyun 2025-ci il tarixli, 167 saylı protokol-qərarı ilə iddiaçı kooperativə üzv qəbul olunmuş, tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus 3-cü binanın 8-ci mərtəbəsində yaşayış sahəsi 23,07 kv.m olan 1 otaqlı, 40 saylı mənzil sahəsinin pay haqqı ödənilmiş, mənzilə dair hər hansı borcu müəyyən edilməmişdir.
42. Məhkəmə araşdırması zamanı təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, texniki göstəriciləri və hüquq müəyyənedici sənədlərdə əks edilmiş əmlakın ölçüləri eynilik təşkil etməklə, mənzilin ümumi sahəsi 45,85 kv.m, əsas sahəsi 23,07 kv.m, köməkçi sahəsi isə 22,78 kv.m olaraq müəyyən edilmişdir.
43. Cavabdeh tərəfin etiraz dəlili ilə əlaqədar məhkəmə bildirir ki, mübahisələndirilən mənzili iddiaçıya satmış "xxxx" MTK-nın verdiyi məlumata əsasən müəyyən edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, "xxxx" yaşayış kompleksi, 3-cü binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 126,56 kv.m-dən ibarət olmuş mənzil bölünmüş, 1 və 2 otaqlı mənzilə çevrilmiş, mənzilin 1 otaqdan, 45,85 kv.m-dən ibarət hissəsi rekonstruksiya əlavələri və azaltma işləri görülmədən ayrıca mənzil kimi iddiaçıya, 2 otaqdan, 74,70 kv.m-dən ibarət mənzil isə eyni qaydada ayrıca mənzil kimi digər şəxsə satılmışdır.
44. Bundan əlavə, iş materiallarına əlavə edilmiş yaşayış binaların mərtəbə planında da mübahisə predmeti olan mənzilin bölünməsi və ayrılmış formada əks olunması öz təsdiqini tapmışdır.
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi X8 qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
46. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh orqanın iddiaçının müraciətinə münasibətdə təqdim etdiyi imtinanı əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
47. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
48. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.
49. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan ona məxsus mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki sənədlərin verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.
50. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, ünvan 8 üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
51. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 45,85 kv.m olan 1 otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova