Məhkəmə qərarları › İş №2-1(118)-747/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-747/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-747/2025 17.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən heablanması, əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Binəqədi rayon 1 nömrəli filialının 15 noyabr 2023-ü il tarixli, 13 saylı arayışın surətindən görünür ki, İddiaçı (bundan sonra – “iddiaçı”) ərizəsinə əsasən, keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki idman Cəmiyyətinin 2 saylı Bakı Birləşmiş Texniki Məktəbinə işə qəbul olunmasına dair əmr əşkar edilməmişdir. Onun 1985-ci ilin fevral ayından 1993-cü ilin avqust ayınadək 2 saylı Bakı Birləşmiş Texniki məktəbində sürücülük üzrə istehsalat təlim ustası vəzifəsində işləməsi arxivdə aşkar edilmiş əmək haqqının hesablanması üzrə şəxsi hesab vərəqəsində öz əksini tapır. 2 saylı Bakı Birləşmiş Texniki məktəbinin 3 avqust 1993-cü il tarixli, 55 nömrəli əmrinə əsasən, 18 avqust 1993-cü il tarixdə işdən azad edilmişdir.

2. İddiaçıya məxsus ИТ seriyalı, ******* saylı əmək kitabçasının 12-15-ci səhifələrində olan məlumatlardan görünür ki, o, 1 noyabr 1999-cu il tarixdən 17 aprel 2007-ci il tarixədək “X2 LTD” MMC-də (bundan sonra –“MMC”) işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə (müqavilənin müddətinin bitməsi ilə) əsasən, işdən azad edilmişdir (Əmr №045/17 aprel 2007).

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra - “cavabdeh”) 1 sentyabr 2023-cü il tarixli “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Qanun”) 12.1-ci maddəsinin 2 iyul 2007-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən orta aylıq əmək haqqı əsasında İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək oian dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Həmçinin bildiririlmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək 10 il 1 ay 2 gün sığorta stajı, 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2007-ci il tarixinədək 786,70 manat pensiya kapitalı və 1 iyul 2007-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz 1 mart 2015-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 3.968,72 manat pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyanın məbləği yenidən hesablanaraq 5 iyun 2020-ci il tarixindən ( 5iyun 2023-cü il tarixli qərarından əvvəlki 3 il nəzərə alınmaqla) 276,94 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti erqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, əmək pensiyasının məbləği 1 yanvar 2021-ci il tarixindən 308,51 manata, 1 yanvar 2022-ci il tarixindən isə 319,00 manata çatdırılmışdır. Qanuna 1 yanvar 2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım (200 manat) 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə zaxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 335,66 manata (319,00+16.66=335,66), eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 385,00 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Həmçinin, Qanunun 37.3.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan maddələriə əsasən işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyasına əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilirdi. Müraciətini araşdırılması zamanı məlum olmuşdur ki, 3 may 2007-ci il tarixindən 1 aprel 2015-ci il tarixinədək adınıza aktiv əmək müqaviləsi olduğu halda iddiaçıya əlilliyə görə əmək pensiyası tam məbləğdə (baza hissə+sığorta hissə) hesablanıb ödənilmişdir. Eyni zamanda, müvafiq xidməti araşdırma zamanı məlum olmuşdur ki, ilkin təyinat zamanı orta aylıq əmək haqqı əsasında pensiyanız düzgün hesablanmamışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tədbiq edilməklə əmək pensiyanızın məbləğində 5 iyun 2020-ci il tarixindən 31 avqust 2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir.

Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-də işlədiyi 1 noyabr 1999 - 17 aprel 2007-ci illərin sığorta stajına daxil edilməsi və həmin illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yeni hesablanmış pensiya məbləğinə uyğun olaraq əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2 iyul 2007-ci il tarixindən İİ dərəcə əlilliyi ilə əlaqədar olaraq əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra bir müddət, yəni 3 may 2007-ci il tarixdən 1 aprel 2015-ci il tarixədək müvafiq əmək müqaviləsi əsasında əmək fəaliyyətim davam etmişdir. 2015-ci ilin aprel ayından səhhətində yaranmış problemlərlə bağlı aktiv əmək fəaliyyətimi sonlandırmaq məcburiyyətində qalmışdır. Lakin cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayından etibarən ona verilən pensiya məbləği əsassız şəkildə azaldılmışdır. Cavabadeh əvvəlcə bunu 2007- 2015-ci illər ərzində əmək pensiyası məbləği ödənilərkən hesablamalarda yanlışlığa yol verilməsi ilə əsaslandırmağa çalışmışdır. O, cavabdehə sığorta stajının düzgün hesablanmadığı ilə bağlı müraciət etdikdə isə cavabdeh nəinki nəzərə alınmamış, iş illərini sığorta stajıma daxil etməmiş, əksinə müraciətimə cavab olaraq 5 iyun 2020-ci ildən 31 avqust 2023-cü ildək onun əmək pensiyasında artıq ödəmənin aşkar olunduğunu bildirmişdir. Halbuki, əmək pensiyası təyin edilərkən mənim MMC-də işlədiyi illər nəzərə alınmamış və pensiya təyin edilməsi üçün əsas götürülən sığorta stajıma daxil edilməmişdir. Belə ki, 1 noyabr 1999-cu ildən sürücü peşəsi üzrə işə qəbul edilmiş və 17 aprel 2007-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Onun adı çəkilən müəssisədə işlədiyi 7 il 5 ay 17 gün iş stajı pensiya təyin edilərkən sığorta stajına daxil edilməmişdir. Cavabdeh bunu müvafiq arxiv sənədlərinin aşkar edilməməsi ilə əlaqələndirmişdir ki, bu da tamamilə əsassızdır. Çünki o, işlədiyi müəssisələrdə ssxlamlmalı olan arxiv sənədlərinin aşkar edilib-ediməməsindən əziyyət çəkməməli və həmin sənədlərin saxlanılmasına görə məsuliyyət daşımadığı üçün onların tapılmaması da hüquqlarını və qanuni maraqlarını pozmamalıdır. Hesab edir ki, yuxarıda sadaladığı iş illəri pensiya təyin edilməsi üçün nəzərə alınan staja daxil edilməlidir və bu zaman sığorta stajı artdığından, pensiya məbləği də həmin staja uyğun yenidən hesablanmalıdır.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Qanunun 1.0.2, 3.1, 21.1, “İnzibati icraat haqqında” Azərbaycan respublikası Qanunun 12.2, 13, 15.2, 24.1-ci maddələrinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 34.1, 46-cı maddələrinə istinad olunmuşdur.

7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, Qanunun həmin tarixdən orta aylıq əmək haqqı əsasında İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasının surətinə əsasən 19 oktyabr 1979-cu il tarixdən 22 noyabr 1981-ci il tarixədək hərbi xidmət dövrü, 16 oktyabr 1978-ci il tarixdən 4 oktyabr 1979-cu il tarixədək, 20 yanvar 1982-ci il tarixdən 16 fevral 1962-ci il tarixədək, 1 mart 1982-ci il tarixdən 3 yanvar 1983cü il tarixədək, 6 yanvar 1983-cü il tarixdən 25 avqust 1983-cü il tarixədək, 22 sentyabr 1983-cü il tarixdən 19 fevral 1985-ci il tarixədək, 1 noyabr 1999-cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək, “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Binəqədi rayon 1 nömrəli filialının 13 №li 15 noyabr 2023-cü il tarixli arayışına əsasən (əmək haqqı ödənilən dövrlər və hər il üzrə bir ay məzuniyyət dövrü nəzərə alınmaqla) 21 fevral 1985-ci il tarixdən 1 avqust 1986-cı il tarixədək, 1 sentyabr 1986-cı il tarixdən 1 oktyabr 1986-cı il tarixədək, 1 dekabr 1986-cı il tarixdən 18 avqust 1993-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 20 il 5 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği 20 il 5 ay 2 gün sığorta stajı və 2004-2005-ci illər üzrə 2.288 manat əmək haqqına əsasən yenidən hesablanaraq 2019-cu il üzrə 271,47 manat müəyyən edilmişdir: Orta aylıq əmək haqqı - 2288:24=95,33 20 il 5 ay 2 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi heablana.n zaman orta aylıq əmək haqqının 48%-i nəzərə alınır və baza hissə çıxıldıqdan sonra yerdə qalan 20,76 manat sığorta hissə hesab edilir. (95,33+95,33x48%)-25(baza hissə)+5,54 (əlilliyə görə əlavə)=26,30 manat Orta aylıq əmək haqqı və sığorta stajı nəzərə alınmaqla hesablanan əmək pensiyasının 26,30 manat sığorta hissəsinin xx.xx.2019-cu il tarixə indeksləşdirilmiş məbləği 62,09 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2007-ci il tarixədək qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi 8,38 manat və 1 iyul 2007-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 1 mart 2015-ci il tarixədək qeydə alınmış pensiya kapitalına əsasən isə əmək pensiyasının sığorta hissəsi 81,24 manat təşkil edir (1 yanvar 2019-cu il tarixinə indeksləşdirilmiş məbləğ). Qeyd olunanlara əsasən illər üzrə əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: - 119,76 (baza hissə)+62,09+8,38+81,24=271,47 manat - 271,47+271,47x16,6%=316,53 - 316,53+316,53x11.4%=352,62 - 352,62+352,62x3,4%=364,61 - 364,61+(200:12)=381,28, 381,28+381,28x14,7%=437,31 - 437,31 +437,31 x11,2%=486,29 İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi tarixdən etibarən onun 1 noyabr 1999-cu il tarixdən 17 aprel 2007-ci il tarixədək MMC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil edilmişdir.

Tərəflərin iştirakı və izahatları:

10. Məhkəmənin iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazını müdafiə edərək bildirmişdir ki, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

14. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:

17. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdeh orqanın etirazında qeyd edilən dəlillər əsaslı olduğundan, iddia mümkün sayılmamalıdır.

18. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, “4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.”

19. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

20. Mübahisə predmeti – iddiaçının MMC-də işlədiyi 1 noyabr 1999 – 17 aprel 2007-ci illərin sığorta stajına daxil edilməsi və həmin illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yeni hesablanmış pensiya məbləğinə uyğun olaraq əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

21. Cavabdeh orqan etirazında iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi tarixdən etibarən onun 1 noyabr 1999-cu il tarixdən 17 aprel 2007-ci il tarixədək MMC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil edildiyini əsas gətirərək, iddia tələbini mümkün hesab edilməməsini xahiş etmişdir.

22. Göründüyü kimi, hazırki halda iddia tələbi konkretdir və məhkəmə araşdırması bu konkret tələbin cavabdeh orqan tərəfindən bildirildiyi kimi pensiya təyin edilən zaman nəzərə alınıb-alılnmamasını müəyyən etməkdən ibarətdir.

23. Məhkəmə tərəfindən mübahisəli halı araşdırmaq üçün müvafiq sorğular cavabdeh orqana göndərilmişdir.

24. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2025-ci il tarixli, 2-17-1/2-20234/2025 saylı məktubda sorğuya münasibətdə aşağıdakılar qeyd olunmuşdur: İddiaçıya Fondun keçmiş Abşeron rayon şöbəsi tərəfindən 2 iyul 2007-ci il tarixindən əlilliyə görə əmək pensiyasının təyin edilmişdir. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən 19 oktyabr 1979-cu il tarixindən 22 noyabr 1981-ci il tarixinədək hərbi xidmət dövrü, 16 oktyabr 1978-ci il tarixindən 4 oktyabr 1979-cu il tarixinədək, 20 yanvaar 1982-ci il tarixindən 16 fevral 1982ci il tarixinədək, 1 mart 1982-ci il tarixindən 3 yanvar 1983-cü il tarixinədək, 6 yanvar 1983cü il tarixindən 25 avqust 1983-cü il tarixinədək, 22 sentyabr 1983-cü il tarixindən 19 fevral 1985-ci il tarixinədək, 1 noyabr 1999-cu il tarixindən 1 yanvar 2006-cı il tarixinədək, “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Binəqədi rayon 1 nömrəli filialının 13 №li 15 noyabr 2023-cü il tarixli arayışına əsasən (əmək haqqı ödənilən dövrlər və hər il üzrə bir ay məzuniyyət dövrü nəzərə alınmaqla) 21 fevral 1985-ci il tarixindən 1 avqust 1986-cı il tarixinədək, 1 sentyabr 1986-cı il tarixindən 1 oktyabr 1986-cı il tarixinədək,1 dekabr 1986cı il tarixindən 18 avqust 1993-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixinədək 20 il 5 ay 2 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixindən 1 aprel 2015-ci il tarixinədək qeydə alınan 8.389,57 manat (2015-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı pensiyanın hesablanması zamanı nəzərə alınmışdır. “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Binəqədi rayon 1 nömrəli filialının 13 №li 15 noyabr 2023-cü il tarixli arayışına əsasən, adıçəkilən şəxs 18 avqust 1993-cü il tarixində işdən azad edildiyindən ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan 18 avqust 1993-cü il tarixindən 3 avqust 1999-cu il tarixinədək olan dövrün və 1986-cı il üzrə 3 ay əmək haqqı qeydə alınmayan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

25. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi tarixdən etibarən onun 1 noyabr 1999-cu il tarixdən 17 aprel 2007-ci il tarixədək MMC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil edilmiş olması öz təsdiqini tapdığı üçün, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının yuxarıda qeyd edilən bəndlərində nəzərdə tutulmuş hallar, yəni iddiaçının hüququnun həqiqətən pozulması, onun hüquqlarına aşkar müdaxilənin olması öz təsdiqini tapmadığından, bunu əksinə təsdiq edən heç bir sübut da məhkəməyə təqdim edilmədiyindən, iddia mümkün sayıla bilməz.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı ““X2 LTD” MMC-də işlədiyi 1 noyabr 1999 - 17 aprel 2007-ci illərin sığorta stajına daxil edilməsi və həmin illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yeni hesablanmış pensiya məbləğinə uyğun olaraq əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar